Ermənistan narahatdır, Azərbaycan krizdən istifadə edə bilər ÖZƏL - AÇIQLAMA

"İndi Dağlıq Qarabağda hər şey ola bilər. Orada virus da yayıla bilər və Azərbaycana bununla bağlı müraciət də edilə bilər. Çünki, indi orada əhali çox narahatdır. Buna görə də biz hər şeyə hazır olmalıyıq". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu Dağlıq Qarabağda qondarma seçkilər və koronavirusla bağlı yaranmış vəziyyəti şərh edərkən deyib.

O bildirib ki, Dağlıq Qarabağda yaranmış vəziyyəti daha çox Azərbaycanın prizmasından dəyərləndirmək aktualdır, yəni, yaranmış proseslər fonunda Azərbaycan ön plana çıxır:

"Dağlıq Qarabağda qondarma seçkilərin keçirilməsinin əleyhinə olanlar koronavirus krizini gündəmə gətirirlər. Burada onların əsas qorxusu Azərbaycanla bağlıdır. Çünki, əgər Dağlıq Qarabağda koronavirus pandemiyası yayılarsa Azərbaycanın vəziyyətdən istifadə edəcəyini düşünürlər. Əslində, Azərbaycanın vəziyyətdən istifadə etmək imkanı var. Əgər, Dağlıq Qarabağda pandemiya yayılsa bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatına müraciət edilməlidir və dərhal kiçik bir ekspert qrupu belə Dağlıq Qarabağa göndərilsə hökmən Azərbaycanın icazəsi alınmalıdır. Ermənistan bu haqda danışmasa da, onlar üçün vurğuladığımız fakt böyük qorxu yaradır. Eləcə də qondarma seçkilərin nəticəsi birbaşa olaraq Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi ilə əlaqəlidir. İlk dəfədir ki, Dağlıq Qarabağda keçirilən qondarma seçkilərdə Ermənistan arialından başqa heç bir xarici ölkə nümayəndəsi iştirak etməyib. Bu vaxta qədər keçirilən qondarma seçkilərdə ya ABŞ, ya Fransa, ya da Avropa Birliyi ölkələrindən ermənilər və ya ermənilərin təşkil etdiyi adamlar, jurnalistlər və siyasilər orada monitorinq aparırdılar. İlk dəfədir ki, orada ermənilərdən başqa heç bir ölkənin nümayəndəsi iştirak etmir".

Hazırda Ermənistanda çox maraqlı bir vəziyyətin yarandığını vurğulayan siyasi ekspert əlavə edib ki, hətta indiki halda ATƏT-in monitorinq missiyası belə qondarma seçkilərdə iştirak etməyib:

"Dağlıq Qarabağda keçirilən seçkilərin nəticəsi və seçiləcək şəxsin statusu ATƏT-in Minsk qrupu üçün bundan öncəki qondarma qurumun prezidentlərinin statusu qədər belə olmayacaq. Ermənistanın bütün ağıllı adamları bunu bilir. Buna görə də, Ermənistanda çox həyəcanlı vəziyyət yaranıb.

Ermənilərin əlində iki istiqamət mövcuddur. Qarabağ klanı istəyir ki, qondarma seçkilərdə Vitali Balasanyan seçilsin. Onlar düşünürlər ki, əgər Azərbaycan Ermənistana müharibə elan etsə, bu müharibəyə Balasanyan cavab verməlidir. Paşinyan isə əksinə çalışır ki, Balasanyanı həbs elətdirsin və bu istiqamətdə hazırlıq da gedir. Balasanyan üçün artıq iki cinayət işi açılıb. Paşinyan və İrəvandan gələnlər isə Masis Maliyanı dəstəkləyirlər.

Paşinyan beynəlxalq ictimaiyyətə söz verib ki, 31 mart seçkilərindən sonra Dağlıq Qarabağ üzrə danışıqlar intensivləşəcək. Paşinyan elə buna görə Maliyanı dəstəkləyir çünki, Avropa Maliyanı tanıyır və bilir ki, o danışıqçıdır. Eyni zamanda Paşinyan bilir ki, Maliyanı Dağlıq Qarabağda ailəsindən başqa heç kəs tanımır və onun populyarlığı yoxdur, Maliyanın sadəcə quru intellekti var. Buna görə, Paşinyan Maliyanı dəstəkləyir".

Mübariz Əhmədoğlu qeyd edib ki, Azərbaycan siyasiləri indi hər şeyə hazır olmalıdır: "İndi hər şey ola bilər. Dağlıq Qarabağdan ordunu da işə sala bilərlər, orada virus da yayıla bilər və Azərbaycana bununla bağlı müraciət də edilə bilər. Çünki, indi orada əhali çox narahatdır. Dağlıq Qarabağ bizim tərkib hissəmizdir. Buna görə də biz hər şeyə hazır olmalıyıq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə