Bu gün Respublikamızda aparılan uğurlu sosial-iqtisadi islahatlar bütün sahələrdə olduğu kimi nəqliyyat sahəsindən də yan keçməyib. Buna paytaxtda, eləcə də rayonlarda tikilən yol ötürücüləri, yeni salınmış körpülər, yollar, yeraltı keçidlərlə yanaşı, yeni avtovağzalların tikilməsini nümunə göstərmək olar. Bu gün inkişafla yanaşı, sözügedən sahədə çatışmazlıqlar da az deyildir.
Belə ki, Qax rayon avtovağzalına gələn hər bir sərnişin özünü qədim avtobusların muzeyində hiss edir desək, yanılmarıq. Sözügedən məkanı, ümumiyyətlə avtovağzal adlandırmaq olmaz. Çünki, bir neçə mağazanın qarşısına toplaşan avtobuslar dayanmağa güclə yer tapırlar. Sərnişinlər isə küçədə gəzişməklə vaxtlarını keçirmək məcburiyyətindədirlər. Avtobusların əksəriyyəti "nuh əyyamından" qalmadır.
Avtobus sürücüləri və sərnişinlərlə apardığımız söhbət zamanı məlum oldu ki, Qax avtovağzalında dəyişiklik etmək istəyənlər var, lakin buna imkan verilmir. Qax rayonundan Zaqatalaya 47 kilometr məsafə olmasına baxmayaraq, bu yolu "PAZ" avtobusları ən yaxşı halda 1, adi halda isə 2 saata qət edirlər. Sürücülərlə söhbətimiz zamanı öyrəndik ki, Qax-Zaqatala marşrutu üzrə gün ərzində cəmi bir mikroavtobus işləyir. Sürücülər və sərnişinlər iddia edirlər ki, bərbad gündə olan Qax avtovağzalı, ümumiyyətlə Qax nəqliyyatı kimlərinsə təsiri altındadır. Odur ki, burada heç kim hər hansı bir yenilik və ya sərnişin rahatlığı üçün iş görə bilməz.
Avtovağzalda olduğumuz müddətdə rəhbərliklə görüşmək cəhdlərimiz nəticəsiz qaldı. Hətta bəzi sürücü və avtovağzal əməkdaşları "guya siz bilmirsiniz bura kimindir, yazmağın faydası olmayacaq" kimi sözlərlə bizə tövsiyyələr də verdilər.
Doğrusu, qaxlıların bu qədər ümidsizliyə qapılmasının səbəbini öyrənə bilmədik. Bir şeyi deməyi özümüzə borc bilirik, ulu öndər Heydər Əliyevin heykəli ucaldılan və müasir tələblərə uyğun salınan parkın yaxınlığında yerləşən, avtovağzal adlanan bu yer Qax rayonunun simasına, inkişafına ləkə deyilmi?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB