Salome Zurabişvili Azərbaycan-Gürcüstan münasibətlərindən danışdı

Yanvarın 28-də AŞPA-nın qış sessiyasının plenar iclası Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin seçkisi ilə davam edib. Plenar iclasda Polşada demokratik institutların funksiyasına dair hesabat dinlənilib və müzakirələr aparılıb. SİA xəbər verir ki, Polşada demokratik institutların funksiyasına dair hesabatın müzakirələri zamanı deputatlar fikirlərini bildiriblər.

Plenar iclasda çıxış edən Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsinin Nazirlər Komitəsinə sədrliyi dövründə görüləcək işlərdən söz açıb, bu müddətin uğurlu olacağına əminliyini bildirib. Bildirib ki, insan hüquqlarının və ətraf mühitin qorunması, vətəndaş cəmiyyətinin və vətəndaşların qərar qəbuletmə prosesində iştirakı, uşaqlara uyğun ədliyyə sisteminin yaradılması, təhsil, mədəniyyət və gənclər vasitəsilə demokratiyanın təşviqi Gürcüstanın Nazirlər Komitəsinə sədrliyinin prioritet sahələridir.

Sonra Gürcüstan Prezidenti deputatların suallarını cavablandırıb.

Azərbaycan ilə əməkdaşlıq barədə suala cavab verən Salome Zurabişvili bildirib ki, hər iki ölkənin son dərəcə strateji əhəmiyyətli bir regionda yerləşməsi onların yaxınlığının yalnız özləri üçün deyil, eləcə də Cənubi Qafqaz, Orta Asiya, həmçinin Yaxın və Orta Şərq üçün vacibdir.

Gürcüstanın Azərbaycanla əməkdaşlıq şəraitində həyata keçirdiyi enerji, nəqliyyat layihələri regionda sabitliyin təmin olunmasına, qonşu ölkələr arasında çoxistiqamətli səmərəli münasibətlərin inkişafına təkan verir.

Regionda belə əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün böyük potensialın olduğunu qeyd edən Gürcüstan Prezidenti Avropa İttifaqının da bölgəyə və bu münasibətlərə getdikcə daha çox diqqət ayırdığını, Gürcüstan ilə Azərbaycanın həyata keçirdiyi layihələrə maraq göstərən ölkələrin sayının artdığını vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan-Gürcüstan münasibətləri regionda sabitlik və inkişaf üçün etibarlı əsasdır.

AŞPA sessiyasının plenar iclasından sonra deputatlar Holokost Qurbanlarının Anım Günü münasibətilə təşkil edilmiş tədbirə qatılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə