Əli Kərimlinin “dezoları” onu xilas edə bilməyəcək TƏRS BAXIŞ

Əli Kərimlinin “dezoları” onu xilas edə bilməyəcək TƏRS BAXIŞ

AXCP sədrinin yalan-palan siyasəti onun ifşasını daha da sürətləndirir

AXCP sədri Əli Kərimlinin sosial şəbəkədə, yaxud xarici ölkələrdə fəaliyyət göstərən media qurumlarında dezinformasiya xarakterli məlumatlar tirajlaması əslində onun yalan-palan siyasətini daha çox ifşa edir. Belə ki, bu məsələdə ona dəstək göstərən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin dezinformasiya xarakterli məlumatı əvvəlcə bir, sonra isə tamamilə başqa cür istiqamətə yozması da belə deməyə zəmin yaradır ki, artıq siyasi arenada qalmaq üçün başqa vasitə tapa bilməyən Kərimli yalançı hay-harayları ilə divident qazanmağa çalışır. Məsələn, məhz Ə.Kərimlinin tapşırığı əsasında Q.Zahidin AXC-Müsavat iqtidarı zamanı Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmovla bağlı “informasiyası” qısa zamanda yalanlandı.

Əli Kərimlinin yalanlarına AXCP və “Milli Şura”dan da etirazlar edilir

Xatırladaq ki, Q.Zahid özünün “facebook” səhifəsində Əbülfəz Elçibəy hakimiyyəti zamanı Gədəbəyin icra başçısı olmuş, bu yaxınlarda həbs olunmuş S.Rüstəmovun guya ki, təcridxanada öldüyünə dair məlumat yaymışdı. Lakin çox keçmədi ki, bu xəbər yalan çıxdı. Nəticədə öz yalanlarını ört-basdır etmək üçün Q.Zahid Ə.Kərimlinin “b” planını işə salaraq iddia etdi ki, demə S.Rüstəmova “işgəncə” verilirmiş (?!-R.N.)

Yeri gəlmişkən, artıq bu tipli “dezolar” ifşa olunduqca, AXCP və “Milli Şura” daxilindən də narazılıqlar başlayır. Etiraz edənlər bu cür yalan xəbərlərin yayılmasının həbsdə olan insanın ailəsinə pis təsir etdiyini deyirlər və bu cür çirkin siyasət aparmağın yolverilməz olduğunu bildirirlər.

Həbsdə olan birinin yalançı ölüm xəbərinin yayılmasının ailə üzvlərinə verdiyi stress, yaşatdığı həyəcan Əli Kərimli dəstəsinin marağında deyil

Həmçinin, deyə bilərik ki, həbsdə olan birinin yalançı ölüm xəbərinin yayılmasının ailə üzvlərinə verdiyi stress, yaşatdığı həyəcan Ə.Kərimli dəstəsinin marağında deyil. Düzdür, əsas hədəf olaraq Q.Zahid götürülür, ancaq fakt budur ki, o bilavasitə Ə.Kərimlinin sifarişi ilə hərəkət edir. Ümumiyyətlə, AXCP sədrinin adı olan yerdə qarışıqlıq salmaq, cəmiyyətdə xof, ajiotaj yaratmaq məqsədi dayanır. Fəqət, AXCP sədri digər faktı unudur ki, bu tip “dezolar” onun əleyhinə işləyir. Çünki cəmiyyət bu tip yanaşmanı - insanların taleyindən, həyatından siyasi maraqlar naminə istifadə etməyi qəbul etmir, əksinə belə xəbərləri yayanlara ikrah hissi ilə baxır, nifrət edirlər.

Beləliklə, Ə.Kərimlinin növbəti oyunbazlığı ona kəskin zərbə vurdu və bu gün onun bənzər hərəkətlərinə hətta “Milli Şura” daxilindən də etirazlar edilirsə, demək ki, onun siyasi sonu get-gedə daha da yaxınlaşır. Hər halda, dezinformasiya, yalan və ajiotaj üzərində qurulan “siyasətin” nəticəsi də belə olmalıdır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə