Milli Qurtuluşdan başlanan yüksəliş yolu

Milli Qurtuluşdan başlanan yüksəliş yolu

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Bu gün Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişi ilə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xilaskarlıq missiyası ilə dövlət müstəqilliyini qoruyaraq, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və ölkəmizdə inkişafın təməlini qoydu. Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan Milli Qurtuluş Günü ilə bağlı YAP Ağcabədi rayon təşkilatını sədri Rövşən Əhmədov "Səs" qəzetinə verdiyi açıqlamada fikirlərini ifadə etdi:
- Beynəlxalq miqyasda etibarlı tərəfdaş, demokratik ölkə kimi tanınan müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun təməli 15 İyun Mili Qurtuluş Günündə qoyulub. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanda böyük uğurlara, xalqın sosial rifah halının yaxşılaşdırılmasına, dövlətimizin dünyada yerinin və rolunun möhkəmlənməsinə səbəb oldu. Azərbaycanın müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxması, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək gücünə malik olması Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir. Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradıb. Müstəqilliyimizin ilk illərinə diqqət yetirsək, ictimai-siyasi vəziyyətin gərginliyini və belə bir zamanda, Azərbaycanın uçurum qarşısında olduğunu daha aydın görmək olur. Ölkədə xaos, anarxiya və özbaşınalıq baş alıb gedirdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın qarşısında yeni-yeni imkanlar açdı və uğurların təməlini qoydu. Əlbəttə ki, bu gün böyük fəxarətlə söz açdığımız uğurların yolu çətin, ağır və məşəqqətli yoldan başlanıb. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı yenicə qazanılmış, dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan ölkəmizin ictimai-siyasi və iqtisadi-hərbi problemlərinin uğurlu həlli ilə tarixi hadisəyə çevrildi. Azərbaycanı, Azərbaycan xalqını böyük bəladan, dəhşətli fəlakətdən Heydər Əliyev fenomeni, Heydər Əliyev cəsarəti və müdrikliyi qoruyub-saxladı. Əgər Böyük Şəxsiyyət olmasaydı, Azərbaycanı heç bir qüvvə qurtara bilməzdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədəki ab-hava tam dəyişdi. Ulu Öndər fəaliyyəti, iradəsi və xalqa arxalanması, xalqın da öz Müdrik Liderinə güvənməsi və geniş xalq məhəbbəti vəhdətdə birləşdiyindən, Azərbaycan dövlətçiliyi məhvolma təhlükəsindən xilas oldu. Sonrakı mərhələdə ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsi önəmli idi ki, Ümummilli Lider müdrikcəsinə dövrün irəli sürdüyü bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi.
Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, ölkəmizdə "atəşkəs" elan olundu, "Əsrin Müqaviləsi" imzalandı, ölkənin inkişaf strategiyasının əsası qoyuldu. Ölkənin sənaye ölkəsinə çevrilməsində, hərbi potensialının güclənməsində, kadr potensialının hazırlanmasında və s. proseslərdə uğurlar müşayiət olundu və bütün sahələrdə dönüş yarandı. Böyük Şəxsiyyət Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycanın dünyaya inteqrasiya olunmasına töhfələrini verdi.
Bu gün ölkəmizdə Ümummilli Liderin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, Azərbaycan uğurla inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan son 16 ildə özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Hər bir ölkənin inkişafında əsas rol oynayan sabitliyin möhkəmlənməsi əsasında Azərbaycanda iqtisadi imkanların genişlənməsi üçün biri-birindən əhəmiyyətli layihələrin icrası sürətləndirilir. Azərbaycanın bütün sahələrdə, davamlı olaraq uğurlar qazanmasında 2004-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının mühüm rolu olub. Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində, Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini möhkəmləndirir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə