Ermənistan vətəndaş qarşıdurması ərəfəsindədir
Ermənistanda Qarabağ erməniləri ilə Yerevan erməniləri arasında qarşıdurmalar davam edir. Belə ki, ölkənin ikinci prezidenti Robert Koçaryanın həbsdən azadlığa çıxması ilə dərhal Nikol Paşinyan hakimiyyətinə qarşı bəyanatlar səsləndirməsi, o cümlədən, erməni baş nazirin insanları yenidən küçələrə səsləməsi gərginliyi saxlamaqdadır. Artıq qondarma “DQR”dən də müəyyən mesajlar verilməkdə, habelə keçmiş prezident Serj Sarkisyanın da sözügedən məsələdə rol almasında müxtəlif faktlar üzə çıxmaqdadır.
Nikola qarşı sətiraltı hədələr yağdırıb, ultimatumlar göndərib
Lakin bu arada əsas hücumçu rolunu Robik ləqəbi ilə də tanınan Koçaryan oynamaqdadır. Belə ki, bugünlərdə onun tərəfdarları ilə görüş keçirməsini əks etdirən görüntülər yayılıb. SİA xəbər verir ki, erməni mediasının verdiyi məlumata görə, o öz çıxışında baş nazir Nikola qarşı sətiraltı hədələr yağdırıb, ultimatumlar göndərib.
“On il öncə mənə elə gəlirdi ki, həyatımdakı bütün əsaslı hadisələr artıq geridə qalıb və bundan sonra çox sakit həyat məni gözləyir. Lakin mən yanılmışam”, deyə qeyd edən Koçaryana görə, həbsxana bir insanı azadlıqdan yalnız fiziki anlamda məhrum etmir, eyni zamanda, iradəyə və düşüncəyə məhdudiyyət qoya bilmir.
Koçaryan: “Açığını desəm, bir il qabaq mən düşünmürdüm ki, qarşıda bu qədər işlər var”
Düzdür, Koçaryan çıxışında birbaşa Ermənistanın mövcud hakimiyyətinin və rəhbərliyinin adını çəkməsə də, bundan sonra sərt mübarizəyə başlayacağına işarə edib. Bu baxımdan o, irəliyə getmək üçün ciddi motivlərin olduğunu bildirib. Söz yox ki, bu motivlər Qarabağ kalnının Yerevana meydan oxuyacağı faktorudur. “Mən çox sevinirəm ki, bu mübarizədə yeni və ciddi motivlər var və mən həmin mübarizədə tək deyiləm. Çox maraqlı, fəal komanda da mövcuddur ki, biz həmin vasitə ilə qələbə əldə etmək üçün irəliyə gedəcəyik. Açığını desəm, bir il qabaq mən düşünmürdüm ki, qarşıda bu qədər işlər var”.
Ox yaydan çıxıb və Nikol Paşinyan tərəfə istiqamət götürüb
Beləliklə, fakt budur ki, Robert Koçaryan Nikol Paşinyana qarşı barışmaz, qisasçı cəbhə açır və həmin cəbhədə yer alanların əksəriyyəti istər onun dövründə, istərsə də Qarabağ klanının digər fiquru – Serj Sarkisyanın hakimiyyəti zamanı yüksək mövqe tutmuş şəxslərdirlər. Əlbəttə ki, onlar itirdiklərini daha çox şəkildə geri qaytarmaq planını əsas olaraq qarşılarına məqsəd kimi qoyublar. Koçaryanın bu çağırışları isə Ermənistanda vətəndaş qarşıdurmasının ilk qığılcımı kimi də qiymətləndirmək mümkündür. Hər halda, artıq ox yaydan çıxıb və Nikol Paşinyan tərəfə istiqamət götürüb.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB