"Münhen debatı İlham Əliyevin apardığı xarici siyasətin qələbəsidir" - AÇIQLAMA

Prezident İlham Əliyev Azərbaycan və Ermənistan rəhbərlərinin Münhendə iştirak etdikləri panel müzakirələrdə Ermənistanın baş naziri Nikol Paşinyana həm siyasətdən, həm də tarixdən, həm də diplomatiyadan dərs verib. Bunu SİA-ya açıqlamasında politoloq, siyasi şərhçi Arzu Nağıyev deyib.

Təxminən 50 dəqiqəlik görüşdə cənab Prezident konkret faktları əsas gətirməklə tarixdə Ermənistanla bağlı məqamların nədən ibarət olduğunu beynəlxalq aləmə bir daha göstərdiyini deyən A.Nağıyev bildirib ki, görüşdə Paşinyan tarixin Ermənistanla bağlı hissəsini gizlətməyə və ya başqa rakursdan çıxış etməyə çalışıb. “Amma cənab Prezidentin ortaya qoyduğu dəqiq və müsbət istiqamətə yönəlmiş faktların qarşısında Paşinyan aciz qalıb və çıxılmaz vəziyyətə düşüb. Hətta Paşinyan o dərəcəyə gəlib ki, öz çıxışında Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edib sonradan sözünü dəyişməklə müxtəlif variantlara əl atıb”.

Politoloq qeyd edib ki, ən maraqlı məqamlardan biri isə Xocalı faciəsi ilə bağlı olub: “Eks-prezident Ayaz Mütəllibovun Xocalı ilə bağlı dediklərinin erməni jurnalistləri tərəfindən təhrif olunmuş formada verilməsini Paşinyanın "fakt" kimi qabartmasına da cənab Prezident tutarlı cavab verib. Nəticə etibarı ilə Paşinyan burda da deməyə tutarlı söz tapmayıb”.

Siyasi şərhçi nəzərə çatdırıb ki, Prezident ATƏT-in Minsk Qrupu həmsədrlərinə də ismarış verib: “Belə ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan qurumlar Ermənistana təzyiq göstərməli və başa salmalıdır ki, bu torpaqlar əbədi və əzəli Azərbaycan torpaqlarıdır. Dövlət başçısı görüşdə XVIII əsrdən tarixi faktlar gətirərək ermənilərin Azərbaycan ərazilərinə necə köçürüldüyündən də danışıb. Prezident İlham Əliyev bu tarixi faktları açıqlamaqla bütün dünyaya göstərib ki, problemin tək həlli erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, yalnız bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı bəyanatların verilməsidir".

Politoloq vurğulayıb ki, bu debat bir daha dünyaya Dağlıq Qarabağ məsələsinin həllində status-kvonu saxlamağa çalışan məhz erməni tərəfinin və onların arxasında duran müəyyən qüvvələrin olduğunu bəyan edib: "Düşünürəm ki, cənab Prezidentin bu debatdakı çıxışı dünyaya bir görk olub və sübut edib ki, Dağlıq Qarabağ probleminin həllində status-kvonu saxlamaqla ermənilər vaxtı uzatmağa çalışır. Ermənilərin bu prosesi uzatmaqda məqsədi isə odur ki, hansısa dövlətlər qondarma rejimi tanısınlar. Hesab edirəm ki, cənab Prezidentin bu çıxışı Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən və dünyaya agah olunan ən mühüm çağırışlardan biridir. Bu, həm Azərbaycanın xarici diplomatiyasının, həm də Prezident İlham Əliyevin apardığı xarici siyasətin qələbəsidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə