"Ermənistan özünə xal qazanmağa çalışır" AÇIQLAMA-ÖZƏL

"Ermənistan özünə xal qazanmağa çalışır" AÇIQLAMA-ÖZƏL

“Hazırda Ermənistanda, eləcə də işğal olunmuş Dağlıq Qarabağda “mühüm” proseslər gedir. Birinicisi, düşmən ölkədə konstitusiyaya dəyişikliklə əlaqədar referenduma hazırlıq, digər tərəfdən də separatçı rejim qondarma prezident seçkilərinə hazırlaşır. Təbii ki, burada Paşinyan və Ermənistanın hakim komandasının da maraqları var”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Hadisələrin Ermənistanın indiki liderinin nüfuzunun aşağı enməsi mərhələsində baş verdiyini deyən politoloq söyləyib ki, Paşinyan cəmiyyətin diqqətini yayındırmaq, reytinqini qaldırmaq üçün təxribatalara əl atır: “Ermənistan rəhbərliyi düşünür ki, hər dəfə cəbhə və ya təmas xəttində müxtəlif təxribatlara əl atmaqla hərbi ritorika ilə nüfuzunu qoruyub saxlaya bilir. Oradakı siyasi qüvvələr bir sözlə ifadə etsək baş verənlərdən istifadə etməklə özlərinə xal qazanmağa çalışırlar”.

O bildirib ki, Ermənistanda keçiriləcək seçkilərdə məlum olduğu kimi Paşinyan öz adamlarını görmək istəyir: “Ona görə də müxtəlif yollarla gərginlik yaradaraq sübut etmək istəyir ki, guya ölkədə sabitliyin təminatçısı məhz özüdür. Əgər İrəvanın adamları hakim kürsüdə əyləşsələr bu təminat daha da güclənə bilər”.

İ.Vəlizadə söyləyib ki, Ermənistan Türkiyə Rusiya gərginliyindən istifadə edərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mənfəət qazanmaq istəsə də, bunu edə bilmədi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə