Bu gün Çin və Azərbaycan arasında əməkdaşlıq durmadan inkişaf edir. Ölkələr arasında dostluq əlaqələri qədim tarixi köklərə malikdir. Çin və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması hər iki ölkənin tarixində yeni vacib bir səhifə açıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına səfəri müstəqillik illərində əlaqələrin mühüm başlanğıc nöqtəsi kimi xarakterizə olunur. 2015-ci ildə Prezident İlham Əliyevin Çinə səfəri və keçirilən rəsmi görüşlər əməkdaşlıq üçün zəngin töhfələr verib.
Bu yaxınlarda Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri bu əlaqələrin möhkəm təməl üzərində qurulmasından xəbər verir. Çin kütləvi informasiya vasitələri, həmişə olduğu kimi, Azərbaycana bu səfəri diqqətdə saxlayıb. Ölkənin əsas media qurumlarından Milli Xəbər Agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası, rəsmi "Renmin Ribao" qəzeti, digər populyar xəbər saytları mövzu ilə bağlı Çin, ingilis və rus dillərində dəfələrlə reportajlar, xəbərlər və geniş məqalələr hazırlayıblar. Sinxua agentliyinin "Diqqət mərkəzində: Çin və Azərbaycan əməkdaşlığın möhkəmləndiriləcəyini vəd edirlər" başlıqlı reportajında Prezident İlham Əliyevin Çin qanunverici orqanının rəhbəri Li Canşu ilə görüşündə iki ölkə arasında münasibətlərin sürətlə inkişafı ilə bağlı səsləndirdiyi fikirlərə geniş yer verilib. Çin KİV-lərinin mövzu ilə bağlı materiallarında Li Canşunun sözlərinə istinadla qeyd olunur ki, Çin nümayəndə heyətinin Bakıya səfəri dövlət başçılarının Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafı ilə bağlı əldə etdiyi razılaşmaların icrasına və qanunverici orqanlar arasında əməkdaşlığın dərinləşməsinə dəstək məqsədi daşıyır. Çin KİV-ləri Li Canşunun "Hər bir ölkənin nadir tarixi, milli şəraiti və mədəniyyəti var. Ona görə də, fərqli sivilizasiyalar harmoniyalı şəkildə yaşamalı və bir-birindən öyrənməlidir" fikrini vurğulayır.
Materiallarda, iki ölkə arasında iqtisadi əlaqələrdən də söz açılaraq, bildirilir ki, Li Canşu Baş nazir Novruz Məmmədov ilə görüşdə Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın "Bir kəmər, bir yol" boyunca vacib ölkə olduğunu deyib.
Mühüm coğrafi mövqeyə malik olan Azərbaycan son illərdə regional nəqliyyatın inkişafına özünün strateji istiqamətlənməsini möhkəmləndirib. Bu fikirlər isə, Çinin Milli Xəbər Agentliyi olan Sinxuanın "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin-Azərbaycan əlaqələrinin inkişafını sürətləndirib" adlı məqaləsində qeyd olunur.
Qeyd edək ki, cari ilin aprelində Pekində keçirilən "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak etmək üçün Çinə səfər edən Azərbaycan Prezidenti İlham Əliyevin bu səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü ölkələrin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bir daha nümayiş etdirmiş oldu. Bu səfər çərçivəsində iqtisadiyyat, sənaye və investisiya sahələrini əhatə edən 10 mühüm sənədin imzalanması ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından əhəmiyyətlidir. Azərbaycanla Çinin iqtisadi əməkdaşlığı uğurla inkişaf edir. Vurğulamaq yerinə düşər ki, bu yaxınlarda Çinin Sian şəhərindən Azərbaycana yük qatarının gəlməsi nəqliyyat sahəsində əlaqələrin inkişafına dəlalət edir.
Yazıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu haqqında məlumat verilərək bildirilir ki, Şərqdə Qazaxıstanın Çin ilə sərhədində yerləşən Dostıq məntəqəsindən başlayan marşrut Qərbdə Bakıya qədər uzanır. Marşrut dəniz və dəmir yolundan ibarətdir və Çini Qazaxıstan, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya bağlayır. Hazırda Azərbaycan marşrut boyunca yerləşən ölkələr ilə tariflərin azaldılması və gömrük əməliyyatlarının qısaldılmasını əlaqələndirməklə daha çox beynəlxalq yükü bu yol ilə daşınmağa cəlb etməyə çalışır.
Azərbaycan Prezidenti İlham Əliyev apreldə Sinxua agentliyinə verdiyi müsahibədə Azərbaycan ilə Çin arasında yükdaşımalar sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulaması da diqqətə çəkilib. Dövlət başçısının həmin müsahibədə "Biz əsas sərmayəni yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldirik... Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutudur" fikirləri bir daha xatırladılır. Müəllif yazır ki, həqiqətən, son illər birgə səylər sayəsində, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə inteqrasiyası istiqamətində əhəmiyyətli nəticələr əldə edilib. Çinin Sian şəhərindən yola çıxan blok qatarı iyulun 6-da Bakıya çatıb. Bu, "China Railway Express"in Bakıya dəmir yolu marşrutu ilə yük daşınmasının başlanğıcı idi. Bu yol ilə yüklər təyinat məntəqəsinə dəniz yolu ilə daşınmaya sərf olunan vaxtdan 20 gün daha tez çatır. "China Railway Express"in gələcəkdə daha çox yük daşımağı planlaşdırması ilə bu vacib yol "Bir kəmər, bir yol" strategiyasına qoşulmağa nail olacaq.
Yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən konfranslar və imzalanan çoxsaylı sənədlər iki ölkə arasında əlaqələri daha da dərinləşdirib. Göründüyü kimi, Azərbaycanla Çin arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB