"Opinion Way" şirkətinin sorğusu göstərdi ki, Prezident İlham Əliyev 16 illik Prezidentlik fəaliyyəti dövründə yüksək reytinqə malik dövlət başçısıdır
Dövlət başçısı İlham Əliyev ilk dəfə prezident seçildiyi dövrdən 16 il keçir. 16 il öncə, yəni oktyabr ayının 15-də Azərbaycan seçiciləri növbəti prezident seçkilərində 76 faizdən çox səs verərək, Ona 5 illik müddətinə ölkəyə rəhbərlik mandatı verdilər. Həmin vaxtdan ötən 16 il ərzində də, Azərbaycan seçiçiləri daha 3 dəfə - 2008, 2013 və 2018-ci il (aprel) seçkilərində də böyük səs çoxluğu ilə Cənab İlham Əliyevə etimad göstərdilər, Onu yenidən Prezident seçdilər.
Prezident İlham Əliyevin son 16 il ərzində xalqın rifahı naminə həyata keçirdiyi məqsədyönlü siyasət bu gün ölkəmizi keçid dövründən sonrakı növbəti və daha uğurlu bir mərhələyə daşımaqdadır.
Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi dövr Azərbaycan üçün regional, beynəlxalq, daxili problemlərlə müşayiət olunub, lakin Onun dövlət rəhbərliyinə gəlişi Azərbaycanı, Cənubi Qafqaz regionunu bir çox problemlərdən xilas etdi. Eyni zamanda, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyev kimi siyasət patriarxından sonra liderliyə gəlişi ilə xalqın inamını, etibarını və maraqlarını qoruyub-saxlaya bildi. Bu gün Azərbaycanın həm daxili, həm də beynəlxalq mövqelərinin güclənməsi, məhz İlham Əliyevin adı ilə bağlıdır. Cənab İlham Əliyev strateji planlama LİDERİDİR. Dövlət başçısı yüksək ideyalarla yaşamağı bacaran, xalqını dəqiq hədəflərə apara bilən LİDERDİR. Dövlət başçısı İlham Əliyevin 15 illik Prezidentlik dövrü millətimiz üçün uğurlu olub, bu kurs davam etməkdədir. Prezident İlham Əliyevin 2018-ci ildə Prezident seçilməsi sübut edir ki, O, milli faydaları xalqı üçün yaşatmaqdadır.
2003-2018-ci illər - möhtəşəm iqtisadi yüksəliş dövrü
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Bu illər ərzində, əldə olunan uğurlu göstəricilər deyilənlərin real sübutudur. Belə ki, bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə, xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi 6 dəfə, regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əldə olunan nailiyyətlər ölkədə sistemli şəkildə həyata keçirilən islahatlar nəticəsində, iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi sayəsində mümkün olub.
Əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. Hər 100 ailəyə 53 avtomobil düşür, 1 958 400 yeni iş yeri açılıb, 326,6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Əhalinin sosial müdafiəsinin güclənməsinə səbəb olan mühüm sosial layihələr reallaşdırılıb, yeni sosial obyektlərin tikintisi istiqamətində əhəmiyyətli işlər görülüb. Güclü sosial siyasətin həyata keçirilməsi əhalinin keyfiyyətli və etibarlı sosial qayğı ilə əhatə olunmasına imkan yaradıb, sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinə xüsusi diqqət gücləndirilib. Paytaxtdakı və regionlardakı iqtisadi ehtiyatların səfərbər edilməsi yeni müəssisələrin və iş yerlərinin açılmasına, işsizliyin səviyyəsinin xeyli aşağı salınmasına, insanların layiqli yaşayışının təmin edilməsinə səbəb olub. Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ən mühüm üstünlüklərindən biri ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların dərin konseptual əsaslar və hər sahədə dinamik inkişafı təmin edən konkret proqramlarla dəstəklənməsidir.
Azərbaycan islahatların önündə gedən dövlət kimi əksər aparıcı reytinq agentliklərinin hesabatında və keçirilən rəy sorğularında daim diqqət çəkmişdir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanda aparılan islahatlara yüksək qiymət vermişlər. Davos Forumunun "İnklüziv inkişaf indeksi" illik hesabatında (2017) ölkəmiz inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlmişdir. Belə faktlar kifayət qədər çoxdur.
Növbəti reytinq agentliklərindən biri, Fransanın "Opinion Way" şirkəti cari ilin mart ayında, Naxçıvan MR istisna olmaqla, Azərbaycanın bütün bölgələrində apardığı rəy sorğusunda ölkəmizin qazandığı uğurları təsdiq etmişdir. Bu şirkətin rəhbəri Brüno Janbar, bir neçə gün əvvəl, Beynəlxalq Mətbuat Mərkəzində təşkil edilən konfransda sorğunun nəticələrini elan edərək, bildirib ki, Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz" sualına respondentlərin 85,1 faizi, bütövlükdə, müsbət cavab verib.
"Opinion Way"in sorğusunda respondentlərin 75,6 faizi Prezidentin seçkiqabağı vədlərini yerinə yetirdiyini təsdiqləyib
Prezident İlham Əliyev 2019-cu il yanvarın 14-də dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzaladı, idarəetmə sistemində çevikliyin və effektivliyin təmin edilməsi məqsədilə struktur islahatlarına start verdi. Son bir ildə məhkəmə-hüquq sisteminin modernləşməsi prosesi aparılmış, apellyasiya və inzibati-iqtisadi məhkəmələrin fəaliyyəti təkmilləşdirilmişdir. Prezident 2019-cu il aprelin 3-də "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzalamışdır. Bu sənəddə ədalət mühakiməsinin formalaşdırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi və digər mühüm məsələlərin həll olunması istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur. Məhkəmə-hüquq sahəsində mühüm islahatlardan biri də mediasiya institutunun yaradılması ilə bağlı martın 29-da müvafiq qanunun Prezident tərəfindən imzalanmasıdır. Cinayət törətmiş şəxslərin bağışlanması, artıq mərhəmət ənənəsinə çevrilmiş, 2019-cu il 16 mart tarixində "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalanmışdır.
Bir sözlə, "Opinion Way" şirkətinin sorğusu Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrini əhatə etmiş və mövcud vəziyyəti olduğu kimi dəyərləndirə bilmişdir. Əhəmiyyətli məqam olaraq, bir faktoru vurğulamaq yerinə düşər ki, bu gün heç bir postsovet məkanında Azərbaycanda olduğu qədər xalq-dövlət vəhdətinin sarsılmaz birliyi yoxdur. Əbəs yerə deyil ki, bütün seçki ərəfələrində Azərbaycan cəmiyyətində ölkənin gələcəyi, onun strateji inkişaf kursu ilə bağlı ciddi fikir ayrılığının olmadığı, məhz xalqın rəyi əsasında sübuta yetirilib. Həmçinin, istər yerli, istərsə də xarici ekspertlər, politoloqlar, müxtəlif nüfuzlu ictimai-siyasi institutlar, araşdırma və sorğu mərkəzləri dəfələrlə bəyan ediblər ki, Prezident İlham Əliyev, şəksiz lider olaraq, qarşısına qoyduğu bütün vəzifələrin öhdəsindən layiqincə gəlir, xalqına verdiyi bütün vədləri reallaşdırır.
Bunu Fransanın "Opinion Way" şirkətinin keçirdiyi rəy sorğusu da göstərdi ki, Prezident İlham Əliyev ölkə vətəndaşlarının yüksək etimadını qazanıb. Bütün bunlar isə, belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, xalqımızın mütləq əksəriyyəti İlham Əliyevin gördüyü işləri bəyənir və Azərbaycan Prezidentinə hər zaman etimad göstərməyə hazırdır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB