"Paşinyan debatda rüsvay oldu" MÖVQE-ÖZƏL

“Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Prezident İlham Əliyevi Azərbaycanın konstruktiv mövqeyini nümayiş etdirməklə yanaşı, eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında arqumentlər qoydu”. Bu fikirləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

O bildirib ki, Ermənistan baş naziri tarixi faktları inkar etməyə cəhd etməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiki danışıqlar formatının hüquqi aspektlərini tam anlamadığını nümayiş etdirməklə həm ölkə rəhbəri olaraq səviyyəsini, həm də Ermənistanın münaqişənin həllinə münasibətini açıq şəkildə göstərmiş oldu.

Ekspert söyləyib ki, dünya ictimaiyyəti qarşısında həyata keçirilən debat bütün həqiqətləri ortaya qoydu: “Düzdür, Dağlıq Qarabağ münaqişəsi bir məsələ ilə həll olunan problem deyil. Lakin Münxendə baş verənlər problemin həllinə dair atılan çox mühüm addımlardan biri idi”.

Münxendə baş verənlərdən sonra Ermənistanın baş nazirinin reytininqinin daha da aşağı düşdüyünü deyən T. Vahabov qeyd edib ki, Paşinyan debatda açıq şəkildə Azərbaycan Prezidenti qarşısında rüsvay oldu: “Bütün bunlar əlbəttə ki, Ermənistanın imicinə böyük xələl gətirməklə yanaşı, ölkə cəmiyyətinində fikirlərinə də böyük təsir edir. Bundan sonra Ermənistan cəmiyyəti tərəfindən Paşinyana qarşı ciddi narazılıq artmaya bilməz”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə