On milyard kubmetr Xəzər qazı Türkiyə və Cənubi Avropaya nəql ediləcək
Yenidən qüvvəyə minən ABŞ nın İrana qarşı sanksiyaları Azərbaycanın Xəzərdəki “Şahdəniz-2” yatağında BP şirkəti ilə birlikdə hasilat həyata keçirən İranın NİOC şirkətinə şamil olunmur. Ümumiyyətlə yeni tətbiq olunan sanksiyalar istər hasilatda, istərsə də nəqliyyatda Azərbaycanın xahişi ilə tərəfdaşı olan İran şirkətlərinə, Cənub Qaz Dəhlizi iştirakçı olan İran şirkətlərinə aid deyil.
Onu da qeyd edək ki, BP-nin Şimal dənizində İran Milli Neft Şirkəti ilə birlikdə hasilat apardığı “Rhum” qaz yatağı isə sanksiyalar düşüb və BP nin xahişi nəzərə alınmayıb.
Bu arada, ABŞ-da mənzillənmiş və əsasən enerji sahəsində informasiya mübadiləsi həyata keçirən S&P Global şirkətinin verdiyi məlumatına görə, Cənub Qaz Dəhlizinə ABŞ-ın İrana qarşı sanksiyalarından istisna olunmaq icazəsi verilib. SİA xəbər verir ki, ekspertlər bunu ildə 10 milyard kubmetr Xəzər qazını Türkiyə və Cənubi Avropaya nəql edəcək layihə üçün uğur hesab edirlər. Bu barədə sərəncamın prezident Donald Tramp tərəfindən imzalandığı xəbər verilir. Xəbərdə deyilir ki, Azərbaycanın Şahdəniz qaz yataqlarının işlənməsi üçün sanksiyalardan istisna olunmaq hüququnu BP şirkəti almağa çalışırdı. Belə ki, bu layihə ona görə ABŞ sanksiyalarının təhlükəsi altında idi ki, İranın NICO şirkəti bu layihədə 10 faiz paya malikdir.
Trampın avqustun 6-da imzaladığı istisna sərəncamı BP-nin Şimal dənizindəki Rum yatağına şamil edilməyəcək
Qeyd edək ki, ABŞ-ın noyabrın 4-dən qüvvəyə minəcək sanksiyaları ABŞ-ın maliyyə sistemindən istifadə edən şirkətlərə İranla biznesi qadağan edir. İran neftinin idxalından asılı olan ölkələr ABŞ-dan istisna hüququ almaq üçün səylərini davam etdirirlər.
Digər tərəfdən, o da xəbər verilir ki, Trampın avqustun 6-da imzaladığı istisna sərəncamı BP-nin Şimal dənizindəki Rum yatağına şamil edilməyəcək. Burada da İranın Milli Neft Şirkətinin şərikliyi var. Belə ki, BP-nin ötən il bu yatağı Serica Energy şirkətinə satmaq barədə saziş imzalaması da ABŞ sanksiyalarından kənarda qalmaq məqsədi güdür.
Xəbərdə həmçinin deyilir ki, Trampın sərəncamında konkret olaraq Şahdənizin adı çəkilmir və söhbət yalnız “təbii qaz layihəsindən” gedir. Buna baxmayaraq, sərəncamda əsas olaraq İran Təhlükəsinin Azaldılması və Suriya İnsan Haqları Aktı 2012-ci il tarixli ABŞ qanunu göstərilir. Artıq bu qanunda konkret olaraq “təbii qaz yataqlarının inkişaf etdirilməsinə və qazın Azərbaycandan Türkiyə və Avropaya nəqlinə” sanksiyalardan güzəşt nəzərdə tutulur.
Vaşinqton işarə edib ki, bu sanksiyalardan bir sıra zəruri istisnalar mümkündür
Londonda mənzillənmiş Argus Media Enerji informasiya saytı isə yazır ki, ABŞ-ın İranın enerji sektorunu hədəfləyən sanksiyalarından Azərbaycanın Şahdəniz yatağından qazın nəqlinə istisna veriləcək.
Qanunda deyilir ki, bu qaz kəməri Türkiyə və Avropanın enerji təhlükəsizliyini gücləndirməli və Rusiyadan enerji asılılığını azaltmalıdır.
ABŞ-ın İrandan neft alan ölkələrə qarşı sanksiyaları qlobal bazarda neft təchizatını günə bir milyon barel azaltmalıdır. ABŞ hökuməti dünya ölkələrini İrandan neft idxalını sıfıra endirməyi tələb edir, lakin Vaşinqton işarə edib ki, bu sanksiyalardan bir sıra zəruri istisnalar mümkündür.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB