“Heydər Əliyevin Azərbaycançılıq ideologiyası milli birlikdir" MÜNASİBƏT

“Heydər Əliyevin Azərbaycançılıq ideologiyası milli birlikdir" MÜNASİBƏT

“Ulu öndər Heydər Əliyev ölkədə və dünyada yaşayan azərbaycanlılar arasında milli birliyin yaradılması, dünyanın harasında yaşamasından asıllı olmayaraq öz milli–mədəni köklərinə bağlılığının unudulmaması və hər bir soydaşımızı düşündürən və qürur mənbəyi olan Azərbaycanın güclənməsi naminə Azərbaycançılıq ideologiyasının təbliğ edilməsinin vacib olduğunu bildirmişdir. Heydər Əliyev demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, dünyada yaşayan 50 milyondan çox azərbaycanlını birləşdirən bir amal Heydər Əliyevin Azərbaycançılıq ideologiyası olub: “Məhz ona görə də Ulu Öndər xaricdə yaşayan azərbaycanlılarla iş aparmaq, onların Vətənə bağlılığını artırmaq üçün Diasporla İş üzrə Dövlət Komitəsi yaratdı. 1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan.

"Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olub.

Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Ulu Öndərin bünövrəsini qoyduğu Azərbaycançılıq ideologiyası ətrafında birləşən soydaşlarımız milli –etnik mənsubiyyətindən asılı olmayaraq Vətənlə bağlı insanların sayını günü-gündən artırır. Heydər Əliyevin Azərbaycançılıq ideologiyası milli birlikdir, həmrəylikdir və bu birlik məhz Azərbaycanın dünyada böyüklüyünü artır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə