Media rəhbərləri prezident İlham Əliyevin “Jurnalistlərin dostu” seçilməsinin səbəblərini açıqladılar

Bu günlərdə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib. Sorğu nəticəsində Azərbaycan prezidenti İlham Əliyev "Jurnalistlərin dostu" seçilib. Bəs görəsən, mətbuat nümayəndələri, jurnalistlər bunun səbəbini necə izah edirlər?

Bu və ya digər suallara cavab tapmaq üçün media rəhbərləri ilə əlaqə saxladıq və onların fikirlərini sizə çatdırırıq.

"Paralel" qəzetinin baş redaoktoru Tapdıq Abbas:

- "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticəsini düzgün hesab edirəm. "Jurnalistlərin dostu" mükafatına cənab İlham Əliyevin layiq görülməsi aparılan sorğuların nəticəsidir. Təşkilatın təkcə özü yox, media nümayəndələrinin əksəriyyəti Azərbaycan prezidentinə belə bir adın verilməsinə tərəfdar olublar. Düşünürəm ki, bu hazırki vəziyyətlə tam uyğundur. Çünki hörmətli Prezidentimiz son iki ildə demək olar ki, region ölkələrindən fərqli olaraq mətbuata, jurnalistlərə tamamilə yeni münasibət sərgiləyib. Əvvəla, ölkəmizdə mətbuat sahəsində ciddi qurumlar yaranıb ki, onların da çoxu mətbuata, jurnalistə kömək üçündür. Bundan əlavə, son vaxtlar jurnalistlərin həbs olunması məsələsi artıq gündəmdən çıxarılıb. Bütün bunlara görə, ölkədə "Jurnalistlərin dostu" olacaq ikinci bir şəxsa tanımıram. Bir il ərzində 200-dən artıq jurnalist öz yazılarına görə mükafatlandırılıb. Ölkə prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu müxtəlif müsabiqələr elan edir və jurnalistlər bundan faydalanırlar. Bunların nəticəsində də jurnalistikamızda həm maddi, həm də mənəvi cəhətdən dirçəlmə gedir.
İkinci bir tərəfdən aparıcı media orqanları, jurnalistlər iki il bundan əvvəlki vəziyyətdə deyillər. Cənab prezidentin göstərdiyi diqqət və qayğı nəticəsində vəziyyət ötən illərə nisbətən tamamilə dəyişib. Ona görə də "RUH"un keçirdiyi sorğu nəticəsində ölkə prezidentinin "Jurnalistinlərin dostu" seçilməsinə çox müsbət yanaşıram. Həqiqətən bu gün ölkə prezidenti İlham Əlievdən savayı bu mükafata layiq görülə biləcək ikinci bir adam tanımıram. Bunu qanunauyğun sayıram.

Qeyd edim ki, sorğularda iştirak edən mətbu orqanlar arasında biz də İlham Əliyevi həmin mükafata layiq gördük. Mən fürsətdən istifadə edərək cənab prezidenti doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, ona can sağlığı, uzun ömür, başlatdığı böyük dövlətçilik layihələrində uğurlar arzulayıram.

Son vaxtlar ölkə prezidenti xarici və daxili siyasətdə böyük layihələr həyata keçirir və bunların müsbət nəticələri var. Azərbaycan xalqı bu gün öz prezidenti ilə fəxr edə bilər. Ona gələcək fəaliyyətində uğurlar arzulayıram. Əminəm ki, cənab prezident İlham Əliyev 2011-ci ildə də uğurlu siyasətini davam etdirəcək.

"Mövqe" qəzetinin baş redaktoru İlham Əsgərov

- Bunu Azərbaycan Prezidentinin jurnalistlərə göstərdiyi çox böyük diqqətin qarşılığında Azərbaycan jurnalistlərinin çox kiçik bir diqqəti kimi qiymətləndirirəm. Cənab prezident ümummilli liderimizin Heydər Əliyevin Azərbaycan mediasının, jurnalistikasının inkişafında göstərdiyi xidmətləri çox yüksək səviyyədə inkişaf etdirir. Belə ki, ümummilli lider 1998-ci ildə Azərbaycan mətbuatının üzərindən senzuranı ləğv etmişdisə, İlham Əliyev Azərbaycan mətbuatının inkişafına çox böyük diqqət göstərərək 2008-ci ildə KİV-lərin İnkişafına Dövlət Konsepsiyasını təsdiq etdi. Bu konsepsiyanın təsdiq olunması nəticəsində 2009-cu il aprelin 3-də KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondi təsis edildi və fondun təsis olunması ilə Azərbaycan mətbuatı, jurnalistikasının inkişafında yeni bir eranın başlanğıcı qoyuldu. O vaxtdan bu günə kimi istər qəzetlər, istər informasiya agentlikləri, istərsə də fərdi jurnalistlər çox böyük şəkildə faydalanıblar.

Bu il Milli Mətbuatın 135 illiyi ilə əlaqədar 32 qəzet redaksiyası, 8 informasiya agentliyi cənab prezidentin diqqəti nəticəsində birdəfəlik maliyyə yardımları alıb. 90-a qədər Azərbaycan jurnalistləri müxtəlif təltiflərlə mükafatlandırılıblar. Onlardan bəzilərinə "Əməkdar jurnalist", "Əməkdar mədəniyyət işçisi", bir qrup jurnalistlərə isə "Tərəqqi" medalı verilib.

Bundan əlavə, İlham Əliyev jurnalistlərin evlə təminatı sahəsində dünyanın heş bir ölkəsində analoqu olmayan bir addımı atdı. Belə ki, bu il cənab prezidentin sərəncamı ilə jurnalistlərə evlərin tikilməsi üçün Prezidentin Xüsusi Fondundan 5 milyon manat məbləğində vəsait ayrıldı. Bütün bunlar ölkə başçısının jurnalistlərə, mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunələridir.

Mən də bu gün cənab prezidenti həm öz adımdan, həm də jurnalist həmkarlarım adından təbrik edirəm. Ona Azərbaycan xalqının və dövlətinin inkişafında möhkəm can sağlığı və uğurlar arzulayıram.

"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev

- Düşünürəm ki, bu, prezident İlham Əliyevə verilən ən real qiymətdir. Bir il ərzində Azərbaycan prezidenti qədər heç kəs mətbuata bu qədər dəstək verməyib. Əgər sıralama aparsaq, mətbuata ayrılan yardımları, jurnalistlərə olan dəstəyi, müsabiqələrdə jurnalistlərin iştirak edərək əlavə vəsaitlər almasını götürsək, ən əsası isə jurnalistlər üçün evlərin tikilməsinə vəsait ayrılmasını desək və bunların hamısını üst-üstə topladıqda görürsən ki, Azərbaycan prezidentinin mətbuatın və jurnalistikanın inkişafında, jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılmasında göstərdiyi xidmətlər əvəzsizdir. Ona görə də mən bunu düzgün və real qiymətləndirmə hesab edirəm. Fikrimcə, ölkədə bu ada layiq görüləcək ikinci bir şəxs tanımıram.
Bir şeyi də qeyd edim ki, özüm də bu sorğuda iştirak etmişəm və Prezidentin bu ada layiq görülməsi üçün onun adını yazmışam.

Bütün xəbərlər Facebook səhifəmizdə