"Ölkəmizin ən böyük sərmayəsi qardaş Türkiyədədir" ÖZƏL-MÜNASİBƏT

"Ölkəmizin ən böyük sərmayəsi qardaş Türkiyədədir" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə Azərbaycan-Türkiyə münasibətləri Ümummilli Liderimiz Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” prinsipləri ilə hər zaman inkişaf edən münasibətlərdir. Azərbaycan-Türkiyə münasibətləri dünyada analoqu olmayan münasibətlərdir. Hər zaman Azərbaycanın siyasətində bu düşüncə, bu fikir əsas siyasi xətt olaraq davam etdi". Bunu SİA-ya açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycan-Türkiyə münasibətlərində istər siyasi, iqtisadi, istərsə də mədəni, hümanitar sahələrdə və s. sürətlə inkişaf edən bir əməkdaşlıq var: "Cənab Prezident hətta Azərbaycandan, Türkiyədən yəni dövlətlərimizin sərhədlərindən kənarda yaşayan insanlarımıza da müraciət edərək “Bir millətin iki diasporu olmaz” dedi. Yəni xaricdəki Azərbaycandan və Türkiyədən olan diasporumuz, diaspor təşkilatlarımız da “Bir millət, iki dövlət” düşüncəsi ilə öz fəaliyyətlərində bu düşüncəni əsas almalıdırlar və həm Azərbaycanın, həm də qardaş Türkiyənin maraqlarının qorunmasında çox fəal şəkildə iştirak etməlidirlər. Bu gün Azərbaycan ən böyük xarici investisiyasını məhz qardaş Türkiyəyə yatırıb. Yəni Azərbaycan hüdudlarından kənarda ölkəmizin ən böyük sərmayəsi qardaş Türkiyədədir. Bu sərmayələr qardaş Türkiyənin iqtisadi, siyasi cəhətdən daha da güclənməsinə xidmət edən layihələrdir.

Cənab Prezidentimiz qardaş Türkiyəyə səfərində belə demişdir: “Türkiyənin gücü bizim gücümüzdür, bizim gücümüz Türkiyənin gücüdür”. Ona görə elə çalışmalıyıq ki, bir-birimizi daha da gücləndirək, birliyimizi daha da gücləndirək və bu bölgədə bizə qarşı olan haqsızlıqlara, ədalətsizliklərə daha güclü şəkildə mübarizə aparaq. Təbii ki, qardaş Türkiyənin Azərbaycana dəstəyi hər zaman artan bir dəstək olaraq davam edir, əlaqələr, əməkdaşlıq yüksək səviyyədə daha da artır. Qardaş Türkiyə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayanadək işğalçı Ermənistanla əlaqələrin qurulmayacağını hər platformada yüksək səslə bəyan edir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə