"Uğurların arxasında həyata keçirilən prinsipal siyasət dayanır" RƏY-ÖZƏL
“Avropa Liqasının final oyununun Azərbaycanda uğurla keçməsi nəticəsində dünya ölkəmizin sabit, təhlükəsiz, tolerant, iqtisadi sahədə inkişaf etmiş ölkə olduğunu öz gözləri ilə görmüş oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
O bildirib ki, idman növləri arasında futbol ən çox tamaşaçıya malik olmaqla yanaşı, həm də azarkeşlərinin çılğınlığı ilə fərqlənir: “Bu artıq dünyada da belə qəbul olunub. Ən çılğın azarkeşlərin də ingiltərə idman klublarını əhatə etdiyini nəzərə alsaq, onların tələblərinin Azərbaycanda yüksək səviyyədə qarşılanması üçün hər cür şərait yaradılmış, zəruri olan bütün məsələlər yüksək peşəkarlıqla hazırlanmışdı. Əminəm ki, Azərbaycanın idman yarışına yüksək səviyyədə ev sahibliyi etməsi bütün dünyada əks-səda doğuracaq”.
Əldə olunan uğurların ölkə başçısı İlham Əliyev tərəfindən həyata keçirilən düzgün, prinsipal siyasət nəticəsində əldə edildiyini deyən İ. Məmmədov söyləyib ki, final oyunu ilə bağlı hər bir detal, element dövlət başçısının birbaşa nəzarətində idi: “Hətta bununla bağlı xüsusi komissiya da yaradılmış və təşkilatçılığın beynəlxalq standartlara cavab verilməsi istiqamətində bütün lazımi işlər həyata keçirilmişdi”.
Deputat qeyd edib ki, ölkəmizdə həyata keçirilən beynəlxalq yarış və tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi, siyasi, sosial, mədəni sahədə həyata keçirilən inkişaf konsepsiyalarının təzühürüdür: “Azərbaycanda beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün lazımi infrastruktur mövcuddur. Bu, Respublika günündə Azərbaycan Prezidentinə dünya liderləri tərəfindən ünvanlanan təbrik məktublarında da qeyd olunurdu. ABŞ prezidenti Donald Trampın ünvanladığı məktubda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin arxasında prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin dayandığı qeyd edilmişdi. Bu, böyük, dünya siyasətinə diktə edən bir dövlətin Azərbaycana verdiyi yüksək dəyərdir”.
Azərbaycanın əldə etdiyi qələbə nəticəsində ölkəmizi gözü götürməyən qüvvələrin susduğunu deyən İ. Məmmədov vurğulayıb ki, niyə həmin qüvvələr Azərbaycanın uğuruna sevinib bir kəlmə belə danışmırlar?: “Uğurlu final oyunundan sonra Azərbaycanı sevməyən qüvvələr sanki dəryaya batıblar”.
Deputat əlavə edib ki, Azərbaycan bundan sonra daha böyük idman yarışlarının keçirilməsinə iddialıdır: “İnanıram ki, Azərbaycanın gələcəkdə Yay olimpiadalarının birinə ev sahibliyi edəcəyini də görəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB