Azərbaycandakı demoqrafik inkişaf dünya mətbuatının diqqətindədir
Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatlar kursu ölkəmizdə dayanıqlı inkişafının təmin olunmasına imkan yaradıb. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə edib və ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib.Dövlət başçısının sosialyönümlü istiqamətində, apardığı uğurlu siyasət nəticəsində, əhalinin sosial rifah halı yaxşılaşıb, işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Bu siyasətin mərkəzində isə, Azərbaycan vətəndaşı dayanır. Azərbaycanda son illər baş vermiş həm siyasi, həm də sosial-iqtisadi dəyişikliklər demoqrafik inkişafa ciddi təsirini göstərib. Ölkəmizdə əhalinin sağlamlığının və həyatının yaxşılaşdırılması hesabına uzunömürlülük, nikah və boşanma proseslərinin, bütünlükdə, cəmiyyətin və ayrılıqda hər bir ailənin mənafeyinə uyğun tərzdə nizamlanması, ictimai tərəqqinin həm yaxın, həm də uzaq gələcəyə perspektivləri nəzərə alınmaqla, miqrasiya proseslərinin tənzimlənməsi və digər amillər ölkəmizdə demoqrafiyanın inkişafına təsirsiz ötüşməyib. Bunun real təzahürü ölkə əhalisinin sabit artım tempinin davam etməsində aydın şəkildə özünü göstərir. Əhalisinin sayı hər il sabit şəkildə artaraq 10 milyona çatan ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla, demoqrafik inkişafa təkan verir. Bildiyimiz kimi, Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi hər bir azərbaycanlının fərəhinə səbəb oldu. Azərbaycanda baş verən bu inkişaf dünyanın bir çox ölkələrinin mətbüat səhifələrinin gündəmindədir. İndoneziyanın ingilis dilində nəşr edilən nüfuzlu "The Jakarta Post" qəzeti Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi barədə xüsusi məqalə dərc edib. Məqalədə bu xəbərin ölkə əhalisi tərəfindən böyük sevinclə qarşılandığı və Azərbaycanın 10 milyon əhalisi olan ölkələr klubuna daxil olması ilə əlaqədar hər yerdə bayram tədbirlərinin keçirildiyi vurğulanır.Rumıniyanın "AGERPRES" xəbər agentliyi Azərbaycanın on milyonuncu sakininin dünyaya gəlməsi ilə əlaqədar yaydığı məlumatda bildirilir ki, keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva bu əlamətdar hadisə münasibətilə Azərbaycan xalqını və körpənin ailəsini təbrik edib, hədiyyələr təqdim ediblər. Bununla əlaqədar Bakıda atəşfəşanlıq və konsert təşkil olunub. Yazıda o da vurğulanır ki, Azərbaycan hökumətinin əsas məqsədləri yoxsulluğun azaldılmasında və həyat səviyyəsinin yüksəldilməsində uğurlar qazanmaq, ölkənin sosial-iqtisadi inkişafı ilə əhalinin rifahını artırmaqdır.Polşa mətbuatı da bu hadisəyə laqeyd qalmayıb. "Decydent" jurnalında Azərbaycanın 10 milyonuncu sakini barədə jurnalist Yasek Potoskinin məqaləsi dərc olunub. Yazıda oxuculara Azərbaycanın inkişafı, dünyadakı rolu və regiondakı əhəmiyyəti, həyata keçirdiyi layihələr barədə qısa məlumatlar təqdim olunur.İsveçrənin "www.zeitung.ch" portalında isə "Azərbaycan sakinlərinin sayı 10 milyon nəfərə çatıb" sərlövhəli məqalə verilib. Məqalədə son əsrlərdə Azərbaycandakı demoqrafik inkişafa nəzər salınıb. Qeyd edilib ki, 1897-ci ildə Azərbaycanda əhalinin sayı 1,807 milyon nəfər, Birinci Dünya müharibəsindən əvvəl isə 2,339 milyon nəfər olub. Dünya müharibəsi, azərbaycanlılara qarşı soyqırımı, xarici müdaxilələr ölkə əhalisinin sayına mənfi təsir göstərib və 1920-ci ildə əhalinin sayı 1,952 milyon nəfərə düşüb. Məqalədə, həmçinin, 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlının Azərbaycana deportasiyası, Ermənistanın Azərbaycana hərbi müdaxiləsi, həmçinin, 1988-ci ildə bu ölkədəki azərbaycanlıların son nəfərədək qaçqına çevrilməsi nəticəsində, Azərbaycanda demoqrafik mənzərənin dəyişdiyi diqqətə çatdırılıb.Xatırladaq ki, 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faizdən çox artıb. Azərbaycanda hər il doğulanların sayı artır. Belə ki, 2018-ci ildə ölkədə 139 min doğulmuş körpə qeydə alınıb. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. 2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub.Əhalinin artımı qarşısında genişmiqyaslı tədbirlər görülür, yeni uşaq bağçaları və məktəblər, müalicə müəssisələri, idman kompleksləri istifadəyə verilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsaslanmaqla, ölkəmizdə davamlı demoqrafik inkişafın təmin edilməsi üçün əhali sakinliyi və demoqrafik inkişaf sahəsində yeni Dövlət Proqramı layihəsi hazırlanıb ki, layihədə ailə institutunun möhkəmləndirilməsi və ailə dəyərlərinin təbliği, ailələrə, xüsusilə, gənc ailələrə sosial-iqtisadi dəstəyin gücləndirilməsi, əhalinin reproduktiv sağlamlığının gücləndirilməsi və həyat şəraitinin təhlükəsizliyinin yüksəldilməsi kimi prioritet istiqamətlər müəyyən olunub.Əlbəttə ki, Azərbaycan əhalisinin sayının sürətli artımı hökumətin düzgün demoqrafik siyasətinin və ölkənin davamlı iqtisadi inkişafının nəticəsidir. Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində, bütün sahələrdə mühüm tarixi nailiyyətlərə imza atan, iqtisadi qüdrətini artıran, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan ölkəmizdə sosial rifah səviyyəsinin də, davamlı olaraq, yaxşılaşması özünü göstərir. Bu amillər isə demoqrafik inkişaf üçün vacib şərtlər sırasındadır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB