"Bu gün Azərbaycan regionun lider dövlətidir" ÖZƏL-MÜNASİBƏT

“2019-cu ildə cənab Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar çox qabarıq şəkildə özünü göstərdi. Bu da təsadüfi deyil. Çünki 2018-ci ildə prezident seçkilərindən dərhal sonra cənab Prezident elan etmişdi ki, ortada böyük bir iradə qoyaraq böyük bir dəyişikliklərə gedəcəyik. Həmin islahatlar məhz oradan başladı". Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

"Əgər biz dərindən təhlil etsək, bu islahatlar kursunu bir ilə, iki ilə uyğunlaşdırmaq mümkün deyil. Çünki cənab Prezidentin özünün fəaliyyət tarixində, siyasi kariyerasında diqqət yetirsək, təhlil etsək görərik ki, burada yeniləmələr daimi olub. Yəni, 2003-cü ildən başlayaraq bu günə kimi baş verənləri, Azərbaycanda qurulan yeni mexanizmləri, aparılan dəyişiklikləri görsək baxarıq ki, ölkəmizdə bu islahatlar, dəyişmələr və yeniliklərin tətbiq olunması daimi olub. Gəlin elə, media sahəsini götürək. 2008-ci ildə Dövlət Dəstəyi Konsepsiyası qəbul olundu və 2009-cu ildə Azərbaycanda Dövlət Dəstəyi Fondu yarandı. Bundan başqa Qeyri-hökumət təşkilatlarına dövlət Dəstəyi Şurası bir donor olaraq yaradıldı, Gənclər Fondu yaradıldı və s. Donor institutlarının Azərbaycanda tətbiq olunması post-sovet ölkələri üçün yeni bir mexanizmdir. Hələ günün bu günündə də əksər post-sovet ölkələrində bu institutlar yoxdur amma Azərbaycanda tətbiq olundu. Yeni kadrların təyinatı məsələsi, sosial sahədə islahatlar və s. daimi olaraq Azərbaycanda baş verib.

2003-cü ildən Azərbaycanda demək olar ki, media üzərində bütün dövlət tənzimləyici qurumları ləğv olunub və onun əvəzində özünü tənzimləmə mexanizmləri tətbiq olunub. Təbii ki, bu özü də böyük bir yenilikdir. Əgər biz cənab Prezidentin kariyerasına baxsaq O, dünyada, media sahəsində ən çox sərəncam vermiş prezidentlərdən biri kimi tarixə düşəcək. O baxımdan ki, hər il bir yenilik tətbiq olunur. Ümumilikdə Azərbaycanın iqtisadi, siyasi sferasında bu dəyişiklər həmişə olub və hazırda da davam edir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan regionun lider dövlətidir"-deyə, MŞ-nın sədr müavini fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...