Nikol Paşinyanın İran səfərinin uğurlu olması barədə fikir formalaşdırmağa çalışan erməni mətbuatının dəridən qabıqdan çıxması təəccüb doğurmaya bilməz. Bu vaxta qədər İranı sərt şəkildə tənqid edən erməni mətbuatının birdən-birə tam tərsinə mövqe tutması sözsüz ki, paradoks deməkdir. Ola bilsin erməni xisləti üçün belə parodoksal təzahürlər, mövqe dəyişmələri adi hal hesab olunur. Amma bütün dünya ictimaiyyəti şahidi oldu ki, ermənilərin öz mövqelərini bir anda dəyişməsi özləri üçün çox normal qəbul olunur və bu dəyişkənlik özünü erməni mətbuatının kursunu dəyişməsi ilə isbatlayıb.
Cəmi bir il bundan əvvəl erməni mətbuatı ölkədə mövcud acınacaqlı durumda İranı günahkar kimi qələmə verirdi. Hətta 2017-ci ildə İran prezidentinin İrəvana səfərini şərh edən ermənilər bütün iqtisadi problerin, düşdükləri böhranın günahkarı kimi İranı görürdülər. Ermənistana məxsus az qala bütün saylar Həsən Ruhanini hədəf seçmişdilər və İran prezidentinin qondarma soyqırımı abidəsini ziyarət etməməsini də həzm edə bilmirdilər. Məhz bu səbəbdən də bir çox mətbu orqanlar, məsələn, “News arm”, “Armenia Report” kimi saytlar İran prezidentinin səfərinin Ermənistan üçün heç bir iqtisadi faydasının olmayacağını gündəmdə saxlayırdılar. İndi qəflətən nə dəyişdi, Paşinyan yenə öz sehirli çubuğunu necə fırlatdı ki, İran Ermənistan üçün çox faydalı bir ölkəyə çevrildi və erməni cəmiyyətinin gözləntiləri, dəm vurduqları fayda hansı əsasa söykənə bilər?
Təcrid olunmuş vəziyyətdə olan Ermənistanın təkcə İrandan deyil, hansısa ölkədən faydalı əməkdaşlıq umması da mənasızdır
İran Prezidentinin Ermənistana rəsmi səfərinin faydasız olduğu təkzibedilməz faktdır. İran istədə də belə Ermənistana faydalı ola bilməz və bu məsələdə erməni mətbuatının İranı hədəfə alması işğalçı dövlətin apardığı siyasət qədər gülüncdür. Yəni Ermənistana faydalı ola bilməməkdə İran heç bir halda günahkar deyil. Çünki, işğalçılıq siyasəti apararaq özünü təcrid olunmuş, marginallaşmış vəziyyətə elə Ermənistan özü salıb və bu vəziyyətdə hansısa faydalı əməkdaşlıqdan, hansısa faydalı əlaqələrdən dəm vurmaq tamamilə yersizdir. Hətta belə təcrid olunmuş vəziyyətdə təkcə İrandan deyil, hansısa qonşu ölkədən, yaxud hansısa fövqəl dövlətdən belə faydalı əməkdaşlıq ummaq da mənasızdır.
Maraqlıdır, erməni cəmiyyəti də faydalı əməkdaşlığın mümkünsüzlüyü barədə həqiqətləri çox yaxşı başa düşdüyü halda, Paşinyanın əlində olan erməni mətbuatı İranla faydalı əməkdaşlıq barədə cəmiyyətə çox fərqli bir mənzərə sırımaq fikrindədir. İrandan Ermənistana dəmir yolu çəkiləcəyinə cəmiyyəti inandırmaq cəhdi yenə də daxili auditoriyaya hesablanıb. Əslində, Paşinyan küçə nümayişlərində əsassız vədlər, populist çıxışlar verməyə çox öyrəncəli olub. Daha dəqiq desək səriştəsiz, idarəetmə qabiliyyəti olmayan bir rəhbərin bundan başqa yolu da yoxdur və bunu onun özü də yaxşı bilir ki, hakimiyyət kürsüsünü ələ keçirdiyi andan yalnız əsassız vədlər verir, erməni cəmiyyətini boş yerə ümidləndirməyə çalışır.
Dəmir yolu çəkiləcəyi barədə Ermənistanda boş söz-söhbət ilk dəfə deyil ki, bunun reallaşmasına erməni cəmiyyətində kiminsə zərrə qədər ümidi olsun. 2008-ci ildə Ermənistanın o dövrdəki prezidenti Serj Sarkisyan da bəyan etmişdi ki, “iki ölkə arasında dəmir yolunun inşası bu il başlayacaq”. Amma nə dəmir yolunun inşasına başlanıldı, nə də bu barədə bir irəliləyişin şahidi olan oldu. Bir sözlə, hələ Sarkisyanın dövründə, daha dəqiq desək, 2008-ci ildə də bu məsələ dövriyyəyə buraxılmışdısa, və üstündən 10 keçməsinə baxmayaraq hələ də reallaşmayıbsa, Paşinyanın dəmir yolları barədə yalan vədlərinə kim inanar?
İrandan Ermənistana dəmir yolunun çəkilməsi səmərəsiz və perspektivsiz işdir
Əslində, vəziyyət heç erməni cəmiyyətində dövriyyəyə buraxılan kimi də deyil və Ermənistan dəmir yolları ilə bağlı qərar verə də bilmir. Çünki, Ermənistanın dəmir yolları Rusiyaya satılıb və bu barədə qərarı artıq İrəvan yox, Moskva verir. Deməli, bu vaxta qədər dəmir yolları barədə deyilənlər, elə indi də dövriyyəyə buraxılan vədlər uydurmalardan başqa bir şey deyil. Göründüyü kimi, İranla dəmir yolları məsələsinin reallaşa bilməməsi heç də təsadüfi olmayıb və 10 il bundan qabaq ortaya atılan, hələ də reallaşmayan vədin Ermənistanın iradəsindən asılı olmaması təsdiq edir ki, hazırki hakimiyyətinin də verdiyi vədlər, İranla faydalı əməkdaşlıq barədə iddialar yalnız cəfəngiyatdır.
Məsələ burasındadır ki, Ermənistanın dəmir yollarını alan Rusiya tərəfi də işğalçı ölkənin dəmir yolları ilə əlaqədar vəziyyəti təhlil edir və öz prizmasında yanaşır. Daha dəqiq desək, ruslar ermənilər üçün belə bir perspektiv görmürlər və bu səbəbdən də dəmir yolları barədə heç bir fikir belə yoxdur. Bir vaxtlar Rusiya “Dəmir Yolları” şirkətinin prezidenti olan Vladimir Yakunin də bu barədə bildirib ki, “İrandan Ermənistana dəmir yolunun çəkilməsi səmərəsiz və perspektivsiz işdir”.
Ermənistan Rusiya ilə ümumi sərhədə də malik deyil və onun dənizlərə çıxışı belə yoxdur. Rusiyanın Ermənistan barədə nə kimi marağı ola bilər? Rusiyanın marağı daha səmərəli olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinədir. Rusların diqqəti məhz bu səbəbdən də Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilməsinə yönəldib. Rusiya tərəfi ona görə bu layihələrə maraqlıdır ki, bu yol Azərbaycan dəmir yolları vasitəsilə Rusiyaya, oradan isə Avropaya uzanacaq. Erməni baş nazirinin İrana, yaxud hansısa ölkəyə səfəri Rusiyanı öz mövqeyindən döndərə bilməz. Bu isə öz növbəsində onu deməyə əsas verir ki, ermənilərin bundan sonra da dəmir yolları ilə bağlı arzuları, xülyaları elə arzu və xülya olaraq da qalacaq. Bir sözlə İran səfəri ilə əlaqədar ermənilər hansı faydalı əməkdaşlıqdan, hansı faydalardan danışırlar heç özləri də bilmirlər.
İran tərəfinin Ermənistana maraq göstərəcəyi heç cür ağıla sığan deyil və faydalı əməkdaşlıqdan söhbət gedə bilməz
Ermənistanla dəmir yolu inşasına İran tərəfinin maraqlı olması da mümkünsüzdür. Yəni, dəmir yolunun çəkilişi iqtisadi baxımdan da İran üçün əlverişsizdir. Hansı maraq ola bilər dəmir yolunun inşasında? Ermənistanın ixrac və idxal potensialı hansı səviyyədə olduğu bəllidir. Ermənistan İran malları üçün bazar hesab oluna bilərmi? Səfalət içərisində, iqtisadiyyatı ölü olan, alıcılıq qabiliyyəti yox dərəcəsində olan bir ölkə İran üçün hansı maraq kəsb edə bilər? Ermənilər İranla ticarət əlaqələrinə hansı maddi imkanla ümid edə bilərlər? Yaxud belə imkansız bir ölkəyə, özü də işğalçı, qeyri stabil ölkəyə maraq göstərilməsi mümkünmüdür ki, erənilər faydalı əməkdaşlıq, fayda deyə aləmə car çəkmək kimi arzuya düşüblər?
Statistik göstəricilərə nəzər salsaq görərik ki, Azərbaycan İrandan ötən ilin 9 ayı ərzində 502 milyon 128 min 355 dollar həcmində məhsul alıb. Bu göstəricilərlə ölkəmiz İrandan məhsul idxal edən ölkələr arasında ikinci yerdədir. Amma hazırda faydalı əməkdaşlıq deyə səs-küy salan Ermənistan beşinci yerdədir və işğalçı ölkənin İrandan idxal həcmi cəmisi 160 milyon dollar təşkil edir. Belə olan halda İranın Ermənistana deyil, Azərbaycana marağını başa düşmək də çətin deyil. Yəni, İran tərəfinin Azərbaycana yox, Ermənistana maraq göstərəcəyi heç cür ağıla sığan deyil və hansı faydalı əməkdaşlıqdan dəm vurduqlarını ermənilər özləri belə anlaya bilmirlər.
Digər tərəfdən, Ermənistan İrandan idxal həcminə görə əvvəlki illərdə ikinci yerdə olduğu halda, indi beşinci yerdədir. Maraqlıdır, belə olan halda nəyə görə İran bu ölkə ilə əlaqələrə maraq göstərməlidir? İran tərəfi də çox yaxşı başa düşür ki, Ermənistan iqtisadiyyatı dərin böhran içindədir. Əhalisi səfalətdə yaşayır və deməli, alıcılıq qabiliyyəti də yox dərəcəsindədir. Bir sözlə, heç bir məhsul ixracatçısı olmayan Ermənistan İranla ticarət əlaələri üçün də maraqsızdır.
İqtisadi və siyasi dividendlər qazanmaq niyyətində olan və İrana üz tutan Paşinyanın ümidləri doğrulmadı
İran böyük qaz potensialına malik bir ölkədir. Elə buna görə də Ermənistan kimi kiçik bir ölkəyə deyil, köhnə qitəyə, Avropaya qaz ixrac etməyi hədəfləyir. Avropa ölkələri də İrandan qaz almaq niyyətindədirlər və artıq Avropanın bir sıra şirkətləri ilə bu barədə danışıqlar da aparılıb. İndi Amerikanın sanksiyalarına belə məhəl qoymayan Avropa qazı Rusiyadan, Azərbaycandan və İrandan almağı hədəflədiyi halda Ermənistan nəyə ümid edə bilər? İşğalçı ölkənin nə qazı, nə də hansısa bir enerji ehtiyatı olmadığı halda ümidi ona qalır ki, İran qazı Avropaya nəql olunarkən Ermənistan ərazisindən keçsin. Məhz buna görə də iqtisadi və siyasi dividendlər qazanmaq niyyətində olan Paşinyanın İrana üz tutması aydın məsələdir. Amma heç inandırıcı deyil. Çünki, qonşu dövlətə üz tutan işğalçı dövlətin baş nazirinin ümidləri doğrula bilməz. Heç doğrulmadı da.
Məlimdur ki, ölkəmiz İran kimi neft ixrac edən ölkədir və Azərbaycan neftinin, eləcə də qazının Avropaya daşınmasında Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri əhəmiyyətli rol oynayır. TAP qaz kəməri ilə də Azərbaycan Avropaya böyük həcmdə qaz ixrac edəcək. Maraqlıdır, Azərbaycan İrana neft və qazını Avropaya ixrac etməsi üçün öz infrastrukturundan istifadəni təklif edirsə, niyə İran tərəfi qazın Avropaya nəqli üçün min kilometrlərlə kəmər çəkməlidir? Axı bu iqtisadi cəhətdən də sərfəli deyil və Ermənistan belə olan halda nəyə ümid edə bilər? Digər tərəfdən İranın öz qazını siyasi kataklizmlər və silahlı münaqişələr olan bir ərazidən keçirəcəyi də ağlasığan deyil axı.
Əgər ermənilər İranın Gürcüstana qaz ixracına ümid edirlərsə yenə də yanılırlar. Çünki, Azərbaycandan qaz ixrac etmək Gürcüstan üçün İrandan qaz almaqdan daha ucuz başa gəlir. Rusiyanın da buna imkan verəcəyi heç cür anlaşılan deyil və Rusiya Ermənistanın qaz bazarını əlindən verməyəcəyi gün kimi aydındır. Paşinyanın belə bir vəziyyətdə İrana səfər etməsi də, utanmadan bu barədə erməni mətbuatının da faydalı əməkdaşlıq deyə səs-küy salması da məhz bu baxımdan çox gülünc təsir bağışlayır.
Ümumiyyətlə, Ermənistan tərəfi dərk etmək məcburiyyətindədir ki, bu işğalçı ölkə öz işğalçılıq siyasəti səbəbindən nəinki faydalı əməkdaşlıqlardan, hətta hər bir imkandan da məhrum olub. Bu gün Azərbaycana məxsus əraziləri zəbt edən və ərazi iddiasında olan işğalçılar özlərini, öz ölkələrini çətin və çıxılmaz duruma salıblar. Çünki, məhz işğalçılıq siyasəti nəticəsində Ermənistan küncə qısılmış, marginallaşmış bir duruma düşüb. Heç bir regional və qlobal layihədə iştirak edə bilməməsi, dünya dövlətləri bir tərəfə, qonşu ölkələrlə belə əlqələr, özlərinin dediyi faydalı əməkdaşlıqlar qura bilməməsi də bu səbəbdəndir. Nə qədər ki, işğalçı dövlət beləcə işğalçılıq siyasətini davam etdirəcək, Ermənistanın doğrulmayan ümidləri bir-birini əvəz edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB