Region dövlətləri Ermənistanın separatçı siyasətinə qarşı birləşməlidirlər
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) "Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi" mövzusunda Beynəlxalq Konfrans keçirib. SİA xəbər verir ki, Beynəlxalq Konfransda Dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri və xarici ölkə səfirliklərinin nümyəndələri media və QHT rəhbərləri, ziyalılar, tələbələr iştirak edib.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov Azərbaycanın ərazi bütövlüyünün pozulması və bir milyondan artıq məcbur köçkün həyatı yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi istiqamətində dünya birliyini ciddi qərarlar qəbul etməyə çağırıb, Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz Regionuna ciddi təhdid olduğunu bildirib.
Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Ermənistanın Cənubi Qafqazda xalqların təhlükəsizliyinə qarşı davam etməkdə olan təhdid siyasətinin aradan qaldırılması istiqamətində region dövlətlərinin bir araya gəlməsinin vacibliyini vurğulayaraq beynəlxalq ictimaiyyətin ədalətsiz qərarlarına etirazını bildirib. Komitə sədri bildirib ki, nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyib, Cənubi Qafqazda xalqların dinc və yanaşı yaşaması məsələsi sual altında qalır.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə “Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar prosesində vəziyyəti” mövzusunda məruzə edib və bildirib ki, danışıqlar prosesi davam etdirilirsə də, Ermənistan tərəfinin ənənəvi separatizm siyasəti bu danışıqların effektivliyinə mane olur.
"Ermənistan-Azərbaycan-Dağlq Qarabağ münaqişəsinin həlli yeni mərhələdə" mövzusunda məruzə ilə çıxış edən və Ermənistandakı hakimiyyət dəyişikliyinin prosesi müsbət istiqamətdə aparmalı olduğunu bildirən Millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov isə vurğulayıb ki, Ermənistan tərəfi bu münaqişə nəticəsində özlərini pis duruma saldıqlarını və Ermənistanda faktiki olaraq, iqtisadi və siyasi böhran olduğunu anlamalıdır və bu da Ermənistanı süquta apardığını bilməlidir.
Məruzə ətrafında Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov, Millət vəkili, politoloq Rasim Musabəyov, Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva, Millət vəkili, politoloq Aydın Mirzəzadə, türkiyəli alim və ekspert Çiğdəm Şahin, politoloqlar Nəzakət Məmmədova və Mübariz Əhmədoğlu cıxış edərək bildiriblər ki, Ermənistanın Cənubi Qafqaz xalqları üçün davam etdirdiyi aqressiv, antihumanist siyasətinin qarşısının alınmasında beynəlxalq təşkilatlar, diaspor qurumları, vətəndaş cəmiyyətləri fəal olmalı, erməni separatzminin qarşısının alinmasında yaxından iştirak etməlidirlər.
Millət vəkilləri və politoloqlar cıxışlarında Ermənistanın danışıqlarda sərgilədiyi qeyri-konstruktiv mövqeyinin özlərinin əleyhinə işlədiyini, siyasi və iqtisadi tənəzzülə gətirib cıxardığını konkret faktlarla konfrans iştirakçlarının diqqətinə çatdırıblar.
Sonra məruzələr ətrafında çıxışlar davam etdirilib.
Tədbirin sonunda Beynəlxalq Konfransın iştirakçıları adından Ermənistanın Cənubi Qafqazda separatizm siyasəti və regionun təhlükəsizliyinə dair Bəyanat qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB