Həkimlərin sertifikasiyaya narazı mövqeyi nə dərəcədə düzgündür? - ARAŞDIRMA

Bildiyimiz kimi, bu ildən etibarən Nazirlər Kabinetinin qərarına əsasən, Səhiyyə Nazirliyi tərəfindən bütün həkimlər və tibb bacıları sertifikasiya imtahanına cəlb olunub. Belə ki, qarşıdakı 5 il müddətində ölkədə praktiki tibbi fəaliyyətlə məşğul olan tibb işçiləri sertifikasiyadan keçəcəklər. Onlar müsabiqə və müsahibə mərhələsindən ibarət olan imtahanlara cəlb olunur və bunları verdikdən sonra həmin həkimlərə sertifikasiya təqdim olunur. Yəni, imtahanlardan keçən həkimlərə 5 il müddəıtinə praktiki tibbi fəaliyyətlə məşğul olmaq imkanı verilir. İmtahandan keçə bilmyəm işçilərə isə 6 aylıq kurslara göndərilir və bu müddət başa çatdıqdan sonra onlar 2-ci dəfə də imtahana dəvət olunur. İkinci halda da sertifikasiyadan keçə bilməyən həkimlər praktiki tibbi fəaliyyətlə məşğul olmaq qadağan olunur. Təbii ki, hər bir ölkədə həyata keçirilən yenilik birmənalı qarşılanmır və hər kəs tərəfindən dəstəklənmir. Belə ki, sertifikasiya məsələsi də bəzi həkimlər tərəfindən müsbət qarşılansa da, bir çoxları tərəfidən narazılıqlara səbəb olub.

Müəyyən səbəblərdən adlarının anonim qalmasını istəyən həkimlər öz narazılıqlarını bizə çatdırdılar. Onlar hesab edirlər ki, imtahanlara təqdim olunan testlər rus dilindən tərcümə olunduğundan bəzilərinin cavabı səhvdir.

"Testlərdə göstərilən ədəbiyyatların 99 faizi rus dilindədir. Nəzərə alaq ki, biz Azərbaycanda yaşayırıq və heç bir qanunda da yazılmayıb ki, həkimlər rus dilini mütləq bilməlidir. Testlərdə biri çox sualların cavabı düzgün deyil, bəzisinə isə bir neçəsi uyğun gəlir. Sualların rus dilindən hərfən tərcümə olunması fikirlərin tam aydın olmasına mane olur.
Suallar ancaq nəzəri hissəsini əhatə edir və elə bil ki, tələbələr üçün hazırlanıb. Ancaq bu suallar həkimlərin bilik və vərdişlərinin artırılmasına hesablanmalıdır. Qeyd olunur ki, iş təcrübəsindən, yaşından asılı olmayaraq hər bir həkim bu imtahana cəlb olunacaq. Bütün bunlar 30-40 il bu işlə məşğul olan həkimlərin işinə kölgə salır. Yəni, onların bu vaxta kimi yazdıqları müalicələr, insanların sağlamlığı üçün gördükləri işlər düzgün deyil? Bu sahədə bir var tibbi fəaliyyət, bir də var tibbi nəzəriyyə. 20-30 ilin həkimi artıq nə edəcəyini avtomotik bilir və onun üçün nəzəri hissələr eləcə də önəmli deyil. Məsələn cərrah artıq necə əməliyyat edəcəyini, kardioloq hansı müalicədən istifadə edəcəyini bilir. Yaxşı həkim hər yerdə hər zaman tanınır və tələb olunur. O artıq öz işi ilə bu inamı qazanıb.
Ancaq imtahanlarda testlər nəzəri hissəni əhatə edir. Həkimin hansı sahədə çalışmasından asılı olmayaraq suallar bütün sahələri əhatə edir. Məsələn, böyük tibb bacısı kardiologiya, cərahiyyə və digər sahələri, o cümlədən kardioloq digər sahələrdən bilməsi o dərəcədə də vacib deyil. Əgər elə idisə, niyə Azərbaycan Tibb Universiteti niyə ancaq hansısa ixtisas üzrə həkim hazırlayır, ondansa bir həkim hazırlayardı ki, o da bütün sahələri bilərdi. Təbii ki, həkim hər şeyi bilməlidir, ancaq burada da hər şey öz qaydasında, müəyyən səviyyədə olmalıdır".

Bundan əlavə, həkimləri narahat edən əsas məsələlərdən biri də imtahanda yaş həddinin, iş təcrübəsinin qoyulmamasıdır. Onların fikrincə, 30-40 il bu sahədə çalışan 60-70 yaşlı həkimlə, 5-10 bu sahədə çalışan 30-40 yaşlı həkimlərin nəzəri bilikləri, təcrübələri də eyni deyil axı: "Bütün bu məsələlər nəzərə alınmalıdır. Onsuzda həkimlər 5 ildən bir təkmilləşdirmə kurslarından keçir. Bundan əlavə, həkimlərin 5 ildən bir sertifikasiyadan keçməsi nə dərəcədə məqsədəuyğundur? Nazirlər Kabinetinin qərarında göstərilib ki, sertifikasiyadan keçməyən tibb işçilərinin fəaliyyəti dayandırılacaq. Ancaq qanunvericiliyə görə, tibb işçilərinin fəaliyyəti yalnız məhkəmənın qərarı ilə dayandırıla bilər. Belə olduğu halda imtahan nəticəsində fəaliyyətin dayandırılması nə dərəcdə həqiqətə uyğundur".

Bu və ya digər məsələlərə aydınlıq gətirmək üçün bir neçə tibb mütəxəssisi, işçisi ilə əlaqə saxladıq.

Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının prezidenti Nurlan Əliyev SİA-ya açıqlamasında bu sertifikasiyanı dəstəklədiyini söyləyib: "Bu prosesi dəstəkləyirəm. Burada həkimlərin fəaliyyətinin dayandırılmasına yönəlməyib, əksinə olaraq tibb mütəxəssisləri bunun nəticəsində öz üzərilərində işləyərək peşə qabiliyyətlərini artıraraq əhaliyə göstərdiyi xidmətlərin səviyyəsi yüksəlir. Bu Azərbaycanda yeni olsa da, dünya praktikasında elə də yeni deyil. Dünyanın bütün inkişaf etmiş ölkələrində həkimlər üçün bu sertifikasiya keçirilir. Burada məqsəd ondan ibarətdir ki, həkimlər tibb müəssisələrini bitirdikdən sonra bildiklərini təkrarlayır, yeniliklərlə ayaqlaşmaq üçün bu gün sertifikasiya həyata keçiririr. Burada başlıca məqsəd tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılması, onların təhsil müəssisələrinə vaxtilə əldə etdiyi biliklərin təkrarlaması, yeni mövcud olan bacarıqların mənimsənilməsindən ibarətdir. Sertifikasiya sırf həkimlərin praktiki fəaliyyətinin dayandırılmasına yönəlməyib. Çünki serifikasiyadan keçməyən həkimlər müəyyən kurslar keçdikdən onlara bir neçə imkanlar yaradılır. Onlar təkmilləşdirmə kurslarını keçdikdən sonra yenidən öz bacarıqlarını yoxlayırlar. Sertifikasiyadan keçən həkimlər də bildirirlər ki, burada heç də qeyri-adi bir şey yoxdur. Orta səviyyədə bilik və bacarığı olan tibb mütəxəssisləri həmin sualları cavablandıra biləcəklər".

Azərbaycan Həkimlər Assosiasiyasının prezidenti Qabil Əliyev sertifikasiyanın keçirilməsinə münasibətin birmənalı olmadığını deyib: "Hazırda qurumda bununla bağlı müzakirələr aparılır. Ancaq yenə də qeyd edim ki, bu məsələyə assosiasiyanın münasibəti birmənalı deyil. Bununla bağlı yekun rəy qəbul olunduqdan sonra ictimaiyyətə rəsmi şəkildə məlumat veriləcək".

Səhiyyə Nazirliyinin aparat rəhbəri, Səhiyyə Mütəxəssislərinin Sertifikasiya Şurasının sədri Zəkiyyə Mustafayeva da bu deyilənlərlə razılaşmayıb. O bildirib ki, Səhiyyə Nazirliyinin 119 saylı əmrinə əsasən, Azərbaycanda 40 həkim ixtisası və 7 orta tibb ixtisası var və bütün bu ixtisaslar üzrə test sualları toplusu artıq hazırlanıb: "Həkim və orta tibb ixtisasları üzrə təsdiq olunan sualların nümunəvi toplusunu, habelə sertifikasiya prosesinin qaydaları haqqında geniş məlumatı Səhiyyə Nazirliyinin internet səhifəsindən əldə etmək mümkündür. Qeyd edim ki, nazirlik tərəfindən test imtahanının sualları konfidensiallıq gözlənilməklə, 3 mürəkkəblik dərəcəsi üzrə tərtib edilib. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə ediləcək sualların sayından ən azı 10 dəfə çoxdur. Test imtahanının suallar toplusunun hər il 10-20 faiz yenilənməsi nəzərdə tutulur. Hər ixtisas üzrə test sualları xüsusi komissiyalar tərəfindən hazırlanıb. Test sualları təsdiq edilmiş xüsusi qaydalara uyğun olaraq, müvafiq metodikaya əsasən tərtib edilib və hər bir testin yalnız bir cavab variantı doğrudur. Əgər imtahana hazırlaşan tibb işçisi bir testə bir neçə cavab variantının düz gəlməsini hesab edirsə, o, nazirliyin saytının "Sual – cavab" bölməsinə müraciət edə bilər və test komissiyası bu suala yenidən baxar. Sertifikasiyanın məqsədi həkimlərə ixtisas dərəcəsinin verilməsi deyil, tibb işçilərinin ümumi bilik səviyyəsinin yüksəldilməsi, yalnız savadlı mütəxəssislərin praktiki fəaliyyətlə məşğul olmasıdır. Sertifikatlaşdırma nəticəsində ixtisas dərəcəsinin verilməsi, maaşların artırılması nəzərdə tutulmur. Sertifikasiyadan fərqli olaraq, ixtisas dərəcəsinin alınması könüllüdür, bu dərəcələri almaq istəyənlər özləri nazirliyin müvafiq qurumuna müraciət edə bilərlər. Əminliklə deyə bilərəm ki, bu prosesdə heç bir rüşvətxorluq hallarından söhbət gedə bilməz. Test imtahanının nəticələri xüsusi optik cihazlar vasitəsilə oxunacaq. Bu isə o deməkdir ki, hər hansı bir saxtakarlığa yol verilməsi, prosesdən sui-istifadə qeyri-mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə