"Rusiya-ABŞ münasibətləri bir-birinə zidd iki xətt üzrə inkişafdadır" ÖZƏL-MÜNASİBƏT

"Rusiya-ABŞ münasibətləri bir-birinə zidd iki xətt üzrə inkişafdadır" ÖZƏL-MÜNASİBƏT

"Rusiya-ABŞ münasibətləri bir-birinə zidd 2 xətt üzrə inkişafdadır". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, ABŞ prezidenti D.Tramp Rusiya ilə münasibətləri irəlilətmək istəyir: "Hətta Rusiyanın yenidən G-7 formatına qayıdaraq G-8 formatına çevrilməsini təklif etdi. Bu məsələ G-7-nin Fransada keçirilən sammitində müzakirə olundu, amma konsensus əldə olunmadı. ABŞ Dövlət Katibi M.Pompeo prezident D.Trampın bununla bağlı göstəriş verdiyini və o göstərişə uyğun da ABŞ rəsmilərinin hərəkət etdiyini bildirdi. Rusiya G-7-yə qayıtmalı, G-7 formatı G-8 formatına çevrilməlidir.

ABŞ MDB məkanında yeni siyasət aparmağa başlayıb. Ukrayna, Belarus və Moldovada reallaşdırdığı son prosesləri ABŞ-ın Rusiya üçün yeni həlqə yaratması kimi başa düşmək olar. Ukraynanın ABŞ-ın diktəsi ilə hərəkət etməsi bəllidir. C.Boltonun Moldova və Belarusa səfərləri də kifayət qədər yeni perspektiv yarada bilib. Moldova Rusiyadan təkcə Dnestryanı məsələyə görə deyil, həm də qaz məsələsinə görə asılıdır. Əgər C.Bolton Moldova üçün ucuz qaz məsələsini həll edə bilərsə, Moldovanın Rusiyadan aralanması çox asandır. C.Bolton Moldovaya gəlməzdən bir neçə gün öncə RF Müdafiə naziri S.Şoyqu Moldovada idi və təxminən 15 il bundan qabaq dayandırılmış silahların utilizasiyası prosesinin yenidən başlanması razılaşdırıldı. Dnestryanı bölgədə Rusiyanın silah anbarı məhv edilməsi münaqişənin tənzimlənməsinə çox böyük dinamizm verə bilər. Dnestryanı bölgədəki silah anbarı Rusiyanın Avropa qitəsində ən böyük silah anbarıdır. Böyük təhlükə mənbəyi də olaraq qalır.

C.Boltonun Belarusa səfərini öz sözü ilə belə ümumiləşdirmək olar ki, Belarus prezidenti A.Lukaşenko ilə dil tapmaq mümkündür. Eyni bu qaydada Rusiya da ABŞ-a qarşı borclu qalmır. Rusiya ABŞ-ın talibanla əldə etdiyi razılaşmanın qarantı olmağa hazır olduğunu bəyan etdi.

RF prezidenti V.Putin Fransaya səfər etdi. Fransa prezidenti E.Makron Rusiya nümayəndə heyətinə, prezident V.Putinə xüsusi ehtiram göstərdi. Bu təkcə qonaqpərvərlik anlamında deyildi. O, Rusiyanı sivilizasiyanın bir tərkib hissəsi kimi təqdim etdi və iki böyük millətin- fransız və rus xalqının birgə yaşamalı olduğunu bildirdi. Bu, əsrlər boyu Avropada formalaşmış konsepsiyaya zidd mövqedir. Avropalıların təhtəlşüurunda Rusiya yaxşı halda böyük ərazi, böyük xammal mənbəyidir. Rusiya Avropa sivilizasiyasının tərkib hissəsi deyil. İlk dəfə idi ki, Fransa lideri Rusiyanı Avropa sivilizasiyasının tərkib hissəsi adlandırdı. Görüş zamanı qlobal məsələlər, Suriya, İran, beynəlxalq sabitlik məsələləri ilə yanaşı regional konfliktlər də müzakirə olundu. Müzakirə olunan regional konfliktlər içərisində Dağlıq Qarabağ məsələsi də var idi".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə