Hüseyn Bağırov: “Xəzər dənizinin bioehtiyatlarının artırılması üçün müəyyən məhdudiyyətlərə getmək olar” - MÜNASİBƏT
"Biz istərdik ki, nərə balıqlarının ovuna qoyulan qadağanın müddəti 5 il yox, daha çox olsun". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantısında nərə balıqlarına qoyulan qadağaya münasibət bildirərkən deyib.
Digər balıqların 5 il müddətində təkrar istehsalının, yetişdirilməsinin mümkün olduğunu deyən nazir nərə balıqlar üçün daha uzun müddətin tələb olunduğunu qeyd edib: "Bu balıqlar 8-10 ilə yetişdirilir. Komissiyalara bununla bağlı tapşırıqlar verilib. Əsas məqsəd odur ki, bu balıqlar öz təbii vəziyyətinə qaytarılsın. Bu balıqların yetişdirilib dənizə buraxılması prosesi davam etdirilməlidir. Burada söhbət 4 növ nərəkimilərdən gedir".
Nazir qadağanın balıq sənayesi müəssisələrinə də müəyyən təsir edəcəyini vurğulayıb: "Bu məsələdə dövlət başçıları da razılığa gəliblər. Balıq sənayesi bu ölkələrin iqtisadiyyatında mühüm rol oynamır. Xəzər dənizinin bioehtiyatlarının artırılması üçün müəyyən məhdudiyyətllərə getmək olar. Bu qadağa brokonyerlərə qarşı mübarizədə də kömək edəcək".
H.Bağırov brokonyerlərə qarşı mübarizə qaydalarının sərtləşdirilməsinin də tərəfdarı olduğunu diqqətə çatdırıb: "Biz təkliflər vermişik ki, qanunsuz heyvan saxlayanlara qarşı 3-4 min manatlıq cərimələr tətbiq olunsun. Qayda pozuntuları təkrarlanarsa həmin şəxs həbs olunsun. Başa düşsün ki, qaydanı pozmaq olmaz. Baxaq görək, təkliflərimiz qəbul olunacaqmı? Təkliflərimiz İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi və bir sıra başqa nazirliklərdən keçir".
Son dövrlər meşə massivlərinə yaxın kəndlərə canavarların hücumuna və canavarların öldürülməsinə də toxunan nazir bildirib ki, əslində belə bir vəziyyəti insanların özləri yaradıb: "50 il, 30 il bundan əvvələ baxaq. O zaman da canavarlar var idi. Məsələ bundadır ki, insanlar vəhşi təbiətə daha çox nüfuz etməyə başlayıblar, vəhşi heyvanların yaşayış sahələrini daraldıblar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB