Parçalanmış “AXH”-nin “razborkası” çayxanalarda davam edəcək MÜXALİFƏTDAXİLİ SAVAŞ

Parçalanmış “AXH”-nin “razborkası” çayxanalarda davam edəcək MÜXALİFƏTDAXİLİ SAVAŞ

Bu fakt bir daha göstərdi ki, müxalifətin birləşmək, ümumi mövqedən çıxa bilmək şansları tamamilə itirilib

AMDP sədri İsgəndər Həmidovun “Azərbaycan Xalq Hərəkatı”nı (“AXH”) inhisarına almaq cəhdi puça çıxdıqdan sonra, bu qurum iki yerə parçalandı. Demək olar ki, bir neçə ay ümumi fəaliyyət göstərən “AXH” sonuncu iclasında baş verən dava-dalaşın ardınca parçalandı. Bu fakt isə bir daha göstərdi ki, müxalifətin birləşmək, ümumi mövqedən çıxa bilmək şansları tamamilə itirilib.

Onu da qeyd edək ki, “AXH” hazırda iki qanada ayrılıb və onlardan digərinə“Ağ partiya”nın sədri Tural Abbaslı dönəm sədrliyi edir. Bu mənadan, nəzərə alarsaq ki, tərəflər arasındakı dava onlar arasındakı bağlantıları tamamilə kəsib, bu zaman həm də belə bir nəticəyə gəlmək mümkündür ki, oradakı vəziyyət nəzarətdən çıxıb.

Baxmayaraq ki, İ.Həmidov jurnalistlərə açıqlamasında qarşı tərəfin nümayəndələri ilə görüş keçirmək barədə razılığa gəlindiyini deyib, hələlik qarşı tərəf AMDP sədrinə heç bir müsbət cavab verməyib, görünür bundan sonra da verməyəcək.

Bu, bir daha köhnə və naftalin qoxusu verən müxalifətin hələ də küçə, çayxana tipli siyasət yürütmək şakərlərinin itmədiyinin göstəricisidir

Daha bir diqqətçəkici məqam görüşün baş tutacağı halda yerinin müəyyənləşdirilməsidir. İ.Həmidov bununla bağlı deyib ki, görüş baş tutarsa, AMEA-nın çayxanasında qarşılaşacaqlar. Bu, bir daha köhnə və naftalin qoxusu verən müxalifətin hələ də küçə, çayxana tipli siyasət yürütmək şakərlərinin itmədiyinin göstəricisidir. Siyasi polemikalarını çayxanalarda, hətta “yüzxanalarda” aparan bu kimi dırnaqrarası müxalifət “liderlərindən” başqa heç nəyi gözləməyə də dəyməz. "Görüşdə bizim tərəfdən mən, Valeh Mirzəyev, digər tərəfdən isə Rəhim Qazıyev və onların müəyyənləşdirəcəyi digər iki nəfər iştirak edəcək", deyə AMDP sədri bildirib.

KXCP və GAP qərargahlarında parçalanmış iclas?

Yeri gəlmişkən, “AXH”nin parçalanmış iclası iki ünvanda keçirilib. Belə ki, biri Mirmahmud Mirəlioğlunun sədri olduğu KXCP-də, digəri isə Ağasəf Şakiroğlunun sədri olduğu və Rəsul Quliyev tərəfindən maliyyələşdirilən GAP-da. “Hərəkatın” GAP-dakı iclasına idarə heyətinin 12, KXCP-dəkinə isə 9 nəfər qatılıb.

Onu da qeyd edək ki, AXH-də təmsil olunan partiyaların tam əksəriyyəti KXCP qərargahına toplaşıb. İclaslarda bir həftə öncə hərəkatın dönəm sədri T.Abbaslı ilə AMDP sədri İsgəndər Həmidov arasında yaşanan qarşıdurma müzakirə edilir.

Tərəflərin tələbləri dəyişməyib... Köhnə müxalifətçilər belə, “AXH” də baş verən məlum hadisələri sirk tamaşası adlandırırlar

Maraqlı məqam isə budur ki, tərəflər ayrı-ayrılıqda toplantılar keçirsələr belə, daha öncəki qalmaqallı iclasdakı tələblər qüvvəsində qalmaqdadır. Belə ki, İ.Həmidovun iştirak etdiyi GAP-dakı iclasda bir həftə əvvəl olduğu kimi, bu dəfə də dönəm sədri T.Abbaslının “AXH”nin idarə heyətinin üzvlüyündən birmənalı olaraq çıxarılması tələbləri səslənir. Parçalanmış “AXH”-nin “razborkası” isə çayxanalarda davam edəcək. Çünki KXCP-də də T.Abbaslının sədrliyi ilə keçirilən iclasa qatılan sabiq müdafiə naziri Rəhim Qazıyev İ.Həmidovla telefon zəngi ilə əlaqə saxlayıb, neytral zonada görüş təklif edib. Bu mənada, görüşün çayxanada keçiriləcəyi ilə bağlı qərar ətrafda onlara qarşı istehza hisslərini oyadıb. Hətta ənənəvi müxalifətdə təmsil olunan köhnə müxalifətçilər belə, “AXH” də baş verən məlum hadisələri sirk tamaşası adlandırırlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə