Azərbaycan-Belarus münasibətləri: dostluq əlaqələrindən strateji əməkdaşlığa doğru
Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 19-da Belarusa rəsmi səfəri iki dövlət arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Bir daha təsdiq olundu ki, Azərbaycan-Belarus münasibətləri möhkəm dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır.
Qeyd edək ki, Azərbaycan Prezidenti indiyədək Belarusa 5 dəfə, Belarus Prezidenti isə Azərbaycana 4 dəfə rəsmi səfər edib. Bundan əlavə ayrı-ayrı vaxtlarda işgüzar səfərlər də edilib. Diplomatiyada və dövlətlərarası əlaqələrdə bu cür münasibətlər nadir hallarda müşahidə olunur. Bu da, ondan xəbər verir ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır. Azərbaycan nümayəndə heyətinin tərkibinin olduqca geniş olması isə dövlətlərarası münasibətlərin və əməkdaşlıq tellərinin kifayət qədər dərin və əhatəli olmasından xəbər verirdi. Geniştərkibli görüşdə hər iki tərəfdən baş nazirin müavinlərinin, xarici işlər, müdafiə, iqtisadiyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, fövqəladə hallar, sosial müdafiə nazirləri, baş prokuror və digər rəsmi şəxslərin iştirakı ikitərəfli əlaqələrin hərtərəfli inkişaf etməsinin nümunəsidir.
Səfər zamanı iki ölkə arasında kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalandı. Ən vacib sənəd dövlət başçıları tərəfindən imzalanmış "Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatı"dır. Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi qeyd olundu. Bu, Ermənistanın təcridinin və münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir. Ermənistanla müttəfiqlik münasibətlərinə malik olan dövlətlər belə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər. Bu, bir daha onu göstərir ki, münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir. Bəyanatın 1-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası və Belarus Respublikası strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində bir-biri ilə əlaqələri inkişaf etdirirlər. 6-cı bənddə göstərilir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumqəbuledilmiş norma və prinsipləri, xüsusilə, dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd etdilər. 7-ci bəndə əsasən, tərəflər ATƏT-in Minsk Qrupunun fəaliyyətinə toxunaraq, bu istiqamətdə gələcək səylərin artırılmasının vacibliyini bildirdilər. 11-ci bənddə isə yazılır: tərəflər beynəlxalq təşkilatlar, o cümlədən, Azərbaycan və ya Belarusun üzv olmadığı beynəlxalq qurumlar çərçivəsində təşəbbüs və namizədlərin qarşılıqlı dəstəklənməsi praktikasının davam etdirilməsi barədə razılığa gəldilər.
Göründüyü kimi, Azərbaycan-Belarus münasibətlərində qarşılıqlı siyasi etimadın formalaşmasının səbəblərindən biri də rəsmi Minskin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu prinsipial mövqe və Azərbaycanın və Belarusun təmsil olunmadığı beynəlxalq təşkilatlarda bir-birlərini dəstəkləmələridir. Məsələn, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir. Bunu Prezident Aleksandr Lukaşenko daim bəyan edir. Minskdə keçirilən birgə mətbuat konfrasında Prezident İlham Əliyev bu barədə deyib: "Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin, ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi, təbiidir. Bütün bunlar dostlar arasında təbiidir".
Hazırda Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq vardır. Səfər çərçivəsində bu məsələ də müzakirə edildi və Azərbaycanla Belarus arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumu imzalandı. Bu Anlaşma Memorandumundan çıxış edərək, Azərbaycana hava hücumundan müdafiə sistemlərinin, hücum təyinatlı sistemlərinin təchiz edilməsi üçün kontraktların imzalanması nəzərdə tutulur. Xatırladaq ki, bundan əvvəl Azərbaycan Belarusdan "Polonez" raket sistemlərini, zirehli texnika və digər hərbi vasitələr almışdır. Birgə mətbuat konfransında Prezident İlham Əliyev bu barədə deyib: "Bizim əməkdaşlığımızın istiqamətlərindən biri də hərbi-texniki sahədir. Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də, təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyili var. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd, ən qısa müddətdə, Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək".
Ümumiyyətlə, Azərbaycan Prezidentinin Belarusa səfəri olduqca məhsuldar və səmərəli keçdi. Prezidentlərin təkbətək görüşündə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından, strateji əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olundu, dövlət başçılarının qarşılıqlı səfərlərinin Azərbaycan-Belarus əlaqələrinin daha da genişlənməsi işinə xidmət edəcəyinə əminlik vurğulandı, eləcə də, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
Bir sözlə, Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr, eyni zamanda, regionun gələcək tərəqqisi ilə bağlı yeni baxışlar formalaşdırır.
"Səs" Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB