İlqar Orucov: “Köhnə adətlərindən əl çəkmirlər” AÇIQLAMA

İlqar Orucov: “Köhnə adətlərindən əl çəkmirlər” AÇIQLAMA

"Beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi ilk növbədə Azərbaycanın dünyada tanıdılması işinə hesablanmış uğurlu siyasətin tərkib hissəsidir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. Onun sözlərinə görə, bu tip hadisələr Azərbaycanı dünyada sivil ölkə kimi tanıdır, xalqımızın mədəni imicinin yüksəldilməsinə xidmət edir: "Müstəqilliyimizin yaşı çox qısa olsa da artıq inamla, qürurla biz Azərbaycanın dünyanın hər yerində tanındığını söyləyə bilərik. Dünyanın ən böyük tədbirlərinə, idman yarışlarına, forumlara, mədəni tədbirlərinə, elmi toplantılarına ev sahibliyi etmək üçün, bu cür layihələri reallaşdırmaq üçün əlbəttə təkcə istək kifayət etmir. Bunun üçün güclü iqtisadi resurslar, ictimai-siyasi sabitlik, ölkədə mövcud olan infrastrukturların olması vacibdir. Azərbaycan qısa müddətdə bu resursları ortaya qoya bildi və ən mürəkkəb, çətin, formatca ən geniş platformaların ölkədə reallaşmasına nail ola bildi. İlk növbədə bu uğurlar ölkənin siyasi rəhbərliyinin güclü iradəsinin, ağıllı yanaşmasının və böyük uzaqgörənliyinin nəticəsi sayılmalıdır. Həm də xalqımızın böyük potensiala malik inkişaf etmiş xalqlardan olması da vurğulanmalıdır. Avrovizion musiqi yarışması keçiriləndə bədxahların həm xaricdən və həm də daxildən olan müəyyən qüvvələrin hansı hoqqalardan çıxaraq ölkəmizin imicini ləkələmək cəhdlərini biz yaxşı xatırlayırıq. Bunlar uzaq tarix deyil. Formula yarışları zamanı da bu cür iyrənc kompaniyalara əl atıldı. Və hər bir beynəlxalq tədbir keçiriləndə analoji addımları atırlar, hətta bir çox hallarda konkret təxribatların, terrorların, silahlı qarşıdurmaların həyata keçirilməsinə qədər planlar da olubdur. Və bütün bu əməllər ölkəmizin gücü qarşısında, onun rəhbərinin dəmir iradəsi nəticəsində, hüquq-mühafizə orqanlarımızın ayıq-sayıqlığı nəticəsində, xalqımızın birliyi qarşılığında iflasa uğrayıblar və əminəm ki, hər zaman da bu belə olacaqdır. Bütövlükdə, ölkəmizin beynəlxalq tədbirlərə ən yüksək səviyyədə, öz standartlarını müəyyənləşdirməklə ev sahibliyi etməsi ənənəsi artıq formalaşmışdır və bu gün xarici səfərlərdə Azərbaycanın məhz bu səpkidən nə qədər tanındığının şahidləriyik. Azərbaycan məhz bu tipli tədbirlərin sayəsində dünyada mədəni, sivil, stabil və turistik bir ölkə kimi tanınmışdır. Xatırlayıram biz ilk dəfə "Dünya Gənc Alimlərinin I Beynəlxalq Bakı Forumu"nu keçirəndə Azərbaycan haqqında nə qədər yanlış streotiplərin mövcud olduğunu gördük. Və forumdan sonra bu streotipləri bütövlükdə qıra bildik. Hazırda həmin forumda iştirak edən 98 ölkənin gənc alimləri artıq ölkəmizin sülhməramlı səfirləri qismində Azərbaycandan, onun paytaxtı Bakıdan, regionlarının inkişafından hər yerdə danışırlar. "Jara-2018" Beynəlxalq Musiqi Festivalı barədə də anti-milli qüvvələrin apardığı kompaniya, bu kompaniyalarda radikal müxalifətin aktiv rol oynaması da köhnə adətlərindən əl çəkməməkdən, ölkəmizin uğurlarından əndişələnmək xəstəliyindən irəli gəlir. Hesab edirəm bu festival da uğurla yekunlaşacaq və bu qüvvələrin, onların xaricdəki havadarlarının istəkləri növbəti dəfə ürəklərində qalacaqdır".

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə