«Ramstore» «Bazarstore» oldu

Ölkəmizdə ən böyük ticarət şəbəkələrindən biri olan "Ramstore" adını dəyişdi. Bu gündən "Ramstore" "Bazarstore" adlanacaq, satış şəbəkəsini genişləndirəcək, fəaliyyətini yeni konsepsiya ilə davam etdirəcək. Məlumatı SİA-nın açılış mərasimində olan müxbiri verib.

"Bazarstore" marketlər şəbəkəsinin baş direktoru Ruslan Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, şirkətin atdığı ilk addım qiymətlərin aşağı salınması olub. Son bir neçə gün ərzində şəbəkədəki malların qiymətləri 25%-dək ucazlaşdırılıb. Ucuzlaşma həm ərzaq, həm də qeyri-ərzaq malları olmaqla, ümumilikdə, burada satılan 15 min adda məhsulun 8 minə qədərini əhatə edib.

Baş direktorun sözlərinə görə, "Bazarstore" buna bəzi xərcləri azaltmaq və daha effektiv marketinq siyasəti sayəsində nail olub. İlkin araşdırmalar göstərib ki, əvvəlki idarəçilər bəzi sahələrə lazım olduğundan artıq vəsait sərf edir, istehsalçı şirkətlərdən malı optimal qiymətlərlə ala bilmirdilər.

Qeyd edək ki, satılan malların çeşidində də dəyişikliklər var. İlk növbədə ət satışına başlanıb. Bəzi məhsullar, o cümlədən süd və toyuq məhsullarının çeşidləri artıb. Bundan başqa R.Əliyev bildirib ki, şəbəkədə ancaq xüsusi nəzarətdən keçmiş mallar satılacaq.

Şirkət rəhbəri bəyan edib ki, aparılan islahatlar nəticəsində imkanlı təbəqə ilə yanaşı, digər müştərilərimiz də xidmətimizdən yararlana biləcək. Bunun üçün uyğun olan şəbəkənin müştəri auditoriyası genişlənəcək: "Artıq gəlirdən asılı olmayaraq hər kəs "Bazarstore"un müştərisi ola bilər. Buna satış şəbəkəsindəki məhsul çeşidinin bolluğu, qiymətlərin münasibliyi və ən əsası, yüksək keyfiyyət tam şərait yaradır", - deyə şirkət rəsmisi bildirib. Şirkət rəhbərliyi süni qiymət artımının qarşısının alınmasında da "Bazarstore"un mühüm rol oynayacağını vurğulayıb.

"Bazarstore" rəhbərliyi bildirib ki, ilin sonunadək biri Bakıda, digəri Gəncədə olmaqla şirkətin daha iki mağazası açılacaq. Hələlik Bakıda bunun harada olacağı bilinmir. Güman edilir ki, Əhmədlidə, Yasamalda, Qaradağda və s. ərazilərdə yeni mağazalar fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə