"Respublikamız dünyada bir idman ölkəsi kimi tanınır" ÖZƏL-MÜNASİBƏT

"Respublikamız dünyada bir idman ölkəsi kimi tanınır" ÖZƏL-MÜNASİBƏT

“Avroliqanın möhtəşəm finalı – “Çelsi” – “Arsenal” oyununun keçirildiyi məkan kimi məhz Bakının seçilməsi Azərbaycanın günü-gündən artan gücünün, qüdrətinin göstəricisidir. Çünki bütün dünya artıq Azərbaycanın təşkilatçılığına bələddir. İstər “Avroviziya” müsabiqəsinin Birinci Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi istərsə də, “Formula-1” yarışlarının artıq neçə ildir ki, paytaxtımızda baş tutması onu göstərir ki, Bakı təşkilatçılıq missiyasını mükəmməl şəkildə yerinə yetirə bilir”. Bunu SİA-ya açıqlamasında “Azərbaycan-Türk evi” nin icraçı direktoru, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili deyib.

Onun sözlərinə görə, hər halda Bakıya gələn çoxsaylı turistlər, əcnəbi media təmsilçiləri, ekspertlər bunu öz çıxışlarında təsdiqləyiblər: “Bakı dünya turistlərinin özünü rahat hiss etdiyi təhlükəsiz şəhərdir. Bu günə qədər təşkil olunan tədbirlərin yüksək təhlükəsizlik şəraitində təşkil olunması, insanların özlərini tam əminlikdə hiss etmələri Azərbaycana olan etibarı dəfələrlə artırmış oldu. Biz ötən ay yekunlaşan “Formula-1” yarışları zamanı da bunun şahidi olduq. Dünyanın ən elit idman növlərinin məhz Bakıda təşkil olunması ölkəmizə olan etimadın təcəssümüdür.

Respublikamız artıq dünyada bir idman ölkəsi kimi tanınır. Bunun əsas səbəbkarı Azərbaycan Prezidenti İlham Əliyevin uğurla apardığı siyasətdir. Bütün bunları görməzliyə vuran, bu missiyaya qarşı qara kampaniya aparan erməni lobbisinin maliyyə dəstəyi ilə hərəkət edən şəbəkə mövcuddur. Lakin xalqımız hər şeyi yaxşı görür və dərk edir ki, bu işlər asan başa gəlmir və ölkəmizin beynəlxalq nüfuzu günü-gündən artmaqdadır. Hər halda, Avroliqa kimi mühüm final qarşılaşmasının Bakıda keçirilməsi də bu etimaddan, inamdan gəlinən nəticədir.

Təsəvvür edin ki, həmin gün, bəlkə də, milyarddan çox tamaşaçının diqqəti Azərbaycana yönəldi. Mxitaryan mövzusunu süni şəkildə şişirtməyə çalışırlar. Halbuki, Azərbaycan dövləti əvvəlcədən sağlam mövqeyini bəlli edib. Bizim siyasətimiz kimlərisə qane etmirsə, ölkəmizin tolerantlıq mühiti hansısa antiazərbaycan şəbəkənin ovqatını korlayırsa bunun məsuliyyəti həmin qüvvələrin üzərinə düşür. Ölkəmiz hər zaman öz yolu ilə gedəcək və bu günə qədər formalaşdırdığı beynəlxalq rəyi hər zaman qoruyub saxlayacaq. Qarayaxma kampaniyasının iştirakçısı olan düşmənlərimizin fəaliyyəti isə həmişəki kimi fiaskoya uğrayacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə