Eynulla Fətullayevin şikayəti təmin olunmayıb

Eynulla Fətullayevin şikayəti təmin olunmayıb

Bu gün Ali Məhkəmədə Eynulla Fətullayevin Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. SİA-nın xəbərinə görə, prosesdə kassasiya şikayəti təmin olunmayıb və Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. O, 2005-ci ildə qələmə aldığı "Qarabağ gündəliyi" adlı silsilə yazılarında Xocalı sakinlərini təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Daha sonra ona əlavə ittihamlar irəli sürülüb və Eynulla Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb.

 

Bununla əlaqədar ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb. Qaradağ rayon Məhkəməsi E. Fətullayevin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Bu qərardan apellyasiya şikayəti verilib.

 

Bu il aprelin 22-də isə Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayevin Azərbaycana qarşı şikayətinə baxıb. Avropa Məhkəməsi E. Fətullayevin dərhal azadlığa buraxılması barədə qərar çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə