“Müharibə hər iki tərəf üçün uyğun olmayan bir həll yoludur" ÖZƏL-MÖVQE
“Ermənistanın daxilində olan gərgin vəziyyət Paşinyanı radikal fikirlər səsləndirməyə sövq edirdi”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.
Onun sözlərinə görə, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşdən dərhal sonra Paşinyan xoş sözlər söyləməyə başladı: “İlk növbədə, Ermənistanın indiki rəhbərliyi bizim prezident səviyyəsində olmayıb və olmayacaq da. Çünki bu görüşdən də hiss olundu ki, Azərbaycan və Ermənistan rəhbərliyi tamamilə fərqli səviyyənin adamlarıdır. İkincisi, adətən ölkə daxilində böhran olarkən dövlət başçıları onu əhalinin fikrini yayındırmaq üçün kənara transfer edirlər. Təbii ki, o radikal çıxışlar da ondan ötrüdür. Dərhal sonra o çıxışlardan imtina edib prosesin sülh yolu ilə həllinə razılıq verməsi və danışıqları davam etdirməsi onu göstərir ki, Ermənistan rəhbərliyi böhran içindədir.
Paşinyanın Azərbaycan rəhbərliyi ilə görüşü onların bir qədər reytinqinin artırılmasına rəvac verdi. Çünki bu gün Azərbaycan dövləti güclüdür və problemini hərbi yolla da həll edə bilər. Amma biz Avropa Şurası qarşısında öhdəlik götürmüşük və ona hər zaman sədaqətli olmuşuq. İndi Ermənistan da Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini yenidən təsdiq etməli oldu. Bütün hallarda müharibə hər iki tərəf üçün uyğun olmayan bir həll yoludur.
Azərbaycan xalqı sülhpərvər xalqdır. Bu gün problemin həlli Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılmasından keçir. Dövlət başçımızın dediyi ki, “xalqımız imkan verməz ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın”. Biz tam yüksək statuslu muxtariyyət verməyə hazırıq. Birinci növbədə işğal olunmuş ətraf rayonlar qaytarılmalıdır, sonra isə status məsələsi müzakirə olunmalıdır. Bütün hallarda bu son görüş Azərbaycanın bir daha diplomatik üstünlüyünü göstərdi. Biz bu yolu davam etdirməklə inşAllah müvəffəqiyətlərə nail olacayıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB