İlham Əliyev: "Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir"
Son günlər Ermənistan mətbuatında Nikol Paşinyan hakimiyyətinin siyasətini tənqid edən yazıların sayı artıb. Ekspertlər rəsmi İrəvanın səriştəsiz xarici siyasət yeritdiyindən daha açıq bəhs edir, baş nazir N.Paşinyanın xalqla qeyri-səmimi davrandığı barədə yazırlar. Konkret olaraq, erməni ictimaiyyətinin Dağlıq Qarabağla bağlı danışıqlarda nələrin müzakirə edildiyindən xəbərdar olmadığı haqqında informasiyalar yayılır. Hakimiyyət nümayəndələrinin bunları gizlətməsinin səbəbini anlamağa çalışırlar. Burada maraqlı olan özünü xalqın içindən çıxmış siyasətçi hesab edən və bu şüar altında hakimiyyətə yiyələnən N.Paşinyanın reallığı xalqdan gizlətməsidir. Aydın görünür ki, baş nazir və komandası öz cəmiyyəti ilə səmimi olmağı bacarmır. Səbəb nədir?
Dalana aparan yol: reallığa əsaslanmayan Paşinyanın xarici siyasətidir
"Lragir.am" yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev siyasəti qarşısında N.Paşinyanını duruş gətirə bilməməsi real faktordur: "Davos görüşünə diqqət yetirmək kifayətdir. Ermənistanın baş naziri Nikol Paşinyanın Davos görüşü erməni tərəfi üçün bir kabusa dönüb. Onlar nələrin müzakirə olunduğu barədə təlaşla bəhs edirlər. Bunu erməni ekspertlər də təsdiqləyir və hesab edirlər ki, N.Paşinyan hansısa məqamları ictimaiyyətdən gizlədir. Buna səbəb baş nazirin özünün müəmmalı fikirlər söyləməsidir. Çünki Davosdan birbaşa Moskvaya gedən N.Paşinyanı Rusiya Prezidenti Vladimir Putin qəbul etməyib. Baş nazir Dmitri Medvedevlə görüşən erməni hökumətinin rəhbəri yenə də konkret heç nə ifadə edə bilməyib. Azərbaycan Prezidenti İlham Əliyevlə Davosda N.Paşinyanın görüşü nə Qarabağla bağlı rəsmi müzakirə olub, nə də bu görüşlər rəsmi görüş deyildi. Dağlıq Qarabağ ətrafında Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması ilə bağlı verilən suala isə, onun cavabı belə olub ki, "Arsaxı (Dağlıq Qarabağ nəzərdə tutulur - red.) təmsil etmir və ancaq Ermənistanın adından danışa bilər".
Ekspertlərin sözlərinə görə, bu, N.Paşinyanın sualdan yayınması ilə yanaşı, onun siyasi savadsızlığını təsdiqləyir. Ən maraqlı məqam isə, hətta ermənipərəst rusiyalı ekspertlər Davos görüşündən sonra N.Paşinyana "söz hücumu" ediblər. Stanislav Tarasov iddia edib ki, yazda Ermənistanla Azərbaycan arasında saziş imzalanacaq, ermənilər yeddi rayonu Azərbaycana qaytaracaq və əvəzində, Türkiyə parlamenti məlum protokolları təsdiqləyəcək ki, bununla da, kommunikasiya xətləri açılacaq.
Digər bir maraqlı məqam isə, N.Paşinyanın RBK telekanalına verdiyi müsahibədə "Biz Ermənistandan keçən tranzit neft-qaz layihələrində çox maraqlıyıq" deməsi, bir daha N.Paşinyanın Ermənistandan ən kiçik boru xəttinin belə keçmədiyini boynuna almasıdır. Göründüyü kimi, bir sözlə, N.Paşinyan Ermənistanın xarici siyasətinin reallığa əsaslanmadığını etiraf edib.
Ekspertlər də Ermənistanın xarici siyasətinin tamamilə iflasa uğradığını söyləyirlər və hesab edirlər ki, Dağlıq Qarabağla bağlı aparılan danışıqların məzmununu N.Paşinyan gizlədir. Bu da, Ermənistan vətəndaşlarında və Xankəndidə separatçı-terrorçu kütlədə təlaş yaradır.
Ekspertlər, onu da vurğulayırlar ki, ABŞ Azərbaycan Prezidenetinə böyük hörmətlə yanaşır, lakin N.Paşinyan 1 ildir ki, ABŞ-ın rəhbərliyi ilə görüşə bilmir. Erməni mətbuatının yazdığına görə: "Prezident Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə bir neçə dəfə məktub yazıb, Con Bolton da həm görüşüb, həm də yanvarın 29-da Azərbaycan Prezidentinə zəng edib".
Deməli, Amerika tərəfi bu prosesdə Azərbaycanın mövqeyinə xüsusi diqqət yetirildiyinə əminliyini bildirir, çünki məhz Azərbaycan daim sülh və barış prinsipi ilə çıxış edir, regional əməkdaşlıq üçün real addımlar atır.
Beləliklə, aydın görünür ki, Ermənistanın siyasi rəhbərliyi çox çətin və ziddiyyətli vəziyyətə düşüb və atdığı addımları erməni cəmiyyətindən gizlətməyə məcburdur. Çünki Azərbaycan bütün sahələrdə, o cümlədən, ordu quruculuğunda Ermənistandan dəfələrlə irəlidə olduğunu əyani göstərib. Bu, həm yeni silahlarla təminatda, həm də aprel və Naxçıvan döyüşlərində özünü göstərməklə Ermənistandan xeyli güclü olduğunu sübut etdi və onu da Ermənistan rəhbərliyinə sübut etdi ki, istənilən anda Azərbaycan Ermənistanı məhv edə bilər. Bütün bunlar isə, Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində əldə olunur. Bunu erməni ekspertləri də bildirirlər ki, Rusiya, Belarus və Qazaxıstan Azərbaycan Prezidenti ilə daha çox ünsiyyətdə olur, onunla əməkdaşlığı inkişaf etdirirlər. Bunun fonunda isə, N.Paşinyanla görüşməyə belə həvəsli görünmürlər. Eyni zamanda, Amerika və Avropa ölkələri də Azərbaycanla əməkdaşlığa çox ciddi münasibət göstərirlər. N.Paşinyan isə, real heç nə əldə edə bilmir.
"Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir"
Bu faktor əsas amildir. Çünki bir ölkəyə quldur dəstə rəhbərlik edirsə, o ölkənin gələcəyindən danışmağa belə dəyməz. Azərbaycan Prezidenti İlham Əliyev çıxışdarında erməni tərəfinə dəfələrlə sərt xəbərdarlıqlar edərək, bildirib ki, bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz: "Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin (1918) may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi".
Prezident İlham Əliyev onu da bildirib ki, işğalçı ölkədə korrupsiyaya qurşanmış oğru rejimin hökm sürdüyünü erməni xalqı da deyir: "Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir".
Beləliklə, siyasi istiqaməti məlum olmayan və ümumiyyətlə, dövlətçilikdə naşı olan Paşinyanın nala-mıxa vurması ölkədə hansısa yenilik vəd etmir. Əksinə, ermənilər daha aydın görürlər ki, onların rifahı, ümumiyyətlə, xalq olaraq varlıqları Azərbaycanla normal münasibətlərdən keçir. Belə münasibətlər qurulmayana, işğal faktına son qoyulmayana qədər, Azərbaycan Ermənistanın dövlət olaraq çöküşünü davam etdirəcək.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB