Şimali Afrikada başlayıb zəngin neft ehtiyatlarına sahib ölkələrin yerləşdiyi Orta Şərqə yayılan xalq qiyamları neft qiymətlərinin yüksəlməsinə səbəb olub. Ekspertlər isə bunun dünya iqtisadiyyatına zərər verəcəyindən narahatlıq ifadə edirlər. Bütün dünyada əsl narahatlıq Bəhreyn və Omanda davam edən xalq qiyamlarının bu ölkəyə qonşu olan Səudiyyər Ərəbistanına keçəcəyi ilə bağlıdır. Bu ölkə dünyanın ən böyük neft ehtiyatlarına sahibdir və dünyanın ən böyük neft ixracatçısıdır.
Dünyanın neft ehtiyatları nə qədərdir? SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Enerji Nazirliyinin nəzdində fəaliyyət göstərən Enerji İnformasiya İdarəsi və İngiltərənin neft şirkəti "BP"nin məlumatlarında 2009-cu ilin sonunda dünyada kəşf edilmiş neft ehtiyatlarının 1 trilyon 333 milyard barrel olduğu qeyd edilib. Bu ehtiyatların 56,6 faizi (754,2 milyard barrel) Orta Şərq, 14,9 faizi (198,9 milyard barrel) Cənubi və Latın Amerikası, 10,3 faizi (136,9 milyard barrel) Avropa və Avrasiya, 9,6 faizi (127,7 milyard barrel) Afrika, 5,5 faizi (73,3 milyard barrel) Şimal Amerika, 3,2 faizi (42,2 milyard barrel) isə Asiya-Sakit okean bölgəsindədir. Kəşf edilmiş neft ehtiyatlarına görə ilk yeri 266,7 milyard barrellə (19,8 faiz) Səudiyyə Ərəbistanı tutur, bu ölkəni 178,1 milyard barrellə Kanada, 136,2 milyard barrellə İran, 115 milyard barrellə İraq və 104 milyard barrellə Küveyt izləyir. Dünyanın ən böyük iqtisadiyyatı ABŞ isə 19,1 milyard barrellə 12-ci, ikinci böyük iqtisadiyyatı Çin isə 16 milyard barrellə 13-cü yerdədir.
Neft hasilatında Rusiya gündəlik 9,9 milyon barrellə ilk yerdədir. Onu 9,8 milyon barrellə Səudiyyə Ərəbistanı və 9,1 milyon barrellə ABŞ izləyir. Bu ölkələrdən sonra İran (4,2 milyon), Çin (4 milyon) və Kanada (3,3 milyon) gəlir. Kəşf olunmuş neft ehtiyatlarına görə 115 milyard barrellə 4-cü yerdə olan İraq 2,4 milyon barrel gündəlik istehsalla 13-cü, neft ehtiyatlarına görə 104 milyard barrellə 5-ci yerdə olan Küveyt 10-cu və neft ehtiyatlarına görə 99,4 milyard barrellə 6-cı olan Venesuela isə gündəlik 2,5 milyon barrel istehsalla 11-ci yerdədir.
Dünyanın ən çox neft istehlak edən ölkəsi isə dünyanın ən böyük iqtisadiyyatı ABŞ-dır. ABŞ gündəlik 18,8 milyon barrel neft istehlak edir. ABŞ-dan sonra Çin (8,3 milyon barrel) və Yaponiya (4,4 milyon barrel) gəlir. Səudiyyə Ərəbistanı gündəlik 6,4 milyon barrellə dünyanın ən çox neft ixrac edən ölkəsidir, bu ölkəni Rusiya (5,4 milyon barrel) və İran (2,2 milyon barrel) izləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB