Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə Litva seyminin yaz sessiyasında müzakirəyə çıxarılacaq

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə Litva seyminin yaz sessiyasında müzakirəyə çıxarılacaq
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlanmış qətnamə Litva Seyminin yaz sessiyasında müzakirə olunacaq. SİA-nın məlumatına görə, bu barədə Litva Seyminin sədri İrena Dyaqutyene Azərbaycana səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənəd 50 parlamentari tərəfindən imzalayıb.

Onun sözlərinə görə, qətnamədə məsələnin sülh yolu ilə həlli, hərbi əməliyyatlardan imtina edilməsi təklif olunub. İ.Dyaqutyene vurğulayıb ki, sənəd Seymin yaz sessiyası zamanı yenidən gündəmə gələcək: "Litvanın daimi mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Münaqişə sülh yolu ilə qan tökülmədən həll edilməlidir. Bu yaxınlarda Litva xarici işlər naziri ATƏT-in sədri kimi Azərbaycana səfər edəcək. Səfər zamanı nazir öz mövqeyini bildirəcək".

Qeyd edək ki, Litva 2005-ci ildə qondarma "erməni soyqırımı"nı tanısa da ermənilər tərəfindən törədilmiş Xocalı faciəsini soyqırım kimi tanımayıb. Bununla bağlı sualdan ilk növbədə yayınmağa çalışan Seym sədri daha sonr sualı cavablandırıb. O bildirib ki, orada təmsil olunan istənilən üzv hansısa məsələ ilə bağlı öz mövqeyini bildirə bilər.

Bu məsələnin parlamentlərin dostluq qrupları çərçivəsində müzakirə oluna biləcəyini vurğulayan İrena Dyaqutyene söyləyib ki, "Erməni soyqırımı" keçmiş parlament tərəfindən qəbul edilib. O qeyd edib ki, parlament seçkilərindən sonra əvvəlki tərkibdən parlamentdə cəmi 3 nəfər deputat fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə