"Tələb və tövsiyələrə əməl etməli olduğumuzu dərk etməliyik" ŞƏRH-ÖZƏL

“Koronovirusla mübarizə istiqamətində bu gün dövlət səviyyəsində bütün zəruri imkanlardan istifadə olunur. Eyni zamanda istər Azərbaycan həkimləri, istər polislər, istərsə də Operativ Qərargah işçiləri böyük bir bəşəri missiyanın öhdəsindən ləyaqətlə gəlirlər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, xalq olaraq biz də özümüzdə məsuliyyət hissimizi gücləndirməli və cəmiyyətimizin sağlamlığı naminə öz əlimizdən gələni etməliyik: “Bu isə ən sadə qaydalara riayət etməkdən ibarətdir. Hamımız ən sadə həqiqətləri dərk edib, ümumi səylərimizi ortaya qoyaraq bu çağırışın da öhdəsindən gəlməliyik".

Politoloq söyləyib ki, fərd olaraq bu günlərdə özümüzdən tələb etdiyimiz birinci xüsusiyyət məhz məsuliyyət olmalıdır: “Əgər mənim məsuliyyətimin bitdiyi yerdə digər bir şəxsin sağlamlığı başlayırsa deməli vətəndaş olaraq ən sadə gigiyena qaydalarına və müvafiq qurumlar tərəfindən qoyulan tələb və tövsiyələrə əməl etməli olduğumuzu dərk etməliyik. “Mən qorxmuram, mənə bir şey olmaz” sözü “məni sancmayan ilan min il yaşasın” məsəli ilə eyni mənanı kəsb edir. Bu “ilan” mənim, sənin ailəndən bir nəfəri zəhərləsə, bu əvvəla cəmiyyətin, daha geniş kontekstdə bəşəriyyətin sağlamlığı üçün təhlükədir. Çünki bu məsələ zəncirvari bir prosesdir. Bundan əlavə, hər kəs dərk etməlidir ki, zəruri ehtiyaclar olmadığı halda özümüzün, ailəmizin və cəmiyyətimizin təhlükəsizliyi üçün evdə qalmalıyıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə