Səfir Herbert Kvellen bu gün Göygöl rayonunda olub

Səfir Herbert Kvellen bu gün Göygöl rayonunda olub

Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Kvellen bu gün Göygöl rayonunda olub. SİA-nin bölgə müxbiri xəbər verir ki, qonağı ilk olaraq rayonun icra başçısı Arif Seyidov qəbul edib. O, diplomata rayonun tarixi, coğrafi mövqeyi, iqtisadi imkanları barədə geniş məlumat verib. Xüsusilə ötən əsrdə burada məskunlaşan almanların həyat tərzi, yaşayış səviyyəsi haqqında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra səfir rayonla tanış olub. Diplomata səfirin həmvətənlərindən yadigar qalan, bu günə kimi tarixi abidə kimi qorunan kilsə haqqında məlumat verilib. Səfir burada nümayiş etdirilən eksponatlara baxıb.

Qeyd edək ki, eksponatlar arasında rayonda yaşayan almanlara aid maiddi mədəniyyət nümunələri, fotoşəkillər var. Göygöl rayonuna səfərindən məmnun qaldığını dilə gətirən Herbert Kvellen gördüklərindən təsirləndiyinidə gizlətməyib.

"Burada olmağımdan çox şadam. Sevinirəm ki, Azərbaycanın bir bölgəsində kiçik Almaniya var. Viktor Kreyenin evində oldum. Belə evlərə Göygöl rayonunda çox rast gəlmək olur", deyə səfir bildirib.

Almaniyalı diplomat daha sonra Göygöl Şərab Zavodunada baş çəkib. Müəssisənin fəaliyyəti, istehsal gücü ilə maraqlanıb. Həmçinin yeni iqtisadi əlaqələrin qurulmasının mümkünlüyü haqqında danışıb.

Səfirin Göygöl rayonuna səfəri başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə