TQDK abituriyentlərin fizikadan zəif nəticə göstərməsinin səbəblərini açıqladı

TQDK abituriyentlərin fizikadan zəif nəticə göstərməsinin səbəblərini açıqladı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-cu ildə ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanında fizika fənnindən istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlili başa çatıb. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, test tapşırıqları orta məktəb kursunun mexanika, molekulyar fizika və termodinamika, elektrodinamika, optika, kvant fizikası, atom və nüvə fizikası bölmələrini əhatə edib.

Təhlil göstərib ki, abituriyentlərin əksəriyyəti "Mexanika" bəhsində "Statikanın əsasları", "Molekulyar fizika" bəhsində "Termodinamikanın əsasları", "Elektrodinamika" bəhsində "Elektrostatika","Sabit elektrik cərəyanı", "Elektromaqnit induksiya hadisəsi", "Elektromaqnit rəqsləri və dalğaları" mövzularına dair test tapşırıqlarına ya zəif cavab verib, ya da onlardan imtina edib. Nominasiyalar üzrə də statistik təhlil aparılıb və müəyyən edilib ki, abituriyentlərin müəyyən hissəsi faktoloji materiala əsaslanan düstur vahid və cihaza aid tapşırıqlara daha yaxşı, fiziki hadisə və proseslərin mahiyyətinin açılmasına yönəlmiş, biliklərin tətbiqini tələb edən və məntiqi düşüncəyə əsaslanan qrafik, keyfiyyət və hesablama tipli tapşırıqlara isə nisbətən zəif cavab verib.

Aparılan təhlil göstərib ki, fizikadan ənənəvi olaraq abituriyentlərin bir qisminin zəif nəticə göstərməsi üç amillə bağlıdır. Bunlar abituriyentlərin ümumi riyazi bilik səviyyələrinin zəif olması, fiziki hadisə və proseslərin mahiyyətini dərk edə bilməməsi, məktəblərin maddi-tezniki bazalarının aşağı səviyyədə olması. Təhlil göstərmişdir ki, abituriyentlərin bir qismi fiziki kəmiyyətlərin ölçülməsi üçün istifadə olunan cihaz və vasitələr, onların iş prinsiplərinə aid test tapşırıqlarına da cavab verməkdə çətinlik çəkir. Bu nəticə bilavasitə respublikanın orta ümumtəhsil məktəblərində fizika laboratoriyalarının maddi-texniki bazasının aşağı səviyyədə olması ilə əlaqədardır.

Laboratoriya dərslərinin keçirilməməsi, təcrübələrin aparılmaması, praktiki işlərin yerinə yetirilməməsi ona gətirib çıxarmışdır ki, abituriyentlərin böyük əksəriyyəti ən adi cihazların nəinki iş prinsipini, hətta nə üçün, hansı kəmiyyəti ölçmək üçün istifadə olunduğunu da bilmir.

Abituriyentlər ümumiyyətlə, keyfiyyət tipli test tapşırıqlarında daha aşağı nəticə göstəriblər. Bu tipli tapşırıqlarda, adətən, fiziki kəmiyyətlər arasında asılılığı, müxtəlif parametrlərin dəyişməsinin sistemin tam enerjisinə təsirini araşdırmaq, prosesin gedişində bu və digər kəmiyyətin necə dəyişəcəyi barədə nəticə çıxarmaq lazım gəlir. Əksər abituriyentlər iki və daha çox fiziki hadisənin mahiyyəti ilə bağlı biliklərin istifadə edilməsinə dair test tapşırıqlarına cavablarda da kobud səhvlərə yol verib və ya onları cavablandırmaqdan imtina etmişlər. Seminar iclasında buna əsas səbəb kimi tədris prosesində fənlər arasında və eləcə də fizikanın müxtəlif bölmələri arasında əlaqələrin öyrənilməsinə kifayət qədər fikir verilməməsi göstərilib. Digər bir səbəb isə abituriyentlərin riyazi bilik səviyyələrinin zəif olmasıdır. Bu özünü əsasən qrafik, hesablama və keyfiyyət tipli test tapşırıqlarının həllində göstərir. Abituriyentlərin əksəriyyəti məhz lazımi riyazi çevrilmələrdə səhvlərə yol verir, düsturlardan parametrləri düzgün təyin edə bilmir.

Müzakirələr nəticəsində abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarına dair metodiki tövsiyə hazırlanması və tövsiyənin "Abituriyent" jurnalının ikinci sayında dərc edilməsi qərara alınıb. Növbəti seminar iclasında 2010-cu ildə ali məktəblərə qəbul imtahanlarında I və IV ixtisas qrupları üzrə abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahına dair hazırlanan metodiki tövsiyənin müzakirəsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə