Azərbaycanın növbəti siyasi qələbəsi TƏHLİL

Azərbaycanın növbəti siyasi qələbəsi TƏHLİL

Qoşulmama Hərəkatı 120 üzv, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən forum kimi heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edir. Bu toplantı BMT-dən sonra dünya dövlətlərinin ən böyük toplantısı hesab olunur. Hərəkatın daimi katibliyi yoxdur və sədrlik iyerarxiya prinsipi üzrə deyil, sıra prinsipi əsasında səs çoxluğu ilə təyin olunur və çox sevindirici haldır ki, 2019-2022-ci illərdə sədrlik Azərbaycan tərəfindən icra ediləcəyi qərarlaşdırlıb.

Bakıda Qoşulmama Hərəkatı sammitinin keçirilməsi və Azərbaycanın bu ildən hərəkata sədrlik etməsi tarixi əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, ölkəmiz İran və Rusiya kimi güclü dövlətlər tərəfindən əhatə olunan qeyri-sabit geostrateji platformada yerləşir, deməli iki güclü dövlətin əhatəsində olan Azərbaycanın iki qütb arasında tərəfsiz mövqeyini qoruyub saxlaması bir tərəfdən müstəqilliyinin və suverenliyinin təmin edilməsi, digər tərəfdən, dünya siyasəti müstəvisində neytral mövqeli və sülhməramlı dövlət kimi söz demək haqqı qazanması, söz sahibi olması deməkdir. Çünki, belə bir vəziyyətdə Qoşulmama Hərəkatının sədri, ən azından üzvü kimi ölkəmizin rəqib dövlətlər arasında körpü rolunda çıxış etmə şansı təkzibedilməzdir.
Sədrlik edəcəyi 4 il ərzində təkcə dövlətimizin deyil, regionun ümumi təhlükəsizlik maraqlarını müdafiə etmək və münaqişə tərəflərini neytrallaşdırmaq baxımından da ölkəmizin seçiləməsi böyük əhəmiyyət kəsb edir. Heç şübhəsiz ki, Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində həlli istiqamətində daha çox tərəfdar səs toplamağa müvəffəq olması üçün də ölkəmizin bu hərəkata sədrlik etməsi çox təqdirəlayiqdir. Bu həm də ölkəmizin, şəxsən ölkə başçımız Cənab Prezident İlham Əliyevin uğuru, qələbəsidir.
Qoşulmama Hərəkatının üçüncü dövlətlərə “sığınacaq yeri və mənəvi dəstəkçi” qismində deyil, hal-hazırda əməli addımlar atmaq əzmində olan işlək bir mexanizm kimi formalaşması çox böyük perspektivlərdən xəbər verir. Heç də təsadüfi deyil ki, hər kəs bu hərəkatın ən yaxın gələcəkdə BMT və NATO kimi təşkilatlara layiqli rəqib olacağı qənaətindədir. Bu qənaətə səbəb isə, sözsüz ki, hərəkatın öz fəaliyyətini təkcə sülhün müdafiəçisi kimi yox, həm də siyasi, iqtisadi, ekoloji və digər müstəvilərdə qoruyucu yönündə istiqamətləndirə bilməsidir.
Heç şübhəsiz ki, Azərbaycanın üzv olduğu, hətta sədrlik etdiyi bir təşkilatın, həmin təşkilatda üzv olan 120 dövlətin səsi duyulmaya bilməz. Qoşulmama Hərəkatının siyasi, iqtisai və sosial baxımdan bazasının möhkəmləndiriıməsi və daha əməli iş mexanizmlərinin işlənib hazırlanması onun digər nüfuzlu qurumlarla eyni səviyyədə olması deməkdir və belə bir beynəlxalq nüfuzlu qurumun sözünün hər zaman və hər yerdə eşidiləcəyinə zərrə qədər şübhə ola bilməz.
Müstəqilliyini bərpa etdiyi gündən bu vaxta qədər Azərbaycanın ev sahibliyi etdiyi ən böyük və əhəmiyyətli beynəlxalq tədbir demək olar ki, məhz Qoşulmama Hərəkatının XVIII sammiti hesab oluna bilər. Müqaisə üçün qeyd etmək yerinə düşərdi ki, üzv ölkələrin sayına görə dünyada ikinci ən böyük beynəlxalq təşkilat məhz Qoşulmama Hərəkatıdır və bu təşkilata üzv olan ölkələrdə dünya əhalisinin 55 faizi yaşayır. Dünyuanın neft ehtiyatlarının 75 faizinin, qaz ehtiyatlarının isə 50 faizinin bu hərəkata üzv ölkələrin payına düşməsi çox vacib və təsiredici faktordur.
Belə bir sammitin məhz Bakıda keçirilməsi heç də sıradan bir hadisə deyil və bu ölkəmizin dünya ölkələri arasında artan nüfuzunu və geosiyasi anlamda təsir gücünü təsdiq edir. Azərbaycanın bu ildən etibarən 2022-ci ilə qədər Hərəkata sədr seçilməsi isə ölkəmizin söz sahibi olmasını bir daha nümayiş etdirir. Bütün bunlar ölkə başçısının rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar sırasındadır və bu uğurlar da öz növbəsində gələcək perspektivlərə, daha böyük nailiyyətlərə yol açır, əsaslı zəmin yaradır.
Hazırda ölkəmizə qarşı işğalçılıq siyasəti yürüdən, torpaqlarımızı qəsb edən ermənilərin bütün dünyada lobbiçilik fəaliyyəti, bu lobbiçiliyin təsir mexanizmi danışmaz həqiqətdir. Bir çox hallarda beynəlxalq miqyasda qurumların, ayrı-ayrı ölkələrin siyasətçilərinin ikili standartlar sərgiləməyə də bu lobbi vasitəsilə təhrik edildiyi də günün reallığıdır. Məhz belə bir məqamda 120 ölkənin üzv olduğu siyasi platforma lazımi anda Azərbaycanın qlobal dəstək qazanması üçün əvəzolunmazdır. Azərbaycanın 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində ölkəmizin Qoşulmama Hərəkatına üzvülüyünün təsiri böyük olub desək yanılmarıq. Bu baxımdan da deyə bilərik ki, ölkəmizin sədrlik etdiyi təşkilatın bundan sonra bütün regionda təhlükəsizliyə, ərazi bütövlüyümüzə öz tövhəsini verəcəyi şübhə doğura bilməz. Qarabağ münaqişəsinin həlli istiqamətində Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsi bunun əyani sübutudur və bu həm də beynəlxalq müstəvidə mövqelərimizin möhkəmlənməsi, növbəti siyasi qələbəmizdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə