Sarkisyan siyasi proseslərə nəzarəti itirib…

Sarkisyan siyasi proseslərə nəzarəti itirib…
Ermənistanda dərinləşməkdə olan sosial, iqtisadi problemlərlə yanaşı, Sarkisyan hakimiyyətinin bütün cəhdlərinə baxmayaraq siyasi qeyri-sabitlik də artmaqdadır. Hətta Serj Sarkisyanın bütövlükdə 2010-cu il ərzində "kadr islahatları" adı altında bir sıra nazirləri və yüksək rütbəli digər şəxsləri vəzifəsindən kənarlaşdırması da onun əhali arasındakı nüfuzuna müsbət təsir göstərmədi, eyni zamanda, ölkədəki böhranlı vəziyyətin genişlənməsi davam etdi. Bu ilin Ermənistanda əvvəlindən xeyli gərginləşən siyasi vəziyyət son günlərdə demək olar ki, nəzarət altından çıxıb. Ölkədəki özbaşınalıqdan, qanunsuzluqdan, yoxsulluqdan bezən əhali kütləvi mitinqlərə, etiraz aksiyalarına qoşulub. Bu dəfəki etiraz aksiyaları həm iştirakçılarının sayına, həm də qətiyyətliliyinə görə əvvəlkilərdən fərqlənir. Bu günlərdə Ermənistan Milli Konqresinin (EMK) təşkil etdiyi və ölkə müxalifətinin əsas qüvvələrinin birləşdiyi mitinqdə radikal bəyanatlar, sərt tələblər səsləndirilib. Yüz minə yaxın insanın qatıldığı mitinqə toplaşanlar Sarkisyan rejiminin ölkədəki özbaşınalıqlarına etiraz ediblər. Qeyd edək ki, son günlərdə keçirilən etiraz aksiyaları 2008-ci ilin mart hadisələrindən sonra demək olar ki, ən irimiqyaslı kütləvi mitinqdir. Etirazçılar qarşısında çıxış edən EMK-ın başçısı Levon Ter-Petrosyan sərt bəyanat səsləndirib. Belə ki, o, prezident Serj Sarkisyandan istefa verməsini tələb edərək bütün Ermənistan əhalisini küçələrə çıxmağa, Sarkisyan hakimiyyətdən getməyincə sakitləşməməyə çağırıb. Hakimiyyət tərəfindən ölkədəki siyasi müxalifətə qarşı informasiya blokadası tətbiq olunduğunu, mitinq və etiraz aksiyalarının qadağan edildiyini, polislə qorxutmaq, həbsxanalar və silahla ram etməyə çalışmaq vasitəsilə "sabitlik" görüntüsü yaradılmağa çalışıldığını söyləyən Petrosyan əhalini mövcud vəziyyətlə barışmamağa çağırıb. Petrosyan həmçinin bildirib ki, rejimdən yaxşı heç nə gözləməyə dəyməz, hamı hakimiyyət qəsbkarı və quldur Serj Sarkisyanın istefasına qədər mübarizə aparmalıdır: "Bu hakimiyyətə hansısa ümid etməyə dəyməz. Çünki onlar bir tərəfdən ölkənin qarət siyasətindən əl çəkən deyillər. Digər tərəfdən, Sarkisyan hakimiyyəti iqtisadiyyatı inkişaf etdirmək, işsizliyi azaltmaq, Dağlıq Qarabağ problemini həll etmək, maaş və pensiyaları yüksəltmək iqtidarında deyil".
Qeyd etməliyik ki, Ermənistanda uzun illərdir davam edən ağır sosial-iqtisadi durum, qəddar rejimin ölkəni talaması artıq ölkə əhalisinin səbrini tükəndirib. Üstəlik, 2008-ci ilin martında baş verən məlum hadisələrdən sonra ermənilər Sarkisyanın xalqın təəssübünü çəkmədiyini, öz maraqları naminə istənilən amansız üsula ət atmaq gücündə olduğunu dərk ediblər. Xalqın etimadını büsbütün itirən Sarkisyan bu gün faktiki olaraq öz ölkəsində arzuolunmaz şəxsdir. Qeyd edək ki, təkcə prezident Sarkisyan deyil, onun yaxın ətrafı və yüksək vəzifəli şəxslər Ermənistan əhalisinin nifrət obyektinə çevriliblər. Yəni, ermənilər bütövlükdə ölkədəki rejimin dəyişilməsini istəyirlər. Bu narazılığın ümummilli xarakter daşıdığını göstərən mühüm cəhətlərdən biri də ondan ibarətdir ki, mitinqlərə təkcə İrəvandan deyil, ölkənin hər yerindən insanlar qatılır. Hətta aksiyaların keçirildiyi gün rəhbərliyin paytaxta gedən avtobus marşrutlarını dayandırmasına baxmayaraq etirazçılar müxtəlif üsullarla mitinqin keçirildiyi əraziyə toplaşıblar. Ölkədəki işsizlik və yoxsulluqdan ən çox əziyyət çəkən təbəqələrdən birini təşkil edən gənclər də hökumət əleyhinə aksiyalarda fəal iştirak edirlər. Ermənistanın gənclər hərəkatının hazırladığı bəyanatda ölkədə işsizlik səviyyəsinin kritik həddə olduğu bildirilir, hökumətin əhalinin ölkədən miqrasiyasına yardım edən siyasəti sərt tənqid olunur. Hökumət binası qarşısında etiraz aksiyası keçirən gənclər Ermənistan rəhbərlərindən ölkəni tərk etməyi tələb ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə