Əli İnsanovun “HƏP”i yararsızdır İTTİHAM

Əli İnsanovun “HƏP”i yararsızdır İTTİHAM

Eks-nazirin siyasi gündəmə gəlmək şansları sıfıra bərabərdir

Sabiq səhiyyə naziri Əli İnsanovun bir neçə nəfərin iştirakı ilə “Haqq və Ədalət Partiyası” adı altında siyasi təşkilat yaratmaq cəhdi nəinki ictimai rəy tərəfindən, eləcə də müxalifət düşərgəsində fəaliyyət göstərən şəxslər tərəfindən də ittiham olunmaqdadır. Belə ki, İnsanovun korrupsionerlik çirkabında olması və s. “keyfiyyətləri” baxımından ümumiyyətlə xalq tərəfindən qəbul olunmaması reallığı isə günü-gündən öz təsdiqini tapmaqdadır.

Sərdar Cəlaloğlu: “Onların müxalifətə də güc, potensial gətirəcəyinə inanmıram”

Bu arada, ADP sədri Sərdar Cəlaloğlunun Ə.İnsanovun “HƏP” yaratmaq cəhdi ittiham atəşinə tutulub. SİA xəbər verir ki, onun mətbuta dediyi sözlərinə görə, yeni yaranmış “partiya” özünü cəmiyyətə təqdim etməyib. “Siyasi təşkilatlanma və siyasi mübarizə üç mərhələdən keçir”, deyə qeyd edən müxalifətçi partiya sədri əlavə edib ki, bunlar özünü yaratma, özünü təqdimetmə və ondan sonra hədəflər uğrunda mübarizədir: “Biz indi gözləyək görək bu özünü cəmiyyətə necə tanıda biləcək, nə qədər xalq bunu qəbul edəcək? Elə düşünməyək ki, kimsə nəsə yaratdısa, ortaya nəsə qoydusa, cəmiyyət dərhal bu ideyanı göydən tutacaq”.

S.Cəlaloğlu xatırladıb ki, “HƏP”də təmsil olunanlar üzüdönüklərdir və vaxtilə məhz korrupsionerlik əməllərinə görə cəzalandırılmış adamlardırlar. Onlar indi də müxalifətçilik adı altında guya vaxtilə törətdikləri əməllərini “konpensasiya” etmək istəyirlər. Amma onların bu cəhdləri heç də uğurlu nəticə verməyəcək. Ona görə də, “Düşünmürəm ki, özlərinin vurduqları ziyanları belə aradan qaldıra bilsinlər”, deyən S.Cəlaloğlu onların müxalifət düşərgəsinə də hər hansı güc, yaxud potensial gətirə biləcəklərinə inanmadığını deyib: “Onların müxalifətə də güc, potensial gətirəcəyinə inanmıram”.

ADP sədri: “O yerdə ki ambisiya var, o yerə ki eqoist maraqlarla qoşulursan, orada heç vaxt ümumi maraqlara xidmət edəcək nəsə ortaya çıxa bilməz”

ADP sədri digər ilginc məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, Ə.İnsanov həbsxanadan çıxandan ambisioz fikirlər səsləndirir və bu faktor onun hər hansı siyasi uğur əldə edəcəyinin mümkünsüzlüyünü göstərir: “Əli İnsanov həbsxanadan çıxanda bir bəyanat vermişdi. Ona müxalifətlə birləşib-birləşməyəcəyi barədə sual verildi. O dedi ki, bilmək olmaz, müxalifət mənim ətrafımda birləşəcək, yoxsa mən onların ətrafında. Ola bilsin ki, isti-isti o fikirlərini korrektə edə bilmirdi...O yerdə ki ambisiya var, o yerə ki eqoist maraqlarla qoşulursan, orada heç vaxt ümumi maraqlara xidmət edəcək nəsə ortaya çıxa bilməz. Bu baxımdan onun iddialığını nəzərə alıb demək istəyirəm ki, Əli İnsanov birləşdirici fiqur ola bilməz. Müxalifətin birliyi yolunda da əhəmiyyətli rol oynaya bilməyəcək”.

Milli Qəhrəmanın anası: “Heç bir partiyanın təşkilat komitəsinin üzvü deyiləm”

Bu arada, “HƏP”in “təşkilat komitəsində” adları çəkilənlər arasında Milli Qəhrəman Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri Qalibə Budaqova da var idi ki, o dərhal adının orada hallanmasına kəskin etirazını bildirib. O, barəsində yayılan məlumatları təkzib edib: "Mənim adımı yeni yaradılan "Haqq Ədalət Partiyası" təşkilat komitəsinin üzvü kimi hallandırıblar. Mən Qalibə Budaqova heç bir partiyanın və heç bir partiyanın təşkilat komitəsinin üzvü deyiləm. Mən uzun müddətdir ki, xəstəyəm və müalicə altında olduğum üçün heç evdən belə çıxa bilmirəm. Xahiş edirəm mənim adımı heç bir partiya üzvlüyü ilə hallandırmasınlar".

Məhz bu reallıq da sübut edir ki, Ə.İnsanov öz köhnə xislətindən əl çəkməyib və hətta insanların haqlarına girməklə, onları özünün getdiyi çirkablı yola bulaşdırmağa cəhdlər göstərir. Bütün bunlar isə sübut edir ki, eks-nazirin “HƏP”i yararsızdır və onun siyasi gündəmə gəlmək şansları sıfıra bərabərdir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə