Cahangir Məmmədli: “Yerli əhalinin qələbə əzmini artırmasında, vətənpərvərlik ruhunu gücləndirilməsində medianın rolu böyükdür”
Dekabrın 24-də Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun (KİVDF) maliyyə dəstəyi ilə cəbhə bölgəsi olan Tərtər şəhərində "Qarabağ problemi mediada" mövzusunda konfrans keçirib. BAMF-ın informasiya departamentindən SİA-ya verilən xəbərə görə, konfransda Azərbaycan mediasının tanınmış nümayəndələri, yerli icra strukturlarının, bələdiyyələrin, QHTvə region mətbuatının təmsilçiləri iştirak edib. Tədbiri giriş sözü ilə Tərtər rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev açıb.
BAMF-ın sədri Umud Rəhimoğlu "Qarabağ problemi ilə bağlı dövlət siyasətinin media vasitəsi ilə cəmiyyətə çatdırılması" mövzusunda çıxış edib. Sonra o, Azərbaycan mətbuatının müstəqillik dövründəki inkişaf yollarından bu zaman Qarabağ probleminin mediada işıqlandırılması vəziyyətindən, ümumilikdə medianın sözügedən problemin həllindəki rolundan söz açıb.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli yerli əhalinin qələbə əzmini artırmasında, vətənpərvərlik ruhunu gücləndirilməsində jurnalist peşəkarlığının rolu mövzusunda məruzə edib. Yerli əhalinin qələbə əzmini artırmasında, vətənpərvərlik ruhunu gücləndirilməsində medianın böyük rolu olduğunu deyən C.Məmmədli bu istiqamətdə region mediasının üzərinə böyük yük düşdüyünü deyib.
Tanınmış hüquqşünas, Müstəqil Praktik Hüquq Firmasının rəhbəri Aydın Kərimov jurnalistlərin cəmiyyətdəki rolundan danışdı. O, jurnalistlərin hüquq və vəzifələrindən, xəbər yayarkən jurnalistlərin hərbi sirrin qorunması istiqamətində bilməsi vacib olan məqamlara toxunub.
"Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, "Bakı xəbər", "Paritet" qəzetlərinin baş redaktorları Aydın Quliyev, Camaləddin Quliyev "Cəbhə bölgəsi və media", "İnformasiyanın ötürülməsi və döyüş bölgələrindən reportajların hazırlanması zamanı hərbi və dövlət sirlərinin qorunmasının vacibliyi" və sairə mövzularda məruzələrlə çıxış ediblər.
Konfransda region mətbuatının nümayəndələri - "Yeni Tərətər", "Ağdam", "Kür" qəzetlərinin baş redaktorları Tahir Yusif, Baxşeyiş Abbasoğlu, Əminə Yusifqızı çıxış ediblər.
Onlar dövlətin, xüsusi ilə də, KİVDF-nin region mətbuatının inkişafına verdiyi dəstəyindən, konfransın əhəmiyyətindən danışıblar. Konfransda digər iştirakçılar da çıxış edərək Qarabağ probleminin həll olunması istiqamətində aparılan işlərdə onları narahat edən məqama toxunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB