Radikalların seçki uğursuzluqları və yanlışlıqları TƏHLİL

Radikalların seçki uğursuzluqları və yanlışlıqları TƏHLİL

Azərbaycanda bu vaxta qədər çoxlu sayda seçki keçirilib və xalqımızın kifayət qədər seçki təcrübəsi var. Bu dəfə də vətəndaşlarımızın təcrübəsi bir az da artdı və hətta ölkə vətəndaşı daha bir yeniliyin də şahidi oldu və kütləvi maraq da doğurdu. Sual oluna bilər ki, nədi bu yenilik və marağa səbəb olan? Əslində, seçki prosesinə, parlament seçkilərinə heç zaman müşahidə olunmayan bu qədər çox sayda vətəndaşın namizəd olaraq qatılması qeyd olunan marağın isbatıdır.

Yenilik dedikdə çoxları, məsələn radikal müxalifət düşərgəsi tərkibin yenilənməsi kimi başa düşür. Radikallar elə zənn edirlər ki, parlamentdə yenilik dedikdə, bu zamana qədər seçilən bütün deputatların Milli Məclisdən uzaqlaşdırılıb, yalnız onların nümayəndələrinin millət vəkili seçilməsi başa düşülməlidir. Amma, qeyd etdiyimiz kimi, bu onların ağlının məhsulu, onların düşüncəsidir və bu düşüncə kökündən yanlışdır. Onların ən böyük yanlışlıqları ondan barətdir ki, tərkibi dəyişməklə mahiyyətin olduğu kimi qalmasının heç də dəyişiklik sayılmadığını anlaya bilmədilər. Anlaya bilmədilər ki, ən böyük dəyişiklik tərkib deyil, mahiyyət dəyişikliyidir və bu mahiyyət dəyişikliyi sayəsində də aparılan islahatlara Milli Məclis adekvad cavab verə biləcək, ölkə vətəndaşının qayğılarını, həlli vacib məsələlərini işıqlandırmaq imkanı əldə edəcək.
Seçkiqabağı kampaniyanı xatırladıqda görürük ki, namizədlər, ələlxüsus hakim partiyanın namizədləri seçicilərlə mütəmadi görüşlər keçirir, dərin ünsiyyət qururdular. Əslində, bu ünsiyyət heç də sadəcə seçki prosesi üçün vacib hesab olunmur və ən çox ona dəlalət edir ki, millət vəkili xalqın arasındadır və xalq ona etibar edir. Eyni zamanda, seçiləcək namizədlərin əvvəlcədən xalqla yaxın təması gələcəkdə onun bu xalqın vəziyyətindən, ehtiyaclarından xəbərdar olması deməkdir. Bu da nəticə etibarı ilə ictimaiyyəti, Azərbaycan cəmiyyətini maraqlandıran məsələlərin dövlət, Milli Məclis səviyyəsində işıqlandırılması, həlli deməkdir ki, yenilik də məhz burur.
Digər tərəfdən bir məsələni də diqqətə çatdırmaq yerinə düşərdi ki, bu seçkilər öncəsi namizədlərin xalqla yaxından təması, yekunda onlara olan etimad, etibar və seçkilərdə qələbələri real fəaliyyətin virtual “qəhrəmanlıq”dan daha məqsədəuyğun və effektiv olduğunu təsdiqlədi. Daha açıq desək, ölkə vətəndaşı “virtual pəhləvanlıq” kimi bir fəaliyyəti qəbul belə etmədi. Azərbaycan vətəndaşı sosial şəbəkələrdə yalançı vədlər verən, özünü qəhrəman kimi sırımağa çalışan namizədlərə deyil, real şəkildə ölkə vətəndaşı ilə görüşən, onun qayğıları ilə maraqlanan, etimadını qazanan və ictimai maraqlara xidmət edən namizədlərə üstünlük verdi, seçim zamanı da bu əsas meyara çevrildi.
İslahat, yenilik sözünü yanlış anlayan müxalifət düşərgəsinin radikalları bir anda “mövsümi aktiv fəaliyyət” nümayiş etdirməyə, sosial şəbəkələrdə “fəallığa” başladı. Yenilik sözünü eşidən blogerlər belə namizədliklərini irəli sürdülər və seçki kompaniyasına qoşuldular. Burda qeyri-adi, yaxud qeyri-qanuni heç nə yox idi deyə, dövlətimiz vətəndaşlara tam bərabər hüquq verir deyə onların seçkiyə qatılmasına heç bir maneə olmadı. Ədalətli şəkildə hər kəsə seçki kampaniyasında iştirak etmək hüququ verildi, bərabər şərait belə yaradıldı. Amma bu heç də o demək deyildi ki, elə ucdantutma hamı deputat mandatı əldə edəcək. Bəzi blogerlərdə çaşqınlıq yaranmışdı və elə zənn edirdilər ki, hamısı bir ucdan seçiləcək və Milli Məclisdə özlərinə yer qazanacaqlar. Amma nəzərə almaq lazım idi ki, deputat mandatını məhdud sayda insan əldə edə bilər və heç də 1314 nəfərin hamısı millət vəkili ola bilməz. Onların bu yanlış gözləntiləri öz yanlışlığını təsdiq etdiyi anda, yəni seçkilər bitdikdən və onların seçilmədiyi bəlli olduqdan sonra bir aqressiya mühiti formalaşdı. Formalaşan bu aqressiya özü də onların yanlışlığının təsdiqidir. Əks halda, bu məğlubiyyətlərini anlayışla qarşılayardılar. Anlayışla qarşılayardılar ki, Milli Məclis bloger, sosial şəbəkə iştirakçısı məclisi deyil və sosial şəbəkələrdə cızma-qara yazmaqla millətin vəkili olmaq arasında kəskin fərq var.
İndi Mehman Hüseynov kimi qaraguruhçu, demokratiya sözünü anarxiya ilə qarışdıran istifadəgir seçkiləri özü üçün münbit şərait hesab edirdisə, o da yanıldığını dərk etməlidir. Doğrudur, özü hamıdan yaxşı bilirdi ki, onun millət vəkili olmaq şansı sıfıra bərabərdir və məhz buna görə də ancaq seçki prosesindən divident qazanmağa köklənmişdi və bununla da kifayətlənirdi. Məğlubiyyətini tam şəkildə anlayan və qəbul edən Mehman seçki məntəqəsində hay-küy qoparmağı özünə qazanc bilirdi və dərk edirdi ki, bundan başqa yolu da yoxdur. Bu seçkilər ona da, onun timsalında digərlərinə də layiqli cavab verdi və bildirdi ki, “bloger”, “siyasi fəal” kimi “statuslar” sosial şəbəkədən kənarda, ölkənin real siyasət məkanında hansısa çəkiyə malik deyil.
Əgər hansısa bloger, yaxud özünü müxalifətçi hesab edən radikal seçki prosesində rast gəldiyi, ya da müşahidə etdiyi qüsuru siyasiləşdirmək istəyirsə, yenə də bərk yanılır. Əvvəla, istənilən seçkidə qüsurların olması normaldır və heç bir dünya ölkəsində qüsursuz seçkidən danışmaq mümkün deyil. Digər tərəfdən, əgər MSK bu qüsurları danarsa, faktları görməzliyə vurarsa, bu zaman ciddi neqativ hal sayıla bilər və yalnız o zaman məsələni siyasiləşdirməyə haqq qazandırmaq olar. Məsələ burasındadır ki, axı MSK pozuntu faktlarına olduqca həssas yanaşır və bütün pozuntuların nəzərə alınacağını və günahkarların cəzalandırılacağını da bəyan edir. Belə olan halda məsələnin siyasiləşdirilməsi yolverilməzdir və buna kimsənin cəhd etməsi də digər bir yanlışlıqdır. Hər kəsə bəllidir ki, seçkidə saxtakarlığa, qəbul olunmaz hansısa hala yol vermək qanun pozuntusudur və buna görə də hüquqi müstəvidə cavab verilməlidir. Buyursunlar, bu pozuntuları yaradanlar qanun qarşısında cavab versinlər. Bunu siyasiləşdirib dövlətin adına çıxmaq heç bir məntiqə sığmır, çünki belə halların hüquqi baxımdan tənzimlənməsini də məhz dövlət, dövlətin hüquq mühafizə orqanları təmin edir.
Başqa bir məqam da bu anda diqqəti cəlb etməyə bilmir. Beləki, əvvəla seçki keçirilmədən öncə seçki bitdikdən sonra narazılıq aksiyasının keçirilməsi barədə radikalların anonsları da çox absurd səslənir. Soruşmaq eyib olmasın, bunlar əvvəlcədən hardan bilirdilər ki, seçki pozuntuları, qüsurlar olacaq və buna əvvəlcədən hansı məntiqlə hazırlıq görülürdü? Bunlar müxalifətçidirlər, blogerdirlər, yoxsa falçı? Elə gəlmirmi ki, bütün bunlar bəhanə axtarışı, yaxud qərəzli yanaşmadır? Yaxud, seçkidən sonra hardasa toplaşıb narazılıq bildirməklə hansı nəticəyə nail olmağa çalışırlar bunlar? Əvvəlcədən qondarma “baykot” nə idi, seçkidən sonrakı narazılıq nədir? Bunlar bir müstəviyə sığmayan məsələlərdir. Doğrudur, seçkiyə namizəd olaraq qatılanların sayı o qədər çox oldu ki, radikalların “baykot” bəhanələri, üdüzacaqlarına öncədən dongeyindirmələri ictimai diqqətdən belə tamam kənarda qaldı. Bunların “baykot” tendensiyası hər zamankından daha mənasız görkəm aldı. Əslində, onu da qeyd etmək yerinə düşərdi ki, bu “baykot” onlar üçün mənasız olduğu qədər, həm də onların hadisələrin nəbzini tuta bilmədikləri baxımından cəmiyyət üçün mənalı oldu. Seçkidən sonra isə keçirilən narazılıq aksiyaları məğlubiyyətə don geyindirməkdən, rüsvayçılıqdan sığortalanmaqdan başqa bir şey deyildi. Bunun da uğursuz olduğunu dərk edənlər, mənasız, nəticəsiz olduğunu anlayanlar sonda polisin bu narazılığa nəzarət etməsini bəhanə gətirmək kimi çıxış yolu seçdilər. Halbuki, bu da növbəti uğursuzluq və yanlışlıqdır. Çünki, Azərbaycan polisi aksiya keçirənlərə mane olmurdu və əslində onların özlərinin, eləcə də büütün ictimaiyyətin təhlükəsinin qarantı kimi iştirak edirdi. Polisin vəzifəsi asayişi qorumaq, təhlükəsizliyi təmin olduğunu dərk etməyənlər buna da don geyindirməyə çalışa bilərlərsə də, nəticədə bu istiqamətdə də səhvlərini anlamalı, heç olmasa etiraf etməlidirlər.
Kimlərinsə, hansısa radikal qüvvələrin, yaxud düşmən dəyirmanına su tökməyə çalışanların, ölkədəki islahatlara, keçirilən seçkilərə kölgə salmağa, qara yaxmağa çalışanların uğursuz cəhdləri olsa da, bu gün gözlənilən ciddi dəyişikliklərə cəmiyyətin münasibətini əks etməyə yüksək mənəvi-siyasi haqqı olan bir Milli Məclisin formalaşdığı günün reallığıdır. Formalaşan Məclisin, seçilən millət vəkillərinin islahatların daha sürətlə reallaşmasını, xalqın rəyini, istəyini təmin edəcəyi isə təkzi edilə bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə