İngiltərənin Nyukasl Universitetində “Azərbaycan Günü” keçirilib

İngiltərənin Nyukasl Universitetində “Azərbaycan Günü” keçirilib

ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan tələbələr beynəlxalq aləmdə Azərbaycanın imicinin yüksəldilməsi işinə mühüm töhfə verirlər. Gənclər oxuduqları universitetlərdə təbliğat xarakterli müxtəlif tədbirlər keçirməklə ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əllərindən gələni əsirgəmirlər.

Bu işdə təqaüdçüləri dəstəkləyən ARDNŞ onlara təbliğat üçün lazımi materiallar - kitab və broşurlar, müvafiq disklər, poster və bayraqlar göndərir, keçirilən tədbirlərin əyaniliyini və effektivliyini artıran vəsaitlərlə tələbələri təmin edir.

ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, bu silsilədən olan növbəti tədbir martın 23-də, Novruz bayramı münasibəti ilə İngiltərənin tanınmış Nyukasl Universitetində keçirilib. ARDNŞ-nin təqaudçüləri Babək Beydullayev və Ənvər Dəmirovun, habelə Nyukasl şəhərində təhsil alan daha 12 azərbaycanlı tələbənin təşkilatçılığı ilə "Azərbaycan–Odlar Yurdu" adlı iki hissəli tədbir iştirakçıların böyük marağına səbəb olub.

Tədbirdə Nyukaslda yerləşən universitetlərdən 80-ə yaxın müəllim və tələbə iştirak edib. Əvvəlcə tələbələrdən Natəvan Əliyeva və Türkan Sadiqova təqdimatla çıxış edərək qonaqlara Azərbaycanın tarixi, coğrafiyası, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları və gələcək inkişaf perspektivləri barədə slaydlar təqdim ediblər.

Tədbirdə çıxış edən azərbaycanlı gənclər əcnəbi yoldaşlarına dövlətimizin beynəlxalq arenadakı rolu, Qarabağ problemi və onun sülh yolu ilə həlli istiqamətində dünya dövlətləri və beynəlxalq təşkilatlarla aparılan genişmiqyaslı diplomatik işlər, müasir dövlətçiliyimizin bərqərar olmasında ümummilli lider Heydər Əliyevin rolu və ölkəmizin son illərdə əldə etdiyi iqtisadi inkişafda Azərbaycan Respublikasının Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, reallaşdırılan perspektivli layihələr haqqında ətraflı məlumat verilib.

Tədbirin ikinci hissəsi əcnəbi qonaqların milli mətbəximizlə tanışlığına həsr olunub. Furşet zamanı onlara Novruzun atributları sayılan şirniyyatlar təqdim olunub.

Mərasimin sonunda iştirakçıların hər birinə ölkəmiz haqqında jurnal və digər çap məhsulları hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə