“Ölkədə ötən ildən başlanan sosial və kadr islahatları davam edir. Bu islahatlar qanunverici orqana növbədənkənar seçkilərlə müşayiət olundu və məhkəmə-hüquq islahatları ilə paralel aparılır. Aparılan islahatlara icra hakimiyyətləri də daxildir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, ölkə başçısı yeni düşüncəli, istedadlı gəncləri vəzifələrə təyin edir, onların qarşısında dəqiq hədəflər qoyur: “Dövlət başçısı son təyin olunan yeni icra başçıları ilə görüşdə də dövlətin gənclərdən gözləntisini də bir daha aydın şəkildə izah etdi. Artıq icra başçıları tam yeni zehniyyətlə fəaliyyət göstərməlidir. Onlar yalnız regionun sosial imkanalrını genişləndirməməli, investisiya cəlbetmə mexanizmlərini də mənimsəməlidirlər. Bütün bunların fonunda icra başçıları həm də menecerlik qabiliyyətləri yüksək olan savadlı kadrlar kimi özlərini göstərməlidirlər. Ölkə başçısı bütün bunları nəzərə alaraq karyerasında uğurlar əldə edən istedadlı və bacarıqlı gəncləri icra başçısı təyin edir.”
Korrupsiyaya qurşanan məmurların cəzalandırıldığını deyən politoloq söyləyib ki, onların yerinə keçmişi təmiz, qabiliyyətli və bacarıqlı gənclər rəhbər postlara təyin olunur: “Cənab Prezidentin iradəsi nəticəsində ölkədə kadr islahatları davam edir. Ölkə başçısı gənclərlə görüşündə də bir daha vurğuladı ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır. Bu siyasət şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək. O, bildirdi ki, kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir”.
T. İsmayılov əlavə edib ki, bütün məmurlar ölkə başçısından örnək almalı, xalqın sevgisini qazanmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB