Dünya ictimaiyyətinin Bakıya yönələn diqqəti, milyonlarla idman azarkeşinin, hətta beynəlxalq təşkilatların və qurumların final iyunu gözləntiləri həssas qlobal mövzuya çevrilsə də yekunda gözlənildiyindən də möhtəşəm alındı. Azərbaycan yenidən bütün dünyaya sübut etdi ki, istənilən nüfuzlu tədbiri ən yüksək səviyyədə keçirmək, ən mötəbər idman yarışlarına ev sahibliyi etmək iqtidarındadır.
Nəzərə almaq lazmdır ki, Avroliqanın finalı ölkəmizdə keçirilən ilk mötəbər tədbir deyildi. Azərbaycanda I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” kimi nüfuzlu yarışlar, hətta “Eurovision” mahnı müsabiqəsi kimi tədbirlər çox uğurla keçirilib. Bir sözlə, artıq Azərbaycan dünya miqyaslı tədbirlərə ev sahibliyi etmək üçün böyük təcrübəyə malikdir və belə qlobal yarışlarda özünü dəfələrlə təsdiqləyərək etibar qazanıb.
Ölkəmiz Cənubi Qafqazda, eləcə də MDB məkanında lider statusundadır
Xüsusilə vurğulamaq yerinə düşərdi ki, dünyanın diqqət mərkəzində olan yarışları, beynəlxalq tədbirləri keçirmək üçün müasir infrastruktur şəraitinin olması, ələlxüsus təhlükəsizlik təminatı vacibdir və bu beynəlxalq miqyasda mütləq şəkildə nəzərə alınır. İnfrastrukturu müasir dövrün tələblərinə cavab verməyən, təhlükəsizlik təminatı olmayan ölkədə belə yarışların keçirilməsinə razılıq belə verilməz. Əgər Azərbaycanda belə mötəbər yarışların, beynəlxalq tədbirlərin keçirilməsinə dəfələrlə razılıq verilibsə, deməli, ölkəmizdə olan stabillik, təhlükəsizlik, müasir infrastrukturun mövcudluğu beynəlxalq miqyasda nətinki qəbul olunur, bu qərarla rəsmi şəkildə etiraf da olunur. Məhz Azərbaycanda belə beynəlxalq əhəmiyyətli tədbirlərin və yarışların baş tutması, uğurla yekunlaşması etiraf etməyə əsas verir ki, ölkəmiz bu baxımdan da Cənubi Qafqazda, eləcə də MDB məkanında lider statusundadır.
İngiltərənin özündə, Londonda baş tutan görüşlərdən sonra davalar, qarşıdurmalar dünya ictimaiyyəti üçün sirr deyil. O da sirr deyil ki, ingilislər çox emosianaldır və məhz futbol matçından sonra qarşıdurmalara meyillidirlər. Bu çılğınlığın fonunda ingilis azarkeşlərin Bakıda, özü də sərxoş vəziyyətdə müəyyən insidentə səbəb olacaqlarını proqnoz edənlər də var idi. Hətta bu çılğınlığı, bu emosianallığı nəzərə alaraq Azərbaycanın paytaxtında böyük bir qarşıdurma olacağına ümid edənlər də az deyildi və bu məqsədlə əvvəlcədən düşünülmüş qara piar da aparırdılar. Sözsüz ki, bu Azərbaycanı gözü götürməyənlərin, ermənilərin, ermənipərəslərin apardığı təbliğat idi. Məqsəd isə ölkəmizi gözdən, nüfuzdan salmaq, reytinqinə xələl gətirməkdən başqa bir şey deyildi. Amma niyyəti pis olanların gözləntiləri özünü doğrultmadı və Azərbaycan bu sınaqdan da üzü ağ, alnı açıq çıxdı.
Azərbaycan paytaxtının yarış üçün seçilməsi ağzıgöyçəklərin iddialarının boş və cəfəngiyyat olduğunu təsdiq edən fakt kimi kifayət idi
Ölkəmizi gözü götürməyən qüvvələrin müxtəlif qüsurlar axtarması əslində əvvəlcədən də çox məntiqsiz görünürdü. Çünki, bu yarışı keçirmək üçün Azərbaycanda infrastrukturun lazımi səviyyədə olmadığını iddia edənlər bilməli idilər ki, əgər infrastruktur yüksək səviyyədə olmasaydı bu yarış üçün məkan Bakı seçilməzdi. Yəni Azərbaycan paytaxtının yarış üçün seçilməsi ağzıgöyçəklərin iddialarının boş və cəfəngiyyat olduğunu təsdiq edən fakt kimi kifayət idi.
Bəlkə də bu cəfəngiyyatı dərk edənlər özləri başqa varianta, erməni əsilli oyunçunun, Henrix Mxitaryanın üzərində belə bir anti-Azərbaycan kampaniyaya əl atırdılar. Yəni, bölgədə ən həssas məqamdan istifadə etməyə belə gedirdilər ki, ölkəmizə qarşı hücum edə bilsinlər. Bir növ cəmiyyətdə bir “Mxitaryan şou” su yaratmaq istəyirdilər. Çox acınacaqlı haldır ki, bəzi beynəlxalq qurumlar belə ikili standartların fonunda bu oyunlara alət olmaqdan da çəkinmirdilər. Mxitaryanın oyunda iştirak etməkdən imtina etməsini bayraq edərək müxtəlif qərəzli çıxışlara, bəyanatlara da yol verilirdi. Halbuki, Azərbaycanın idmanı siyasətə qarışdırmadığı, erməni əsilli futbolçuya təhlükəsizlik təminatı verdiyi də hamısına bəlli idi. Bu baxımdan erməninin bu şousu da məntiqi əsassız bir oyuna çevrildi və tez bir zamanda uğursuz nəticələndi.
Sərxoş ingilis azarkeşlərinə qarşı, insident yaratmaq istəyənlərə qarşı Azərbaycan dözümlü davranış nümayiş etdirib
Otellərin belə yetəri sayda olmamasını iddia edənlər yüksək səviyyədə qarşılandıqları kimi, yüksək səviyyədə yola da salındısa bu o deməkdir ki, ermənilərin və ermənipərəst qüvvələrin dövriyyəyə buraxdıqları cəhdləri də alınmadı. Hətta matçın keçirildiyi gün azarkeşlərin stadionda matçı seyr etməsi, istərsə də geriyə dönüşü problemsiz təşkil olundu və sıxlıq da yaranmadı. Finaldan öncəki günlər də, final günü də hər hansı bir problemin, insidentin olmamasını tədbirin yüksək səviyyədə təşkil olunduğunu aydın nümayiş etdirdi və anti təbliğat aparmaq istəyənlərin ümidlərini puça çıxardı. Əslində, ingilis çılğınlığının fonunda bu qədər rahat yarış keçirilməsi tarixi hadisə kimi qeydə alındı.
Tezliklə ingilislər belə etiraf edəcəklər ki, sərxoş ingilis azarkeşlərinə qarşı, insident yaratmaq istəyənlərə qarşı Azərbaycan dözümlü davranış nümayiş etdirib. Etiraf edəcəklər ki, ölkəmiz həm təhlükəsiz ölkə, həm yüksək səviyyədə infrastruktura malik dövlət olmaqla yanaşı, eyni zamanda ümumiyyətlə Azərbaycan beynəlxalq yarışların keçirilməsi üçün tam rahat şəkildə məkan kimi seçilə bilər.
Bir sıra xarici KİV-lərin ermənilərin əks təbliğatının rüporuna çevrilməsi onların özləri üçün çox acınacaqlıdır
Bir çox xarici mətbuat səhifələrində, ələlxüsus erməni mətbuatında müxtəlif yalan və böhtan üzərində qurulmuş söz-söhbətlər dövriyyəyə buraxıldısa da bunun mənasız və əsassız olduğu ən tez zamanda özünü göstərdi. Təbii ki, erməni mətbuatında belə qarayaxmaların olacağı da gözlənilən idi. Hətta, Mxitaryan kimi bir erməni əsillidən istifadə edəcəkləri ağıla gələndir. Amma bir sıra xarici KİV-lərin ermənilərin əks təbliğatının rüporuna çevrilməsi onların özləri üçün çox acınacaqlıdır. Bir zaman erməni ssenarisi ilə, “ingilis azarkeşlər Azərbaycana getməyəcəklər”, deyənlər 60 min azarkeşin yarış zamanı stadiona toplaşması faktı qarşısında utanmaq məcburiyyətindədirlər.
Bir çox uyğunsuz iddialarının reallıqdan uzaq olduğunun şahidi olan qüvvələrin əlində oyuncaq olan KİV-lər indi də oyunun sönük keçdiyini, emosianallığın az olduğunu ictimaiyyətə çatdırmağa çalıışırlar. Oyunun sıxıcı olduğunu göstərmək istəyirlər. Bunu ölkəmiz üçün qüsur kimi təqdim etmək niyyəti güdürlər. Maraqlıdır, əvvəla, yarış keçirilən heç bir ölkə emosia deyilən bir öhdəliyi bu vaxta qədər heç vaxt üzərinə götürməyib və heç bir ölkəyə də bu barədə irad tutulmayıb. Heç tutula da bilməz və bu məntiqə belə uyğun deyil. Azarkeşlərin keçirdiyi hiss və həyəcanı idarə etmək, buna istiqamət vermək, bunu təşkil etmək heç ağıla sığan ola bilməz. Digər tərəfdən, ingilislər emosianallığa görə Azərbaycanı deyil, öz azarkeşlərini niyə qınamırlar?
Yaxud, final oyununda 5 qol sevinci izlənilən matçın sıxıcı olması iddiası necə, gülünc səslənmirmi? Bəlkə də qol sevinci yaşanmasaydı buna sıxıcı adı qoymaqda kimlərsə özündə bir cəsarət tapa bilərdi. Amma iki nəhəng komandanın final oyununda belə bir hesabı sıxıcı olmaq fikirlərini tamamilə alt-üst edir. Həm də axı, əgər azarkeş üçün oyun sıxıcı belə keçsə, yenə də bu məsələdə təşkilatçı ölkəni qınamaq absurddur. Bu məsələdə ingilislər gedib öz komandalarını, onların oyunlarını uzaq başı maraqsız oynadıqları ilə günahlandıra bilərlər. Ya da azarkeşlərini maraq göstərməməkdə suçlaya bilərlər.
Azərbaycan əleyhinə olan bütün iddiaların yalan olduğunu final matçının təşkilatçılığı ilə təsdiq etdi
Təbii ki, bütün bunlar, yəni gülünc iddialar, mənasız nöqsan axtarışları ondan xəbər verir ki, Azərbaycanın təşkilatçılıq etdiyi oyunda kimsə nöqsan tapa bilməyib və sadəcə hansısa məqamları nöqsan olaraq qabartmaq istəyir. Çünki, bu vaxta qədər hay-küy qopararaq oyunun uğursuz alınacağını iddia edənlərin ümidləri qırıldı və ölkəmizin yüksək təşkilatçılıqla keçirdiyi oyun azərbaycan əleyhinə olan bütün qüvvələrin iddialarını alt-üst etdi. Bu qüvvələrin əlinə oynayan KİV-lərin isə apardığı qara piar heç bir məna daşımadı və ən tez zamanda boğuldu.
Çirkin və yalan üzərində anti-Azərbaycan kampaniyası aparanlar, növbəti dəfə özlərinin qərəzli olduqlarını sübut edənlər yaxşı olardı ki, Avropada futbol yarışlarında, keçirilən oyunlardan sonra baş verən insidentləri xatırlasınlar. İkili standartları hər zaman Azərbaycana qarşı tətbiq etməkdə israrlı olanlar, öz gözlərində tiri görməyib başqalarının gözündə tük axtarırlar yaxşı bilirlər ki, köhnə qitədə, məhz elə İngiltərənin özündə futbol həyəcanı, oyundan sonra baş verən qarşıdurmalar, davalar heç bir ölkədə olan hadisələrlə müqaisəyə gəlməz. Bu baxımdan ölkəmizdə keçirilən final oyununa ağız büzənlər bilməlidirlər və bilirlər ki, bütün dünya ictimaiyyəti oyunların harada və necə keçirildiyindən, baş verən hadisələrdən xəbərdardır. Ona görə də iddia etdikləri çatışmazlıqların məhz özlərində olduğu halda başqalarını ittiham etmək heç cür qəbul edilən deyil.
Sözsüz ki, Azərbaycan əleyhinə olan bütün iddiaların yalan olduğunu final matçının təşkilatçılığı ilə təsdiq etdi. Bunu ingilis azarkeşləri də öz müsahibələrində etiraf etdilər. Burda, Azərbaycanda təhlükəsiz şəraitdə olduqlarını, təşkilatçılığın yükək səviyyədə olduğunu etiraf etdilər. Təbii ki, ölkənin rəsmi dairələrinin, dövlət orqanlarının olduqca səmərəli fəaliyyəti, mümkün problemlərin qabaqcadan müəyyənləşdirilməsi və onların aradan qaldırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla keçirilməsinin başlıca səbəbidir. Amma hər bir halda Azərbaycan göstərdi ki, istənilən səviyyədə yarışları, tədbirləri yüksək səviyyədə təşkl etmək və uğurla keçirmək gücünə, iqtidarına malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB