Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ( ATƏT) sentyabrın 9-da İsveçdə keçirilən parlament seçkiləri ilə əlaqədar bu ölkəni tənqid edib. AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, ATƏT müşahidəçilərinin bildirdiyinə görə, seçki məntəqələrində bəzi problemlər qeydə alınıb və bunlar öz həllini tapmalıdır.
İsveçdə parlament seçkiləri ilə bağlı sənəd hazırlanıb. Sənəddə deyilir ki, müşahidəçilər səsvermə prosesini, seçki qutularını, habelə ayrı-ayrı partiyalardan olan namizədlərə görə bülletenlərin sayını və bu bülletenlərin seçicilərlə say nisbətini xüsusi səylə yoxlayıblar. Müşahidəçilər İsveçdə səsvermə prosesini yaxşılaşdırmaq üçün altı tövsiyə və təklif irəli sürüblər.
Müşahidəçilərin əsas qınağı səsvermənin məxfilik səviyyəsinin, habelə ayrı-ayrı partiyaların seçki kampaniyalarının maliyyələşdirilməsi sistemində şəffaflığın daha çox təmin edilməsi zərurəti ilə bağlı olub. Hazırda İsveç partiyaları öz gəlirləri barədə yalnız səthi hesabat verirlər. Lakin müşahidəçilər hesab edirlər ki, partiyalar öz xərcləri, habelə onlara məxsus əmlak barədə geniş məruzə təqdim etməlidirlər.
İsveçdə səsvermə bu şəkildə həyata keçirilir: İsveçin seçki məntəqələrində səsvermə zamanı bir neçə bülleten təqdim edilir. Onların birində partiyaların adları, digərində namizədlərin adları göstərilir. Bundan əlavə, seçicinin öz namizədinin adını yaza bilməsi üçün ayrıca masada boş bülletenlər qoyulur.
ATƏT-in məruzəsində vurğulanır ki, bu cür səsvermə şəffaflığı təmin etməyə ciddi problem yaradır. Danimarkalı müşahidəçi Mixael Ostrup Yensen məsələyə münasibət bildirərək deyib ki, o, səsvermənin bu dərəcədə qeyri-demokratik təşkilinə heç yerdə təsadüf etməyib. Bəzi partiyaların üzvləri seçki bülletenləri və onların yayılması ilə bağlı şikayət ediblər. Buna görə də İsveçə bülletenlərin paylanması sistemini təkmilləşdirmək tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB