"Qarabağı Azərbaycanın əlindən almaq istəyirlər" ÖZƏL-RƏY

“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə 5 dekabr tarixində Milanda keçiriləcək görüşdən heç nə gözləmirəm. Məsələ ondadır ki, həmsədr dövlətlərdən biri olan Rusiyanın nümayəndəsi Yerevanda çıxışı zamanı bildirdi ki, Bakı şəhərini “İsgəndər”lə vurmaq lazımdır. Bu o deməkdir ki, həmsədrlər artıq birmənalı olaraq Azərbaycanın maraqlarını nəzərə almırlar”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, birincisi bu çıxışın özü çox təhlükəlidir: “İkincisi son zamanlar həmsədr dövlətlərin ayrı-ayrı vəzifəli, səlahiyyətli şəxsləri məzhəbsiz çıxışlar edirlər. Ona görə də Milanda keçiriləcək görüşdən nəyisə gözləmək sadəlöhvlük olar. Biz bu formatdan qurtarmalıyıq və yeni format olmalıdır. Əgər həmsədrlikdə üç xristian dövləti varsa, üç müsəlman dövləti də təmsil olunmalıdır. Biz Türkiyə, Pakistan və Qazaxıstanı bura dəvət etməliyik. Onlar o şəkildə edirsə, biz də bu şəkildə etməliyik. Yəni nə ABŞ, Rusiya, nə də Fransa Azərbaycanın maraqlarını gözləmir. Ya da Azərbaycan ATƏT-in Minsk Qrupundan imtina etməlidir. Bu yolla bizim Dağlıq Qarabağ danışıqlarımızın heç bir müsbət nəticəsi olmayacaq. Bu da növbəti bir görüş olacaq. Artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın əlindən almaq istəyirlər. Bu bir faktdır. Amma Azərbaycan da bununla barışan deyil. Bu da bir faktdır. Məncə Azərbaycan tərəfi o görüşə getməsin və imtina etsin”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı və yeri məlum olub. ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryu Sxofer – ABŞ) vasitəçiliyi ilə 5 dekabr tarixində Milanda görüş keçiriləcək. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə