Xəyanətkarın ağı-qarası olmur

Xəyanətkarın ağı-qarası olmur

Dövlətə xəyənət edənlərin hamısı cəzasını alacaq

Bu gün ölkəmizin günü-gündən artan inkişafını görməyən, şəxsi maraqlarına görə milli dəyərimizi gözdən salan sapı özümüzdən olan baltalar var. Bu ünsürlər "siyasi mühacir" adı altında çörəyini yeyib, suyunu içdikləri vətənlərinə qarşı antitəbliğat kampaniyası aparmaqla erməni lobbisi tərəfindən lazımi maliyyə dəstəyi alırlar. Azərbaycanın uğurlu inkişafından qıcıqlanan və erməni lobbisinin maliyyələşdirdiyi bu əxlaqsız və satqınlar həyasızcasına çirkin əməllərindən əl çəkmirlər.
Xarici anti-Azərbaycan qüvvələrin əlində oyuncağa çevrilən, qul psixologiyalarından yaranan erməni sevgilərini, fürsət düşdükcə, açıq-aşkar nümayiş etdirməkdən belə utanmayan müxalif ünsürlər ictimai qınağın ən böyük cəza olduğunu unudurlar. Onu da unudurlar ki, Vətənə, xalqa xəyanət heç kimə başucalığı gətirə bilmədiyi kimi, heç vaxt da bağışlanılmayacaq. Ən əsası isə, itirilmiş mənəviyyatlarını milyonlar xərcləsələr də, bərpa etmək imkanında olmayacaqlar. Necə ki, bu gün bu əxlaqsız və satqın Ermənistan xüsusi xidmət orqanlarının agenti Faxrəddin Abbaszadə Azərbaycanın hüquq- mühafizə orqanları tərəfindən həbs olundu.

Düşmən yalı ilə bəslənənlər sonda ifşa olunurlar

Bu, belə də olmalı idi. Hər gün bir cinayətkar, Vətən xaini peyda olur, sonra da adını qoyurlar "siyasi məhbus" və başlayırlar bu cinayətkarın müdafiəsinə. Özü də kimlər müdafiə edir bu satqınları? Əlbəttə ki, bəllidir - xarici qüvvələrə nökərçilik edən, hər şeylərini... qrantlara satan erməni qulbeçələri. Qəribəsi də odur ki, qranta görə qaşınmayan yerdən qan çıxarırlar, nəticədə də, o qana bulaşan da özləri olur.
Bəli, haqq nazilər, amma üzülməz. Bu, o Fəxrəddin Abbaszadədir ki, uzun illərdir dövlətimizə qarşı açıq düşmənçilik fəaliyyəti ilə məşğul olmuş vətən xaini fevralın 28-də Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı əsasında, erməni xüsusi xidmət orqanlarının məşhur agentlərindən biri olmaqla, Rusiyadan Azərbaycana deportasiya olunub. Uzun illər ərzində, Azərbaycan vətəndaşı F.Abbaszadə məqsədyönlü və metodiki şəkildə Azərbaycan xalqına qarşı siyasi informasiya müharibəsi aparıb, Bu gün onun Ermənistan mediası tərəfindən dəstəklənməsi və onun "məzlum obrazı"nın yaradılmasına cəhd edilməsində təəccüblü heç nə yoxdur: Görünən odur ki, düşmən ölkə "qiymətli" agentini itirib və ona görə də, hazırda çox ciddi narahatlıq içindədirlər.
Bu gün F.Abbaszadə kimi düşmən agentinin həbs olunması, bir daha göstərdi ki, kimliyindən və harada olmasından asılı olmayaraq, dövlətimizə qarşı fəaliyyət göstərən, ölkədə qarşıdurmalar yaratmaq və daxili sabitliyi pozmaq məqsədilə çağırışlar edən, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunaraq, vətənə xəyanət yolunu tutanların hamısının aqibəti belə olacaq və bir gün mütləq ölkəyə gətirilərək, qanunla müəyyən edilmiş cəzalarını alacaqlar. Heç kəs unutmasın. Bu dövlətin dayaqlarını sarsıtmaq mümkün deyil.
F.Abbaszadənin, hələlik, azadlıqda olan və onun kimi düşmənlə əməkdaşlıq edən bütün "həmfikirləri", əmin ola bilərlər ki, onları da satqınlıqlarına görə ədalətli cəza gözləyir.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə