"Qazın limitinin artırılması, sosial islahatların davamıdır" RƏY-ÖZƏL

"Qazın limitinin artırılması, sosial islahatların davamıdır" RƏY-ÖZƏL

“Müstəqil Azərbaycanda əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi hər zaman Prezident İlham Əliyevin apardığı siyasətin başlıca prioritetlərindən olub. Ölkə başçısının birbaşa rəhbərliyi altında pensiyalar, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi, məşğulluq sahələrində şəffaflığın və sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik, korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı mühüm addımlar atılıb. Bu da birbaşa əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına, xidmət edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrin inkişafına təkan verən güclü iqtisadi təməl yaradılıb, daim hərəkətdə olan mexanizm qurulub: “Bunun nəticəsidir ki, bu gün ölkəmizdə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi daim diqqət mərkəzinə gətirilir, bu istiqamətdə ardıcıl proqramlar həyata keçirilir, sistemli addımlar atılır.

Hakimiyyətə gəldiyi ilk günlərdə ölkə əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi əsas hədəflər sırasında olacağını bildirən ölkə Prezidenti hər ötən ayda, ildə vədinə sadiq olduğunu nümayiş etdirdi. Bəli, xalqın böyük coşqu ilə səs verdiyi prezidenti İlham Əliyev öz prioritetlərinə sadiqdir”.

Deputat söyləyib ki, bu vaxta qədər məhz dövlətimizin başçısının təşəbbüsü ilə sosial sahəni əhatə edən bir sıra proqramlar həyata keçirilib, geniş əhatə dairəsinə malik böyük layihələr icra olunub: “Hətta dövlətin gəlirləri azaldığı illərdə belə Prezident büdcənin sosial yükünü azaltmadı, sosial infrastruktur layihələrinin icrasında ləngimələrin yaranmasına imkan vermədi. Böhran səbəbindən bəzi dövlətlərdə maaş və pensiyalar azaldıldığı halda, ölkəmizdə artırıldı, sosial təşəbbüslər gündəmdən salınmadı. Təkcə bu fakt göstərdi ki, Prezident İlham Əliyev daim ölkə vətəndaşlarını düşünür, onların sosial problemlərinin həllinə xüsusi həssaslıqla yanaşır. Sosial məsələlərin həlli istiqamətində həyata keçirilən siyasət müvəqqəti deyil, davamlı və prinsipial xarakter daşıdı. Bu gün Azərbaycanda dünya ölkələrinə nümunə olacaq mükəmməl sosial təminat sistemi qurulub”.

N.Həmzəyev qeyd edib ki, tarixə islahatlar ili kimi daxil olan 2019-cu ildə sosial islahatların ardı-arası kəsilmir: “ Hər kəs aydın şəkildə görür ki, dövlətimizin başçısı həmişə olduğu kimi, bu gün də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün zəruri qərar və sərəncamlar verir. Prezident İlham Əliyev ölkə vətəndaşlarına olan böyük diqqət və qayğının nümunəsi olaraq daha bir humanist addım atdı. Cənab İlham Əliyevin tapşırığı əsasında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarına əsasən təbii qazın illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırıldı. Sosial sahədə aparılan əvvəlki islahatların davamı olaraq qazın limitinin artırılması vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan vətəndaşı əmindir ki, Prezident İlham Əliyevin iti zəkası, məqsədyönlü siyasəti sayəsində ölkəmizdə yaradılan dövlət-xalq birliyi, dinamik inkişafda olan iqtisadiyyatı bundan sonra da xariqələr yaradacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə