Musa Qasımlı: “Milyonlarla Azərbaycan vətəndaşının pis vəziyyətə düşməsindənsə, bir neçə partiya haqqında qəti şəkildə ölçülərin götürülməsi vacibdir”- AÇIQLAMA

Musa Qasımlı: “Milyonlarla Azərbaycan vətəndaşının pis vəziyyətə düşməsindənsə, bir neçə partiya haqqında qəti şəkildə ölçülərin götürülməsi vacibdir”- AÇIQLAMA
"Siyasi partiyaların mövcudluğu, fəaliyyəti cəmiyyətimizin, ölkəmizin inkişafının ayrılmaz bir hissəsidir. Çünki Azərbaycan demokratik dünyəvi, hüquqi bir dövlətdir". Bu sözləri SİA-ya millət vəkili Musa Qasımlı açıqlamasında deyib. O bildirib ki, müxalifət partiyalarının fəaliyyəti üçün Azərbaycan qanunları ilə bütün şərait yaradılıb.
Onun sözlərinə görə, müxalifətin və istənilən siyasi partiyanın kütləvi aksiyalar keçirmək hüququndan sadəcə bir hüquq kimi qiymətləndirməməli, aksiyaları Bakı şəhər İcra Hakimiyyətinin müəyyənləşdirdiyi yerlərdə keçirməlidir.
M. Qasımlının fikrincə, hər bir siyasi partiya Bakı şəhər İcra Hakimiyyətinin müəyyənləşdirdiyi yerdə istənilən hadisə və prosesə öz münasibətini bildirə bilər. Demokratiyanın anarxiya olmadığını dilə gətirən millət vəkili söyləyib ki, indiki sabit şəraitdən istifadə edərək, mitinqlər vasitəsilə anarxiya yaratmaq cəhdləri birbaşa demokratiyaya təhdiddir. Onun sözlərinə görə, sabitlik olmayan yerdə demokratiya, demokratiya olmayan yerdə isə inkişaf ola bilməz.

"Belə olan təqdirdə soruşulur, qarmaqarışıqlıq, anarxiya olan yerdə Azərbaycan vətəndaşının, insanın ali hüququ olan yaşamaq hüququ necə qoruna bilər? Onun üçün məsuliyyəti kim daşıyır? Hesab edirəm ki, Azərbaycandakı radikal, məsuliyyətsiz müxalifətin hərəkətləri cəmiyyətin arzu və istəklərinin ifadəsi deyildir. Azərbaycan xalqı anarxiyanın və qarmaqarışıqlığın əleyhinədir. Əslində müxalifətin Azərbaycanda qarışıqlıq, hərc-mərclik yaratmaq üçün sosial bazası yoxdur. Belə olduqda soruşulur, müxalifət nə üçün belə hərəkət edir? Mən qəti əminəm ki, buna cəhd edən müxalifət qüvvələri xarici dairələrin işarəsi ilə hərəkət edirlər. Bu gün Ermənistanın Cənubi Qafqazda gizli bir dövlətə çevrilməsindən ötrü bir sıra beynəlxalq mərkəzlərdə layihələr hazırlanır. Ermənistanın Cənubi Qafqazda güclü dövlətə çevrilməsinin yolu Azərbaycanın zəiflədilməsindən keçir.
Bəs, Azərbaycanı necə zəiflətmək olar? Azərbaycanın zəiflətməyin yolu ölkədə sabitliyi pozmaq, anarxiya yaratmaq cəhdləri, ölkənin inkişafını qeyri- müəyyən istiqamətə yönəltmək, Azərbaycan vətəndaşında sabaha ümidsizlik aşılamaq, hakimiyyəti zəiflətməkdən ibarətdir. Belə olan təqdirdə Ermənistan güclənir, Dağlıq Qarabağ məsələsində mövqeləri möhkəmlənir, danşıqlar prosesi uzadılır, işğal olunmuş ərazilərdə düşmən ölkə qeyri-qanuni hərəkətlərini davam etdirir. Deməli, Azərbaycanda müxalifətin bütün iddiaları, qanunsuz mitinq keçirmək cəhdləri birbaşa Ermənistanın maraqlarına xidmət edir",- deyə millət vəkili qeyd edib.
Azərbaycanı anarxiyaya sürükləyən partiya və təşkilatların xarici qüvvələrin birbaşa maliyyəsi və təsir ilə hərəkət etdiyini xüsusi vurğulayan M. Qasımlı bildirib ki, bu gün xaricdə elə qüvvələr var ki, onlar Azərbaycanın bütün sərvətlərini çapıb, talamaq, ölkədə zəif hakimiyyətin olmasında maraqlıdırlar: "Onlar bunu maliyyələşdirdikləri bəzi müxalifət vasitəsilə həyata keçirmək istəyirlər. Mən hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən böyük nemət müstəqil dövlətçiliyimizdir. Səma bütün ölkələrdə mavi rəngdədir. Bütün ölkələrdə nöqsanlar var, sadəcə onlar bu və ya və başqa dərəcədədir. Amma Azərbaycan sosial, iqtisadi, siyasi, mədəni baxımdan bəzi ölkələrin 100 ildə keçdiyi yolun 20 ilə keçdiyini görməmək mümkün deyil.

Mən hesab edirəm ki, Azərbaycan vətəndaşları, xüsusilə gənclərimiz ölkəmizi anarxiyaya sürükləməyə çalışan qüvvələrə "yox" deməlidirlər. Mən inanıram ki, belə cəhdlər uğursuz olacaq. Dövlət belə cəhdlərin qarşısını qətiyyətlə almalıdır. Hakimiyyətlə güc ifadələri hər zaman bir yerdə olub. Ondan qətiyyən imtina etmək olmaz. Milyonlarla Azərbaycan vətəndaşının pis vəziyyətə düşməsindənsə, bir neçə partiya haqqında qəti şəkildə ölçülərin götürülməsi vacibdir. Çünki belə hərəkətlərin qarşısı zamanında, qətiyyətlə və vaxtında alınmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə