Əlibəyli Tovuz rayonunun düşmənlə təmas xəttinə ən yaxın kəndidir. Təkcə onu demək kifayətdir ki, düşmən qüvvələri ilə milli ordumuzun mövqeləri arasındakı məsafə 20-40, kəndlə isə 100 metrdir. Burada yaşamaq isə adi həyat tərzindən fərqlənir. SİA-nın bölgə müxbiri xəbər verir ki, Əlibəylidə əhali bacardığı qədər gündüzlər çöldə-bayırda görünmür. Sanki kənd camaatı üçün həyat gecələr başlayır. İnsanların çoxu doğma torpaqlarını ancaq göyün üzünü qaranlıq aldıqda əkib-becərir, mal-qarasını otarır. Kənddə xeyir və şər mərasimləri isə sakinlərin həyatı üçün real təhlükədir.
Kənd sakini Əhməd Şirinov deyir ki, kənddə hər kəs dünyasını dəyişən yaxınını dəfn etmək üçün çətinliklərlə qarşılaşır. "Dünyasını dəyişən şəxsi dəfn etməyə imkan vermirlər. Qaraltı görünən kimi ermənilər atəş açırlar. Ayrıca toy mərasimləridə qurulmur. Bu dəfə səsi eşidən kimi güllə yağışı başlayır. Burada hər dəqiqəmiz ölümdür. Əlimizdən gələni edirik ki, gündüzlər bayıra çıxmayaq. Elə vaxtlar olur ki, kənd saatlarla güllə altında qalır. Milli ordumuzun cavab atəşindən sonra onlar sakitləşir", - deyə digər kənd sakini Pəri Əliyeva əlavə edir.
Bir daha şahidi olduq ki, Avropa Birliyi, ATƏT, Birləşmiş Millətlər Təşkilatı və digər qurumlar üçün susmuş silahlar Əlibəylidə tez-tez sükutu pozur. Ermənistan ordusunun hələ dinc şəraitdə törətdiyi vəhşilik nəticəsində kənddə bəzi evlər dağıdılıb, yandırılıb. Düşmənin gülləsindən qorunmaq üçün mənzillərin pəncərələri kərpiclərlə hörülüb. Biz də gülləyə tuş gəlməmək üçün günəşin batmasını gözlədik. Gecənin qaranlığında isə erməni kəndlərini açıq aydın görmək olurdu.
Beləcə, ermənilərlə sərhəddə yerləşən Tovuzun Əlibəyli kəndində bir gecədə bu cür keçdi. Xoşbəxtlikdən həmin axşam kənddə güllə səsi eşidilmədi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB